Çindən təxliyə edilən azərbaycanlılardan xəbər var
05.02.2020 16:27 Xarici siyasət

Çindən təxliyə edilən azərbaycanlılardan xəbər var

Bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Tanrıverdiyev deyib.

O bildirib ki, 14 gün karantin müddəti tamam olduqdan sonra Azərbaycan vətəndaşları xəstəxanadan buraxılacaqlar.

“Karantin müddətinin başa çatmasına bir neçə gün qalmış Azərbaycan vətəndaşlarının vətənə yola salınması məsələsi öz həllini tapacaq”, - deyə E. Tanrıverdiyev vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm