Daha bir ölkədə karantin rejimi yumşaldılır
20.04.2020 08:08 Gündəm

Daha bir ölkədə karantin rejimi yumşaldılır

İraq yeni növ koronavirusa görə 17 martdan tətbiq etdiyi məhdudiyyətlərin yumşaldılmasına qərar verib.

“MediaPost” xəbər verir ki, bu barədə İraq Böhran Mərkəzi məlumat yayıb.

Belə ki, küçəyə çıxmağın qadağan olunduğu saatlardan kənar vaxtlarda gigiyena qaydalarına əməl etmək şərtilə iş yerlərinin, fabriklərin və emalatxanaların açılmasına icazə verilib.

Açıqlamada təhsil müəssisələri, ibadətxanalar, qəhvəxanalar, idman meydançaları, ticarət mərkəzləri, toy zallarının bağlı qalacağı, həmçinin kütləvi toplaşmaların və yas mərasimləri ilə bağlı qadağaların davam edəcəyi bildirilib.

Bu ölkədə 4 nəfərdən artıq sərnişin daşıyan ictimai nəqliyyat vasitələri ilə bağlı məhdudiyyətlərin qüvvədə qalacağı, taksilərin və günün müəyyən vaxtlarında 3 tondan artıq yük daşıyan nəqliyyat vasitələrinin işləməsinə icazə veriləcəyi qərarda öz əksini tapıb.

Ramazan ayından etibarən küçəyə çıxmaq qadağasının da yumşaldılaraq yerli saatla 19:00-6:00-ı əhatə edəcəyi bildirilib.

Xatırladaq ki, İraqda ümumilikdə 1539 nəfər koronavirusa yoluxub. Onlardan 82 nəfəri dünyasını dəyişib.

Bundan əvvəl İsrail də karantin rejiminin yumşalılacağını açıqlayıb.

Xəbərlər departamenti

Gündəm