Cənubi Koreyada indiyədək minlərlə insan "tabuta girmə" müalicəsi alıb
06.11.2019 13:32 Gündəm

Cənubi Koreyada indiyədək minlərlə insan "tabuta girmə" müalicəsi alıb

Cənubi Koreyada cənazə şirkətinin 7 il əvvəl təşkil etdiyi "canlı cənazə" müalicə seanslarına indiyə qədər 25 mindən çox insanın qatıldığı bildirilir.

Mediapost.az "Reuters"ə istinadən xəbər verir ki, seanslarda iştirak edənlər "həyatlarının dəyərini anlamaq" məqsədilə xalat geyərək 10 dəqiqə müddətində tabutun içərisində qalır.

Paytaxt Seulda yerli şirkətlərdən birində təşkil olunan metoddan yetkinlik yaşından başlayaraq hər bir yaş qrupunun aid insanlar qatıla bilər.

Seanslardan birində iştirak edən Choi Jin adlı universitete tələbəsi həyata baxışının dəyişdiyini bildirib:

"Cəmiyyətdə get-gedə rəqabət mühiti genişləndiyindən çevrəmizdəki insanlar bir-birini dost kimi deyil, rəqib kimi görür. Tabutun içinə girəndə isə bunun nə qədər mənasız olduğuna varırsan".

75 yaşlı Cho Jae-hee adlı koreyalının fikrincə, tabutdan çıxdıqdan sonra insan anlayır ki, yaxşı həyat üçün ölümə hazırlıqlı olmalıdır: "Bu seans bizə dünyadan ən yaxşı şəkildə ayrılmağın zəruriliyini öyrədir".

Seansları təmənnasız təşkil edən şirkət sahibi mətbuata açıqlama verərkən bildirib ki, bu metod insanlarda bağışlanmaq istəyini, ətrafına güzəştə getməyi, həyatlarının qiymətini bilməyi aşılayır:

"Ailə üzvlərinin yas mərasimlərində insanların hər şeyi unudub necə barışdıqlarının şahidi oluruq. Amma bunun üçün uzun müddət gözləmək üzücüdür. Qısa zamanda səhvlərimizə görə, üzr istəmək, müxtəlif mövzularda güzəştə getmək üçün bu seansalara qatılma çox əhəmiyyətlidir".

Cənubi Koreya 40 ölkə sırasında həyat keyfiyyətinin indeksinə görə 33-cü sıradadır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, C.Koreyada baş verən intihar hadisələri digər ölkələrlə müqayisədə iki dəfə çoxdur.

Xəbərlər departamenti

Gündəm