Çində oxuyan tələbələrin müraciətinə XİN-dən cavab
10.02.2020 12:06 Gündəm

Çində oxuyan tələbələrin müraciətinə XİN-dən cavab

Bir neçə gün əvvəl Çinin müxtəlif bölgələrində yaşayan azərbaycanlı tələbələr saytımız vasitəsilə müraciət yaydılar. Onlar bütün ölkə ərazisinə yayılmış epidemiyaya görə apteklərdə tibbi maska və spirt tapılmadığını, virusdan qorunmaq üçün Azərbaycan dövlətindən kömək gözlədiklərini bildirdi.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva söyləyib ki, həmyerlilərimizlə hazırkı mərhələdə Azərbaycanın Çindəki səfirliyi məşğul olur:

“Bizim Çin Xalq Respublikasındakı səfirliyimiz Çinin müxtəlif bölgələrində yaşayan bütün vətəndaşlarımızla, o cümlədən tələbələrlə davamlı təmasdadır və onların lazımi bütün ehtiyaclarının qarşılanması istiqamətində addımlar atılır. Digər bütün tədbirlər də səfirliyimiz vasitəsilə Çin hökuməti tərəfindən əlaqəli şəkildə nəzərdən keçirilir. Yəni məsələ ciddi nəzarət altındadır”.


Oxu: Çindəki tələbələrimiz: "Bura çox risklidir, bizə kömək lazımdır" - VİDEO


Qurum rəsmisinin sözlərinə görə, Azərbaycandan Çinə yardım göndərilməsi məsələsi əvvəlcə Çin hökuməti ilə razılaşdırılmalıdır:

“Yəni Çin hökuməti hazırkı vəziyyətdə nə dərəcədə kənardan yardım qəbul etməyə hazırdır və yaxud da bunun üçün açıqdır birinci növbədə bu öyrənilməlidir. Təbii ki, Çin hökuməti də öz növbəsində sözügedən məsələ ilə bağlı məlumat yaymalıdır”.

Xəbərlər departamenti

Gündəm