Cinayət törədənlərin sərbəst buraxılmasına rəsmi reaksiya

  • 25 mart, 2020 18:39
Cinayət törədənlərin sərbəst buraxılmasına rəsmi reaksiya

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair provokasiya xarakterli məlumatlar yayılıb.

"MediaPost" xəbər verir ki, prokurorluq İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət göstərən həmin məlumatların həqiqəti əks etdirmədiyini bildirir və yayılan dezinformasiyanı qəti şəkildə təkzib edir.

Belə ki, fevralın 22-də İbrahim Məmmədov tanışı Abdul Musazadə və istintaqa “Fuad” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq Binəqədi rayonu ərazisində bir neçə maşının şüşələrini sındıraraq müxtəlif əşyalar oğurlamışlar.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İ.Məmmədov fevralın 24-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərində qanunsuz əldə edib saxlamaqla daşıdığı narkotik vasitə aşkar edilərək götürülmüşdür.

Fevralın 25-də İ.Məmmədovun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 (oğurluq) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Martın 17-də müdafiə tərəfinin vəsatəti əsasında rayon məhkəməsi tərəfindən İ.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur.

Məhkəmənin həmin qərarından rayon prokuroru tərəfindən protest verilmişdir.

Cinayətin digər iştirakçısı A.Musazadə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə digər təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.