MSK dairələrdən birinin nəticələrini ləğv etdi

  • 13 fevral, 2020 16:45
MSK dairələrdən birinin nəticələrini ləğv etdi

Bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, aktların araşdırılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.


Oxu: MSK daha bir dairə ilə bağlı müzakirələrə başladı


Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilməli, Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciəti daxil olub. Müraciət haqqında məlumat verən R. Qasımov deyib ki, ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının sədri Peter Teyler müşahidəçilərdən Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət edib.

MSK-nın iclasında Aygün Attarın akkreditasiyası ləğv olunub.

"MediaPost"