Çindəki virus Azərbaycana necə təsir edəcək? - İqtisadçıdan şərh
27.01.2020 07:13 Fikirlər

Çindəki virus Azərbaycana necə təsir edəcək? - İqtisadçıdan şərh

"MediaPost" xəbər verir ki, o, hazırda ölkədə yayılan ölümcül koronavirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsinin və digər ölkələrə də yayılmasının Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcəyini qeyd edib.

"İlk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq. Çünki, 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşlaşmasına gətirib çıxara bilər" - ekspert bildirib.


Həmçinin oxu: Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?


Hazırda 100-dən çox Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil aldığını deyən Q.İbadoğlu hesab edir ki, təcili və təxirəsalınmaz işlər görülməlidir: "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşları Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəsizliyi ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz işlər görülməlidir. Onlar müvəqqəti olaraq ölkəyə qaytarılmalıdırlar".

Mütəxəssis həmçinin qeyd edib ki, bu proseslər son illər Çində yavaşayan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq: "Təbii ki, bu da Çində alıcılıq qabiliyyətinin azlmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.

Nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqlərində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın. Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərlərini təxirə salmağa çağırıram. Risk etməyə dəyməz!"

"MediaPost"

Xəbərlər departamenti

Gündəm