Çindən gələn öldürücü virusu ilanlar yayırmış - ARAŞDIRMA
23.01.2020 14:24 Fikirlər

Çindən gələn öldürücü virusu ilanlar yayırmış - ARAŞDIRMA

Çindən yayılan və günlərdir gündəmi zəbt edən koronavirusla bağlı yeni bilgilər üzə çıxıb.

"MediaPost" xəbər verir ki, bu yaxınlarda Çinin Xuan şəhərində başlayan və sətəlcəm xəstəliyinə səbəb olan virusun (2019-nCoV) ən çox ehtimal olunan daşıyıcısının ilanlar olduğu üzə çıxıb.

Bu barədə yanvarın 23-də Çinin "South China Morning Post" qəzeti məlumat yayıb. Qəzet bu məlumatı "Medical Virology" jurnalında dərc edilən bir araşdırmaya istinadən tirajlayıb.

"Əldə etdiyimiz məlumatlar əsasında gəldiyimiz qənaət belədir ki, yoluxmaya səbəb olan virusdaşıyıcı heyvan ilandır", - deyə Pekin, Nannin, Ninbo və Xuan alimləri tərəfindən aparılan araşdırmada deyilir.

ÇİN KRAYTI, ÇİN KOBRASI...

Alimlər virusun genetik kodunu çox sayda heyvanın genetik kodu ilə müqayisə ediblər. Onlar arasında iki ilan növünün 2019-nCoV virusunun genetik koduna ən yaxın olduğu müəyyənləşib. Bunlar Cənubi Çin çoxzolaqlı kraytı və Çin kobrasıdır.

Bu arada, Çin mətbəxində ilanlardan qida kimi geniş istifadə olunur. İlanlar ölkənin demək olar ki bütün marketlərində açıq satışda olur.

Lakin bəzi elm adamları yeni virusun insanlara ilandan ötürülməsi versiyasını şübhə altına alırlar. Bunu belə əsaslandırırlar ki, bundan əvvəl bütün bu cür viruslar insanlara məməlilərdən ötürülüb.

Yeri gəlmişkən, bundan əvvəl bir qrup alim yeni virusu əvvəllər ortaya çıxmış Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromu (SARS) ilə müqayisə etmişdi. Nəticədə üzə çıxmışdı ki, 2019-nCoV genetik quruluşuna görə SARS-CoV-a (2002-ci ildə Çində minə yaxın insanın həyatına son qoyan virus) bənzəyir. Bu bənzərliyi əsas götürən alimlər bildirmişdilər ki, yeni virusun mənbəyi yarasalar ola bilər. Belə ki, yarasalar bir çox koronavirusun daşıyıcısı sayılır. İndiki halda isə onlardan biri böyük ehtimalla, mutasiya edilib və insanlara ötürülüb.

Pekindəki Zoologiya İnstitutunun virusologiya üzrə mütəxəssisi Çjen Ayxuanın dediyinə görə, ağcaqanadların ötürdüyü Zika virusunda olduğu kimi, bu virusun da insanlardan uzaq yaşayan canlı orqanizm növlərindən ötürülməsi mümkündür. Ancaq təkcə genetik kodun oxşarlığı bu cür nəticələr üçün yetərli əsas deyil.


Oxu: Azərbaycanın baş infeksionisti koronavirusun ölkəmizə keçmə ehtimalını dəyərləndirib


"Bu maraqlı bir fərziyyədir, ancaq onu sınamaq üçün heyvan təcrübələri tələb olunacaq", - Çjen Ayxuan bildirib.

Bəzi mütəxəssislər isə yeni virusun daşıyıcısının dəniz məməliləri ola biləcəyini bildirir.

25 ÖLÜM, 616 YOLUXMA...

Bu gün tibbə məlum olan 38 növ koronavirus var. Onlardan 7-si insanlara yoluxur. Tədqiqatçılar virusun insanlara heyvanlardan yayıldığına inanır, eyni zamanda insanlar tərəfindən də ötürülə biləcəyini deyirlər. Məsələn, koronavirusun son dönəmlərdə üzə çıxan və indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) insandan insana keçdiyi təsdiqlənib.

Koronaviruslar soyuqdəymə hallarının 10-15 faizinin əsas səbəbi hesab olunur. Lakin bəziləri (SARS və MERS) ciddi sətəlcəmə səbəb olur. Ümumiyyətlə, koronaviruslar tənəffüs sisteminə, mədə-bağırsaq traktına və ya sinir sisteminə təsir göstərir.

Yeni koronavirusun yaratdığı xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir. Bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı, bəzilərində isə yorğunluq, quru öskürək və nəfəs darlığı müşahidə olunub.

Artıq Çində yeni növ koronavirusa yoluxma hallarının sayı 616-a, bu virusdan ölənlərin sayı isə 25-ə çatıb. Bu günə qədər bütün ölüm hadisələri Uxan şəhərində qeydə alınıb. Tayland, Yaponiya, Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Filippin, Avstraliya və ABŞ-da da yoluxma halları aşkarlanıb.

RUSİYADA VƏZİYYƏT NECƏDİR?

Rusiyadan da həyəcanlı xəbərlər gəlir. Artıq Çindən Rusiyaya uçan üç xəstə infeksiya əlamətləri ilə Sankt-Peterburqdakı xəstəxanaya yerləşdirilib.

"İnterfaks" xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidmət (“Rospotrebnadzor”) məlumat yayıb. Hər üç xəstəyə kəskin respirator virus infeksiyası diaqnozu qoyulub.

Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko isə əmindir ki, ruslar üçün heç bir təhlükə yoxdur: “Nə Ümumdünya Səhiyyə Təşkilatı, nə də Rusiya Səhiyyə Nazirliyi fövqəladə vəziyyət elan edib. Çində bu insanların hamısının nədən öldüyü belə, aydınlaşmır. Onların arasında, məsələn, xroniki xəstəlikləri olan şəxslər var. Əvvəlcə bu ölümlərin səbəblərini müəyyən etməli, sonra bu virusun yayılması təhlükəsini müzakirə etməliyik".

Rusiya Səhiyyə Nazirliyi yanında Strateji Planlaşdırma Mərkəzi 2019-nCoV virusunu ortaya çıxaran xüsusi bir test hazırlayacağını açıqlayıb: "Xəstəliyin diaqnozu cəmi 15-20 dəqiqə çəkəcək. Və bunu hava limanlarında həyata keçirmək mümkün olacaq".

Bununla belə, koronovirusun yayılması ilə əlaqədar "Rospotrebnadzor" Rusiyadakı bütün keçid məntəqələrində sanitar-karantin nəzarətini gücləndirib. Ölkəyə gələn bütün ziyarətçilər xüsusi bir forma doldururlar və hamısının hərarəti ölüçülür.

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında isə Çindən gələn bütün sərnişinlər virus testindən keçirilir. Tehrandan Çinə gündəlik təyyarə reysləri olduğu üçün İran hökuməti yoxlama tədbirlərini gücləndirməyi vacib sayır.

Ümumilikdə isə dünyanın bir çox ölkəsində hava limanları sərnişinlərdə koronavirus simptomlarının olub-olmadığını yoxlamağa başlayıb.

ÇİNDƏN ONLAYN SİFARİŞ TƏHLÜKƏLİDİR?

Rusiyada bəzi insanlar koronavirus səbəbiylə Çindəki onlayn mağazalardan alış-verişdən imtina etməyə başlayıblar. Yerli infeksionistlər isə bildirirlər ki, yeni virus növünün əşyalarla təmas vasitəsilə ötürülməsi mümkündür, lakin bunun ehtimalı azdır.

“Virusa bu cür təmas yolu ilə yoluxmaya şübhə edirəm. Digər tərəfdən, hər ehtimala qarşı bir müddət Çindən bağlamalar sifariş etməkdən çəkinmək olar. Virusun insandan insana ötürülüb-ötürülmədiyi tam məlum deyil. Lakin virusun çirkli əllərlə yayılması şübhəsizdir”.

Rusiyanın bəzi epidemioloqları isə insanın koronavirusa yalnız xəstəylə təmas yolu ilə yoluxa biləcəyinə inanır: "Bağlamın aldıqdan sonra heç bir yoluxma olmur. Axı bu bu, respirator infeksiyadır. Yoluxma birbaşa əlaqə vasitəsilə baş verir".

Bu arada, Çinin yeni sətəlcəmin müalicəsi üsulunu tapdığı da bildirilir. Artıq həkimlər ağır vəziyyətdə olan 53 yaşlı kişini xilas edə biliblər.

Tərcümə "MediaPost"a məxsusdur



Xəbərlər departamenti

Gündəm