Çində yeni virus aşkar edilib: Ölənlər və yoluxanlar var
06.08.2020 09:38 Gündəm Dünya

Çində yeni virus aşkar edilib: Ölənlər və yoluxanlar var

Bütün dünyanı dərindən sarsıdan koronavirus pandemiyası ilə mübarizə davam edərkən Çində “Bunya virusu” ortaya çıxıb.

“MediaPost” xəbər verir ki, gənə dişləməsi yolu ilə yoluxduğu düşünülən virus səbəbi ilə 7 nəfər həyatını itirib, 60 nəfər virusa yoluxub. 

İlin ilk yarısında ölkənin şərqindəki Cianqsu əyalətində virusa yoluxan insan sayının 37-ni ötdüyü, daha sonra Anhui əyalətində də yoluxan 23 nəfərin aşkar edildiyi bildirilib. 

Nanjing şəhərində yoluxmuş bir qadının qızdırma və öskürək kimi simptomlar göstərdiyi və müayinələr nəticəsində bədənində leykosit və trombosit itkisi olduğu ifadə edilib.

SFTS (Şiddətli Qızdırmalı Trombositopeniya Sindromu) virusunun əslində yeni bir virus olmadığı qeyd edilib və Çində 2011-ci ildə virusun patogeninin aşkarlandığı vurğulanıb. Virusoloqlar virusun insanlara gənədən keçdiyini düşündüklərini, ancaq insandan insana qan və selikli qişalar vasitəsilə ötürülməsi ehtimalının da istisna edilmədiyini bildirib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm