Danışan kitablar ənənəvi oxumaq üsulunu əvəz edəcəkmi?
18.01.2020 09:13 Fikirlər

Danışan kitablar ənənəvi oxumaq üsulunu əvəz edəcəkmi?

Səsli kitab telefon proqramının reklamını internetdə görəndə çox sevindim. Həqiqətən də yüksək keyfiyyətlə çəkilmiş reklam idi.

Bu tip mobil tətbiqlər oxuduğumuz kitabı hər yerdə davam etməkçün gözəl bir şans yaradır.

Günü-gündən inkişaf edən müasir dünyanın gücü ilə ayaqlaşmaq olduqca çətindir. Hətta bəzi yeni texnologiyalar, üsullar o qədər sürətlə yaranır ki, onların yeni olduğunu mənimsəmək belə çətin olur.

Kitabı heç nə əvəz edə bilməz

Adəm övladı yarandığı gündən inkişafdadır. Təbii ki, bu, çox yaxşı haldır, amma “artıq içiləndə dərd verir su da” və ya sadəcə, insan oğlu bəzi adətlərinin sıradan çıxmasını qətiyyətlə pisləyir. Çünki bəzi adətlər onun əsrlərdir qoruyaraq bu günümüzə gətirib çıxartdığı mirasıdır. Kitab oxumaq tendensiyası da həmin siyahıda əvvəlinci yeri tutur.

Düzdür, səsli kitabların hazırlanması da böyük zəhmət tələb edir və bu addım təqdirəlayiqdir, amma kitabların sıradan çıxması yolverilməzdir.

Kitab bizə nə verir?

Kitab oxuyarkən qazandığımız bəzi xüsusiyyətləri elektron və ya səsli kitablar bizə qazandıra bilməz. Bir neçəsini sadalamaq da istərdim: səbir, hövsələ; diqqət, yaddaşın fokuslanması; oxuduğumuz müddətdə ətraf mühitdən təcrid olmaq və beləliklə də həmin məlumatın birbaşa şüuraltına köçürülməsi; sözlərin düzgün yazılış qaydasını öyrənmək; bir yazıçının, dolayısıyla bir insanın həyatıyla tanış olmaq - kommunikasiya qabiliyyəti və s. Siyahını davam etdirmək də olardı, amma fikrimcə, ən vacib olanları yazdım.

Niyə kitab oxumuruq və ya başqa sual tapmırıq?!

Müxtəlif mətbu orqanların tirajladığı yazılarda “niyə kitab oxumuruq?”, “gənclik kitaba maraq göstərmir” və s. kimi şablona çevirilmiş başlıqlarla verilən məqalələrə az rast gəlmirik.

Bu gün keçirilən kitab sərgi kampaniyalarının, imza günlərinin geniş vüsət alması və insanların həmin tədbirlərə kütləvi qoşulması reallığı yuxarıda sadalanan başlıqların sadəcə kasad jurnalist yaradıcılığının “məhsulu” olduğunu sübut edir.

Oxucu də bezib, yazıçı da

Şükürlər olsun ki, bir çox yazıçı və şairlərimiz aktiv sosial şəbəkə istifadəçisidir. Bu, sənət adamlarının şəxsi fikirlərinin də oxucularına çatmasını asanlaşdırır.

Xeyli müddətdir ki, sözügedən başlıqlarla “planı doldurmağa” çalışan jurnalistlərin bu tip yazıları şair və yazıçıların sərt tənqid etdiyinin şahidi oluram. Bəziləri hətta imza günlərindən, kitab mağazalarından fotoşəkil paylaşıb həmin jurnalistlərin yaydığı məlumatı təkzib edir. Çünki artıq hamı yorulub. Oxucu da, yazıçı da, şair də!

Həqiqətənmi vəziyyət acınacaqlıdır?

Əlbəttə, xeyr. Doğrudur, bir neçə il bundan öncə “düşünən maşınlar”ın - kompüterlərin həyatımıza daxil olması bizi o qədər məşğul etdi ki, əksəriyyətimiz bir çox təbii ehtiyaclarımızı belə, kompüter masası arxasında etmək istədik, həmçinin də kitab oxumağı.

Amma təxminən son üç-dörd ildə gəncliyin kitab mağazaları və kitab kafelərinə axışdığının şahidi oluruq.

“Selfi” çəkməyə gedənləri nəzərə almasaq, kitabı oxuyanların sayı ürəkaçan səviyyədədir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm