Daha 8 qazi müasir protezlərlə təmin olundu
11.06.2021 11:56 Sosial

Daha 8 qazi müasir protezlərlə təmin olundu

Vətən müharibəsi zamanı yaralanan qazilərimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir reabilitasiya vasitələri ilə təmin olunurlar. Bu gün daha 8 nəfərə müasir protezlər təqdim olunub.

"MediaPost"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Əzizov bildirib.

Onun sözlərinə görə, bu günə qədər artıq 33 qazi müasir reabilitasiya vasitələri, protezlə təmin olunub: "Yaxın zamanlarda 50 qazi də müasir protezlərlə təmin olunacaq. Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin - yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır. Protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan sərbəst addımlamağa, qeyri-bərabər səth və panduslara uyğun və sabit, inamlı hərəkətə, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə imkan yaradır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır. Aşağı ətrafları amputasiya olunmuş qazilərlə yanaşı, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam etdirilir. Bu işlər yüksək texnologiyalı protezləşmə sahəsində ən qabaqcıl dünya təcrübəsinə malik olan İslandiyanın ÖSSUR şirkəti ilə əməkdaşlıq şəraitində aparılır. Şirkətin mütəxəssisləri tərəfindən təlimlər keçirilərək müvafiq sahədə ən müasir dünya təcrübəsi öyrənilib, həmçinin yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb".

Qeyd edək ki, bu gün protezlə təmin olunan qazilərimiz Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalovdur.

Xəbərlər departamenti

Gündəm