Çində yaşayan tələbəmizdən maraqlı faktlar: "Ölkəyə qayıtmağı düşünmürəm" - MÜSAHİBƏ
03.02.2020 10:28 Fikirlər

Çində yaşayan tələbəmizdən maraqlı faktlar: "Ölkəyə qayıtmağı düşünmürəm" - MÜSAHİBƏ

Son günlər bütün dünyanın diqqəti yeni növ koronavirusun yayıldığı Çinə yönəlib. Sözügedən ölkədə xeyli sayda Azərbaycan vətəndaşlarının olması da insanlarımız arasında narahatlıq yaranır. Müsahibimiz Çinin Zhejiang Normal Universitetinin tələbəsi Səməd Azadlı Çinlə bağlı “MediaPost”un suallarını cavablandırıb.

- Bir az özünüzdən bəhs edin. Niyə təhsil üçün məhz Çini seçdiniz?

- Hazırda Çinin Zhejiang əyalətində yerləşən Jinhua şəhərində yaşayıram və burada MBA təhsili alıram. Çinə gəlməyi planlaşdıranda bilirdim ki, mənim üçün çətinliklər olacaq. Çin çox fərqli ölkə olduğuna görə düşünürdüm ki, bura uyğunlaşmaq bir qədər çətin olacaq. Halbuki heç də fikirləşdiyim kimi olmadı. Qısa müddətdə adaptasiya ola bildim. Amma demək olar ki, Çində adət-ənənə, yemək, həyat tərzi və s. Azərbaycan və Türkiyəyə görə çox fərqlidir. Süni zəka ilə bağlı məqalələrin bir çoxunun müəllifi çinlilərdir.

Çində yaşayan tələbəmizdən maraqlı faktlar: Ölkəyə qayıtmağı düşünmürəm

Bura gələn azərbaycanlıların əksəriyyəti təbii ki, Çin barədə məlumatlıdır, burada hər şeyin fərqli olduğunu bilirlər. Ölkədə komfort zonası yaratmaq çox çətindir. Burada işdə, təhsildə və s. mütləq daimi çalışmaq lazımdır.

- Çin məsafə və mədəniyyət baxımından Azərbaycana çox uzaqdır. Bu ölkəyə getmək istədiyinizi deyəndə ailəniz necə qarşıladı?

- Əgər bir gənc uğur qazanırsa, mütləq ki, bunun əsas qaynağı ailəsidir. Ailəm mənə sonsuz güvəndiyi üçün verdiyim bütün qərarlarımla razılaşıblar. Təbii ki, həm darıxmaq, həm də sağlamlığım baxımından müəyyən narahatlıqları olub, amma heç vaxt mənə əngəl yaşatmayıblar.

- Orda necə dolanırsınız? İşləyirsinizmi ?

- Çində təhsil alarkən paralel olaraq işləmək qeyri-mümkündür. Təhsil alan şəxs işlədiyi zaman tutulsa, deportasiya edilə bilər. Burada hər kəsin kiçik də olsa, biznesi olur. Azərbaycanlılar və ya digər xarici ölkə tələbələri olaraq bəzi şirkətlərə, fabriklərə marketinq xidməti göstəririk. Amma əksər tələbələrin daimi iş yeri yoxdur.

Çində yaşayan tələbəmiz maraqlı faktlardan danışdı:

- Universitetdən aylıq təqüd alırsınızmı?

- Burada dövlət hesabına oxuyan kifayət qədər tələbələr var. Sadəcə mən şəxsi qəbul göndərdiyim üçün təhsil haqqında 50 faiz endirim qazanmışam. Çinə gedib gəlmək üçün digər ölkələrə - Türkiyəyə, Avropa ölkələrinə nisbətən daha çox xərc tələb olunur. Bu da məsafənin uzaqlığı ilə bağlı olduğu üçün başadüşüləndir.

- Çin təhsil sisteminin ən önəmli xüsusiyyəti nədir?

- Ən önəmli xüsusiyyət budur ki, dərslərin 50 faizi universitetdə keçirilirsə, 50 faizi hansısa fabrikdə, şirkətdə, oteldə tədris olunur. Bunu nə Azərbaycanda, nə də Türkiyədə görmüşəm. Dərs zamanı böyük bir müəssisəyə gediriksə, həmin otelin və yaxud şirkətin rəhbərlərinə, şöbə direktorlarına öz suallarımızı veririk, onların strategiyasını öyrənirik. Məncə, bu, Çində təhsilin ən mükəmməl tərəfidir. Beləliklə, əlaqələrimiz böyüyür, biznes imkanlarımız artır.

Ekonometriya üzrə Türkiyədə bakalavr təhsili almışam. Çindəki təhsil Türkiyəyə nisbətən çox da güclü deyil deyə düşünürəm. Amma daha çox praktika və müəllimlərin öz təcrübələrini bizimlə bölüşməsi bizim daha asan şəkildə öyrənməyimizə səbəb olur.

- Bəs Çin dilini öyrənirsinizmi?

- Təbii ki, əsas məqsədlərimdən biri Çin dilini öyrənməkdir. Onsuz da burada məzun olarkən Çin dilini bəlli bir səviyyədə bilmək və sertifikat almaq şərtdir. Bütün imtahanlardan uğurla keçsək belə, diplom almaq üçün Çin dili sertifikatı mütləqdir.

- Çində, xüsusilə Jinhuada xarici vətəndaşlara, o cümlədən azərbaycanlılara qarşı münasibət necədir?

- Çində xaricilər həddən artıq çox sevilir. Yolda gedərkən sizinlə fotoçəkdirmək istəyənlər, sizə maraq göstərənlər çox olur. Bir az da Avropa təfəkkürünə maliksinizsə, insanlar üçün daha maraqlısınız.

Çində yaşayan tələbəmiz maraqlı faktlardan danışdı:

- Bəs orada Azərbaycanı tanıyırlarmı?

- Çində yaşlı nəsil SSRİ-yə görə Azərbaycanı tanıyır. Təəssüf ki, gənc nəsil Azərbaycan haqqında məlumatlı deyil. Amma biz əlimizdən gəldiyi qədər ölkəmizi tanıtmağa çalışırıq. Məsələn, universitetdə ayrı-ayrı ölkələrin mədəniyyət günləri keçirilir və hər bir ölkənin nümayəndələri öz mədəniyyətlərini, yeməklərini, bir sözlə ölkəsini tanıtmağa çalışır. Hətta keçən il azərbaycanlı tələbələr 100-ə yaxın ölkə arasında birinci yerə çıxmışdılar. Eynilə biz də Azərbaycanı digər ölkələr və əsas da çinlilərin yanında tanıtmaq istəyirik.

- Təhsilinizi tamamladıqdan sonra ölkəyə qayıtmağı düşünürsünüzmü?

- Xeyr, hələ ki, uzun müddət Çində yaşamağı planlaşdırıram. Doktorantura oxumaq və biznes qurmaq kimi planlarım var.

- Çinlə bağlı bütün dünyaya məlum olan məsələlərdən biri də orada uyğurlara işgəncə edilməsidir. Belə bir hadisənin şahidi olmusunuzmu?

- Jinhuada kifayət qədər uyğur restoranları var və normal şəkildə işlərini görürlər. Belə informasiyalar dünyanın hər yerində var. Amerika hinduları qırıb, Myanmarda, Hindistanda müsəlmanlar öldürülür, fransızlar əlcazairlilərə pis davranır və s. Əsas ölkənin içində yaşayanda görürsən ki, bu məlumatlar hansı dərəcədə doğru və ya yanlışdır. 5-10 il əvvələ qədər xarici mətbuatda yazırdılar ki, türklər kürdləri qırır. Halbuki belə bir şey yoxdur. Hazırda vəziyyətin bu qədər ajiotaj yaratmasına səbəb də xarici mətbuatdır. Reytinq xətrinə hər şeyi şişirdirlər.

Mənim gördüyüm qədərilə uyğurlar burada hər bir çinli ilə eyni hüquqlara sahibdir.

- Azərbaycandan qayıdanda çinli dostlarınıza buradan nə aparırsınız?

- Təbii ki, dolma və Azərbaycana aid analarımzın bişirdiyi şirniyyatlardan, mürəbbələrdən aparıram. Onlar üçün fərqli dad olsa da, çox bəyənirlər.

- Çin mətbəxi bizim yeməklərdən çox fərqlidir. Orada qidalanmaqda çətinlik çəkirsinizmi?

- Daha çox antrikot, krivetka, eləcə də bizim dildə adlarını doğru-dürüst bilmədiyim dəniz məhsulları yeyirəm.

Çində yaşayan tələbəmizdən maraqlı faktlar: Ölkəyə qayıtmağı düşünmürəm

- Bəs koronavirusun yayılmasına səbəb olduğu deyilən yarasa supu orada sevilirmi?

- Yarasa supu o qədər də populyar yemək deyil. Ümumiyyətlə, mənim ətrafımda yarasa, it, pişik, siçan yeyən çinlilər yoxdur. Jinhuadakı çinlilərin təxmini 50 faizi vegeterian olur, ümumiyyələ ət yemirlər. Buradakı təxmini 10-20 faizilik bir qisim hər şeyi yeyir, geri qalanlar qoyun, mal, donuz və əsas da dəniz məhsulları ilə qidalanır.

- Jinhua koronavirusun yayıldığı Uxan şəhərinə yaxındırmı?

- Jinhua Çinin şərqində yerləşir, 5.3 milyon əhalisi var. Bura Uxan şəhərindən 650 km məsafədə yerləşdiyi üçün vəziyyət qorxulu deyil. Bildiyim qədərilə burada, yəni əyalətdə koronavirusa ümumilikdə 50 nəfər yoluxub, amma hələ ki ölən yoxdur.

- Ölkəyə qayıtmağınız koronavirusla əlaqədardır?

- Mart ayına qədər dərslər olmadığına görə Azərbaycana qayıtdım. Çin dövləti tərəfindən ölkəmizə qayıtmaqla bağlı heç bir xəbərdarlıq göndərilməyib. Universitetdən də dedilər ki, istəsəniz, gedə və ya qala bilərsiniz. Səfirliyimiz də daimi bizimlə əlaqə saxlayıb.

- Bəs Junhiada ümumi panika müşahidə etmisinizmi?

- Çinlilər arasında qəti şəkildə təşviş yoxdur, çox rahatdırlar. Bunların rahatlığına hətta mən də heyran qalmışam. Bəziləri var ki, heç maskadan istifadə etmir.

- Sonda əlavəniz varmı?

- Media hər şeyi çox şişirdir. Yayılan xəbərləri insanları, xüsusilə övladları Çində yaşayan ailələri çox narahat edir. Bunu nəzərə alsalar, yaxşı olar.

Bakıya qayıdan müsahibimiz bildirib ki, karantinə aparılmayıb və hazırda evdədir.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm