Çində yayılmış epidemiya Azərbaycana marağı artıra bilər
03.03.2020 09:58 İqtisadiyyat

Çində yayılmış epidemiya Azərbaycana marağı artıra bilər

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı son aylarda Çindən yayılmağa başlayan və rəsmi adı COVİT-19 olan virusun iqtisadiyyata təsirləri mövzusunda suallara cavab verib.

"MediaPost" xəbər verir ki, Azərbaycan üçün yaranmış qlobal şokun nələr vəd etdiyi barədə Vüsal Qasımlı aşağıdakıları bildirib:

Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır. Qlobal miqyasda baş verən bütün proseslər, o cümlədən, mənfi təmayüllər ölkəmizə təsir göstərir. Ticarət, nəqliyyat, logistika, turizm və s. kimi sahələrin daha çox təsirlənmə ehtimalı var. Koronovirusun Azərbaycan iqtisadiyyatına təsirləri qlobal miqyasda gedən proseslərdən asılı olacaqdır. Bunun üçün hökümət koronovirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri görür. Bunun üçün cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb.

Forbes jurnalı yazır ki, koronavirus səbəbindən Çin dünyada istehsal sahəsində hab funksiyasını itirə bilər. Koronovirus böhranından sonra transmilli şirkətlər dəyər zəncirlərini Vyetnam, Banqladeş və başqa Asiya ölkələrinə keçirmək barədə düşünürlər. Azərbaycan kimi sabit, enerji daşıyıcıları və əmək qüvvəsi ucuz olan, habelə infrastrukturu inkişaf edən ölkələrin yaranmış vəziyyətdən istifadə edərək dəyər zəncirlərində iştirak payını artırmaq imkanları var. Məsələn, ABŞ-la yeni ticarət müqaviləsi imzalamış Meksika Çinin “qlobal fabrik” kimi mövqeyinin zəifləməsindən istifadə edib, “mavi yaxalıq bum”una (blue collar boom) hazırlaşır.

Əlbəttə, bundan əvvəlki ebola, SARS və başqa xəstəliklərdə olduğu kimi COVİT-19 adlanan bu virusun da yayılma miqyası və yan təsirləri bəlli bir kuliminasiya nöqtəsinə kimidir. Qlobal və milli səviyyədə yaranan itkilər kuliminasiya nöqtəsindən sonra bərpa olunacaq. Azərbaycan dövləti də bu qlobal şokun təsirini azaltmaq, daha az itki verməklə dövrü geridə qoymağa çalışır. Bunun üçün vacib şərtlərdən biri də virusun özündən də sürətlə yayılan informasiya ilə manipulyasiya etməməkdir. Çünki panika bəzən problemin miqyasını dəfələrlə artırır. Xatırladım ki, dünyada Çindən sonra ən çox virusa yoluxma halı olan üç ölkədən biri – İranla sərhədimiz 765 km-dir. Xüsusən də nəzərə almaq lazımdır ki, İranda da ən çox yoluxma halı olan vilayətlərdən biri – Gilan ostanı Azərbaycanla sərhəddədir. Bu halda Azərbaycan insanlarının sağlamlığını qorumaq və iqtisadiyyata olan mənfi təsirləri azaltmaq üçün dövlətlə bərabər hamı birlikdə çalışmalıdır. Xüsusən də, bu aralarda kəmfürsətçillik etmək daha çox qəbahətdir. Məsələn, Çinin və dünyanın aparıcı biznesləri sosial məsuliyyətini başa düşərək problemin həlli üçün dəstək tədbirləri həyata keçirirlər. İnanırıq ki, Azərbaycan dövləti qlobal miqyasda yaranmış bu sınaqdan da uğurla çıxacaq.

Xəbərlər departamenti

Gündəm