Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?
27.01.2020 07:28 Fikirlər

Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?

Çini cənginə alan yeni koronavirus (2019-nCoV) can almağa davam edir. Son məlumatlara görə, ölənlərin sayı 56 nəfərə çatıb, yoluxanların sayı isə 2 mindən çoxdur. Çin yetkililəri yeni koronavirusun insandan insana ötürülmə qabiliyyətini getdikcə artırdığını, bu səbəbdən yoluxmuş insanların sayının çoxalacağını bəyan edib.

YOLUXUCULUQ QABİLİYYƏTİ ARTIB

"MediaPost" xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyasının rəhbəri Ma Tszyaovey Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, hələlik koronavirusun təbiəti haqqında az şey məlumdur və onun mutasiyası ilə hansı risklərin yarandığını proqnozlaşdırmaq çətindir.

Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?

Onun sözlərinə görə, virusun inkubasiya müddəti 1 gündən 14 günə qədərdir. Lakin yoluxanlar virusu hətta inkubasiya zamanı da insanlara ötürə bilərlər. Yəni yeni koronavirus yoluxuculuq qabiliyyətinə artıq inkubasiya dövründən malik olur. Bu hal hətta 2002-2003-cü illərdə SARS (Şiddətli Kəskin Respirator Sindromu) epidemiyası (minə yaxın insanın həyatına son qoymuşdu) zamanı belə, müşahidə olunmamışdı.

Bu o deməkdir ki, simptomları olmayan insanlar da xəstəliyin daşıyıcısı ola bilər. Bu vəziyyətdə virusun yayılması ilə mübarizə aparmaq daha çətindir.

Yeni koronavirusun yaratdığı xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir. Bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı, bəzilərində isə yorğunluq, quru öskürək və nəfəs darlığı müşahidə olunub. Ümumiyyətlə, koronaviruslar tənəffüs sisteminə, mədə-bağırsaq traktına və ya sinir sisteminə təsir göstərir.

Ay təqvimi üzrə yanvarın 25-də Çin Yeni İli (Bahar bayramı) başlayıb. Hər il bu tarixdə Çində hərəkətlənmə artır. Milyonlarla insan bayramı ailələri ilə keçirmək üçün evlərinə qayıdır. Bundan başqa, insanlar bazarlarda aktiv şəkildə alış-veriş edirlər. Belə bir şəraitdə isə virusun yayılma riski olduqca böyükdür.

Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?

İNSANLARA MƏHDUDİYYƏT, AVTOMOBİLLƏRƏ QADAĞA!

Bayrama baxmayaraq, Çinin bir neçə bölgəsində insanların hərəkətinə ciddi məhdudiyyətlər qoyulub. Hökumət Pekində Yeni ilə həsr olunmuş bütün geniş tədbirləri - kütləvi şənlikləri, o cümlədən ənənəvi məbəd yarmarkalarını ləğv edib.


Həmçinin oxu: Çindəki virus Azərbaycana necə təsir edəcək? - İqtisadçıdan şərh


Virusun yayıldığı 11 milyon əhalisi olan Uxan şəhərində bir neçə gündür karantin elan olunub. Şəhərə aparan bütün yollar bağlanıb və digər nəqliyyat növləri də bloklanıb. Bazar günündən isə şəhərdə adi nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub.

Mütəxəssislər isə müasir dünyada karantinin effektivliyinə şübhə ilə yanaşırlar. Yazar Devid Kuammen bidirib ki, belə bir koronavirusun yaranacağı gözlənilən idi. Yeri gəlmişkən, Kuammen heyvanlardan ötürülən infeksiyaların öldürücü qlobal epidemiyaya səbəb ola biləcəyi haqqında kitab yazıb.

Çin alimlərinin bir neçə gün əvvəl gəldiyi qənaət belə olmuşdu ki, Uxan şəhərində başlayan virusun (2019-nCoV) ən çox ehtimal olunan daşıyıcısı ilanlardır. Alimlər virusun genetik kodunu çox sayda heyvanın genetik kodu ilə müqayisə etmişdilər. Onlar arasında iki ilan növünün 2019-nCoV virusunun genetik koduna ən yaxın olduğu müəyyənləşmişdi. Bunlar Cənubi Çin çoxzolaqlı kraytı və Çin kobrasıdır.

Bəzi alimlərə görə isə yoluxmaya səbəb olan virusdaşıyıcı heyvan yarasalardır. Çünki yarasalar bir çox koronavirusun daşıyıcısı sayılır. İlanların yarasalarla qidalandığı və bu yolla virusdaşıyıcı olduğunu iddia edənlər də var.

Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?

İKİ ŞƏHƏR BLOKADADA!

Uxan Çinin Hubey əyalətinin inzibati mərkəzidir. Yeni koronavirusun yaratdığı sətəlcəm xəstəliyinin mərkəzi dəniz məhsullarının, o cümlədən ekzotik heyvanların ətinin satıldığı şəhər bazarı hesab olunur. Bazar qapadılıb və dezinfeksiya olunub.

Uxan sakinlərindən şəhəri tərk etməmək tələb olunub. İnsanlar sosial şəbəkələrdə ərzaq qıtlığı ilə bağlı narahatlıqlarını ifadə edir və qiymətlərin kəskin artmasından şikayətlənirlər. Şəhərdəki bir çox mağazanın rəfləri boşalıb. İnsanlar kütləvi şəkildə tibbi maskalar alırlar.

Uxanla yanaşı, Hubey əyalətinin 7 milyon əhalisi olan Xuanqan şəhəri də blokadadadır. Cümə gecəsindən başlayaraq bütün avtobus və qatar marşrutları, təyyarə reysləri dayandırılıb. Şəhər kafeləri, restoranları və kinoteatrları qapadılıb. İnsanlara şəhəri tərk etməmələri tövsiyə olunur.

Eçjou, Syantao və Çibi şəhərlərində ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulub, vağzallar qapadılıb.

Bu günə qədər bütün ölüm hadisələri Uxan şəhərində qeydə alınmışdı. Lakin ötən cümə axşamı Çin hakimiyyəti Uxan şəhərinin xaricində ilk ölüm halının baş verdiyini açıqladı. Məlum virusa yoluxan 80 yaşlı xəstə Hubeyin şimalındakı xəstəxanada dünyasını dəyişdi.

Çinlə yanaşı, Tayland, Yaponiya, Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Filippin, Avstraliya, ABŞ və Səudiyyə Ərəbistanında da yoluxma halları aşkarlanıb.

Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?

DÜNYADA DURUM NECƏDİR?

"South China Morning Post"un yazdığına görə, Honqkonqda koronavirusa yoluxanların sayı 6-ya çatıb. Onlardan ikisi yerli sakin, qalanları Çindən gələnlərdir. Honqkonq hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.

"Tayvan News" xəbər verir ki, Tayvanda 4 nəfər, o cümlədən yanvar ayının ortalarında Çindən qayıdan 11 yaşlı qız da koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Taylandda 5 yoluxma faktı qeydə alınıb. Bu rəqəm Tayland hökuməti tərəfindən də təsdiqlənib. "Bangkok Post" qəzeti yazır ki, beşinci yoluxmuş şəxs Çindən gələn 33 yaşlı turistdir: "Ötən çərşənbə axşamı Uxan şəhərindən Banqkoka uçub və bir neçə gün sonra qızdırma və öskürək şikayətləri ilə xəstəxanaya yerləşdirilib".


Həmçinin oxu: Çində dəhşətli mənzərə: Küçədə virusa yoluxan insanlar huşunu itirir - VİDEO


Yaponiyada iki yoluxma faktı qeydə alınıb. Yaponiya hakimiyyəti Uxan şəhərini tərk etmək istəyən bütün vətəndaşlarını təxliyə edəcəklərini açıqlayıb. Baş nazir Şinzo Abe bildirib ki, Yaponiya öz vətəndaşlarını koronavirusun mərkəzinə çevrilən bölgədən çıxarmaq üçün Çin hakimiyyəti ilə çarter reysinə dair danışıqlar aparır.

Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?

Cənubi Koreya və Vyetnamda iki, Sinqapurda üç, Nepalda bir yoluxma halı aşkarlanıb. Birləşmiş Ştatlarda yeni koronavirusa yoluxanların sayı 3-ə (İllinoys, Vaşinqton və Kaliforniya) çatıb.

Fransada üç nəfərdə koronavirus aşkarlanıb. Onlardan ikisi Parisdə, biri ölkənin cənub-qərbindəki Bordo şəhərində xəstəxanaya yerləşdirilib. Parisdəki xəstəxanaya yerləşdirilənlər yanvarın 18-də Fransaya gələn çinli cütlükdür. Lakin onlarda koronavirusun simptomları daha sonra ortaya çıxıb.

Bordodakı xəstəxanaya yerləşdirilən isə 48 yaşlı Çin vətəndaşıdır. O, Fransaya Çinin Uxan şəhərindən gəlib.

VƏHŞİ HEYVANLARIN SATIŞI DAYANDIRILDI

Çin ölkə daxilindəki mağazalarda, marketlərdə və restoranlarda vəhşi heyvanların satışına qadağa qoyub. Qeyd edək ki, ənənəvi Çin mətbəxində vəhşi və ekzotik heyvanların, quşların və sürünənlərin ətlərindən hazırlanan bir çox yeməklər var.

Çini cənginə alan virus qlobal epidemiyaya çevrilə bilərmi?

Çin Kənd Təsərrüfatı Nazirliyinin verdiyi açıqlamada qadağanın bazar günündən etibarən qüvvəyə mindiyini və əhatə dairəsinin geniş olacağını bildirib.

ABŞ Dövlət Departamentindən bildiriblər ki, ABŞ konsulluğu Uxan şəhərindən çərşənbə axşamı günü təxliyə ediləcək. Konsulluq işçiləri Çindən xüsusi reyslə çıxarılacaq.

Dövlət Departamentindən verilən məlumata görə, San-Fransiskoya həyata keçiriləcək uçuşdan konsulluq işçiləri ilə yanaşı, Çində olan və virusa yoluxma riski ilə üzləşən Amerika vətəndaşları da faydalana biləcək.

Bu arada, Britaniya virusoloqları Çin hakimiyyətinə virusun yayılmasının öhdəsindən gələ bilməyəcəkləri barədə xəbərdarlıq ediblər. Hazırda Britaniya özü son günlərdə Çindən gələn 34 nəfərlə bağlı müayinə aparır, onların virusa yoluxub-yoluxmadığını müəyyənləşdirməyə çalışır.

Tərcümə "MediaPost"a məxsusdur


Həmçinin oxu: Nümunəvi sürücülərin istəmədən pozduğu qaydalar

Xəbərlər departamenti

Gündəm