Cümənin 13-ü
13.12.2019 14:30 Fikirlər

Cümənin 13-ü

Kimi səfərə çıxmaqdan imtina edir, kimi də vacib qərar qəbul etməkdən. Bəzi inanclara görə, bu gün şər qüvvələri daha aktiv olur deyə hərtərəfli ehtiyatlı olmalısan.

Cümənin 13-ü anlayışı daha çox Qərb ölkələri və ABŞ-dan transfer edilən batil inancları əks etdirir. Cümə günü hər hansı bir ayda 13 rəqəmi ilə üst-üstə düşəndə kimsə evindən bayıra çıxmaq istəmir, kimsə vacib bir görüşünü ləğv edir, başqa birisi isə mütləq problemlə üzləşəcəyini düşünür.

Müasir zamanda yaşayırıq, ən mükəmməl texnologiyadan yararlanırıq, bir anda dünyanın ən uzaq nöqtəsi ilə əlaqə qura bilirik, amma daş dövrünün düşüncəsi hələ də beyinlərə hakim olmaqdadır. Özü də istənilən biznes insanların belə tip qorxu və inanclarına reaksiya göstərir. Dünyanın bir çox hotelində 13-cü mərtəbə və 13-cü otaq yoxdur. Aviaşirkətlər 13-cü reys və ya 13-cü sıradan adətən imtina edirlər. Böyük Britaniyada bəzi cərrahlar cüməyə düşən ayın 13-cü günü əməliyyat etməkdən vaz keçirlər. “Formula -1” yarışlarının təşkilatçıları isə risk etməmək üçün 13 rəqəmini yarışlardan yığışdırıblar. Hər halda yarışların nə qədər gərgin və riskli şəraitdə keçdiyini nəzərə alsaq, buna bəlkə də haqq qazandırmaq olar.

Amma cümənin 13-ünü məhz hansısa biznes məqsədi və ya siyasi reklam üçün istifadə edənlər də az deyil. Məsələn, hər hansı bir aksiyanı məhz bu günə salmaqla siyasətçi özünün belə köhnəlmiş inanclardan uzaq olduğunu ifadə edə bilər.

İslam dinində belə bir qorxu yoxdur, çünki ən azı cümə müsəlmanların müqəddəs günüdür. “Cümənin 13-ü” anlayışı da yoxdur. Cümə günü hər bir müsəlman mütləq olaraq hər hansı işdən, fəaliyyət növündən imtina edərək ən azı günün birinci yarısını ibadətdə keçirməlidir. Dükan işlədən dükanını, kafe işlədən kafesini bağlamalıdır. Günü dua ilə başlayıb dua ilə də bitirməlidir. Cümə namazına məscidə getmək müsəlman üçün ən bəyənilən işlərdən biridir. İmamın xütbəsini dinləyib dindar qardaşları ilə birgə namaz qılmaq dini təsəvvürlərə görə insana cənnəti vəd edir.

Hətta sosial şəbəkədə bir-birini cümə ilə bağlı təbrik etmək ənənəsi yaranıb. Cümənin pis olması, düşərli olmaması fikrini heç bir müsəlman ciddi qəbul etməz.

13 rəqəmi də müsəlmanlar üçün bir təhlükə təşkil etmir, çünki Məkkədə ən uzun gün 13 saat davam edir, deməli Ramazan ayında bu qədər müddətdə oruc tutmaq savab işlərdən sayılır. Hətta Səudiyyə Ərəbistanı 13 inzibati rayona bölünüb.

Azərbaycana “cümənin 13-ü” anlayışı Hollivud filmləri ilə transfer olunub. Müstəqillik dövrünün elə ilk illərindən ölkəyə ABŞ dolları ilə yanaşı, həm də Qərbdə istehsal olunan çoxlu sayda mistik və qorxu filmləri gəlməyə başladı. Belə tip filmlər ABŞ-da minlərlə istehsal olunur və dünyaya yayılır.

Elə “Cümənin 13-ü” (Friday the 13th) adda bir neçə film çəkilib. 1980-ci il istehsalı olan filmdən 40 milyon dollar, 2009-cu il istehsalı olan filmdən isə 65 milyon dollar vəsait yalnız ABŞ-da toplanıb. Mistik və qorxulu səhnələr ilə yadda qalıb. Ssenariçi və rejissorlar belə əhvalatları tirajlamağı çox sevirlər, çünki hər bir qəribə hadisə tamaşaçını cəlb etməyə imkan yaradır.

Əlbəttə, Azərbaycan tamaşaçısı da Hollivud filmləri, internet vasitəsilə yayılan qorxu və inancları həzm etməyə məhkumdur. Nəticədə heç bir əsası olmayan belə inanclar bizim də insanda daxili qorxunun səviyyəsini artırır. Kimsə bu gün vacib işini kənara atıb zamanını televizor qarşısında keçirməklə öldürür.

Belə bir mənasız inanca ehtiyacımız varmı? Əslində, özümüzün də axmaq inanclarımızın sayı-hesabı bilinmir. Kimsə bir cındır parçasını ağaca bağlayıb pir yaradır, başqa birisi qaloşdan gəlir əldə edir. Üzərlik də Azərbaycanda satılan ən qiymətli bitkilərdən biridir. Evinə hətta ən yaxın adamın belə gəlsə, onu yola salan kimi tez üzərlik yandırırıq. Birdən göz dəyər, Allah eləməsin. Bəzi insanlarımız 13 rəqəminə onsuz da “nəhs” deyir, bundan qaçır. Özümüzünkü azmış kimi hələ bir xaricdən də lazımsız inanc gətiririk.

Gözəl cüməni də 13-lə birləşdirməyə ehtiyac varmı? Bundan uzaq dursaq yaxşıdır.


Xəbərlər departamenti

Gündəm