Toy etmək istəyənlər üçün yeni qayda hazırlanır? - Deputatdan AÇIQLAMA

  • 22 may, 2020 10:00
Toy etmək istəyənlər üçün yeni qayda hazırlanır? - Deputatdan AÇIQLAMA

Ölkəmizdə COVID-19-la mübarizə çərçivəsində tətbiq olunan sərt karantin rejimi yumşaldılsa da, bəzi müəssisələr hələ də fəaliyyətini bərpa etməyib.

Onlardan biri də şadlıq saraylarıdır. Hələ də toy və nişan mərasimlərinin nə zaman keçiriləcəyi ilə bağlı məlumat verilmir. Bu qadağa bütün dünyada tətbiq edilsə də, bir çox ölkələrdə alternativ yollar tapılıb.

"Virtual toy" adı verilən həmin tədbirə Nyu York, San Xose, Kaliforniya, bir çox Avropa ölkələri, Mərakeş, BƏƏ, İndoneziyada dövlət tərəfindən icazə verilir. Hətta artıq bu formada toy edən bir çox cütlüklər də var.

Bəs ölkəmizdə toy, nişan etmək istəyən gənclər üçün alternativ təkliflər irəli sürülə bilərmi?

Bu barədə "MediaPost"a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu cür yenilikləri Azərbaycan cəmiyyətində tətbiq etmək mümkün deyil:

"Bunları ABŞ, Avropada, hətta Tacikistanda da etmək olar. Necə ola bilər ki, Azərbaycanda toy edəsən orada şöhrətpərəstlik olmasın, 10 minə müğənni gətirməyəsən, pulun yarısını şadlıq evinə verib çıxmayasan, toydan sonra borclu qalmayasan? Ona görə də bizdə belə yenilikləri tətbiq etmək mümkün deyil. Mən bu barədə təklif verdim. Təklif bundan ibarət idi ki, 15-20 nəfərlik kampaniyalara icazə verilsin. Bəy və gəlinin adına hesab açılsın. Kimlər iştirak etməyəcəksə, ora könüllü şəkildə gənc ailəyə dəstək üçün pul köçürsünlər. Yəni imkan verin, ailə qurmaq istəyən arzusuna çatsın. Bu işi niyə ləngidirsiniz? Amma yox, burada xalalar, nənələr, bibilər ortalığa düşüb oynamalıdır, 14 növ yeməyi axşam 8-dən sonra yeməlidir. Bunlarsız adətimiz həyata keçmir axı. Ona görə də, təkliflərin heç bir mənası yoxdur. İnsana deyirsən, işini rahatlaşdır, sənə deyir ki, yox, mən xəstəliyimi davam etdirəcəm. Təsəvvür edin müharibə dövründə yaşayırıq. Bu zaman topun, güllənin qabağında küçədə çadır qurub toy edəcəksən? Demək istədiyim odur ki, bu cür dəyişikliləri ancaq bizim ölkəmizdə tətbiq etmək mümkün deyil. Çünki ölkəmizdə yoxsul da, varlı da şöhrətpərəstdir. Heç biri beyinlərindəki sementləşmiş düşüncədən imtina etmək istəmir. Mənim təklifim tətbiq olunsa, insanların çoxu bu sıxıntıdan qurtular".