Dayanacaqlarda yaranan sərnişin sıxlığının səbəbi nədir?
18.04.2020 13:35 Cəmiyyət

Dayanacaqlarda yaranan sərnişin sıxlığının səbəbi nədir?

Koronavirusdan əvvəlki dönəmdə paytaxtda xüsusən günün pik saatlarında avtobus dayanacaqlarında, həmçinin avtobusların içində sərnişin sıxlığı yaşanırdı. Yol-nəqliyyat hərəkətinin tıxac problemi yalnız avtomobillərin tıxacı ilə yekunlaşmır, sərnişinlər arasında da özünü büruzə verirdi. Ölkədə COVID-19 yoluxmasından sonra insanların evdən çıxmalarına məhdudiyyətlər tətbiq edildi, zəruri olmadıqda ictimai nəqliyyatdan istifadə etməmələri üçün çağırışlar oldu. Müşahidələr də göstərir ki, paytaxt küçələrində insan axını virusun yayılmasından öncəki günlərlə müqayisədə xeyli azdır. Lakin eyni sözü avtobus dayanacaqları barədə demək olmur. Hər nə qədər Bakı əhalisinin xeyli hissəsi izolyasiya qaydalarına riayət edərək evlərində qərar tutsa da, avtobus dayanacaqlarında hələ də sərnişin sıxlığına, yəni heç bir sosial məsafə gözləmədən, hətta maska və əlcəklərdən istifadə etmədən cəmləşən insanlara rast gəlirik. Aydındır ki, metronun bağlanması ilə avtobusların üzərinə düşən yük artdı və sərnişin axını təbii olaraq avtobuslara yönəldi. Amma nəzərə almaq lazımdır ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ilk günlərdən xətlərə ekspress avtobuslar buraxdı və müntəzəm avtobusların da fəaliyyətini dayandırmadı. Sərnişin sıxlığının yaranmasında göz önünə gələn digər səbəb isə avtobus sürücülərinə çox sayda sərnişin götürməməklə bağlı verilən tövsiyələr və avtobuslardakı oturacaqlarda sosial məsafənin nəzərə alınmasıdır. Problemin kökünü aydınlaşdırmaq üçün sadaladığımız ehtimallar ətrafında nəqliyyat sektoru üzrə mütəxəssislə hömsöhbət olduq.

Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının professoru Fuad Həsənov “MediaPost”a açıqlamasında bildirdi ki, məsələnin ən yaxşı həlli yolu sərnişinlərin zəruri olmadıqda evdən çıxmamalarıdır:

“Burada ilk olaraq qarşımıza iki variant çıxır. Sərnişin sıxlığını azaltmaq üçün ya xətlərə buraxılan avtobusların sayını artırmaq, ya da əhaliyə verilmiş buraxılışların sayını azaltmaq lazımdır. Belə olduğu halda sərnişin axınında azalma olar. Sərnişinlərin əksəriyyəti heç də evlərindən SMS göndərərək çıxanlar deyil. Onların əksəriyyəti işə getmək üçün evdən çıxanlardır. Nəticədə dayanacaqlarda sıxlıq əsasən səhər saatlarında, əhalinin işə getdiyi vaxtlarda müşahidə olunur. Digər tərəfdən sərnişin avtobuslarında 36 oturacaq var idisə, indiki karantin şəraitində istifadə olunan oturacaların sayı azaldılıb ki, sərnişinlər arasında məsafə saxlanılsın. Bu, pandemiyanın yayılmasına qarşı mübarizə üsullarından biridir. Avtobusları xəttə buraxanda bu məsələni nəzərə almaq lazımdır. Eyni zamanda, avtobusda sərnişin limitinin gözlənilməsinə riayət edildiyi təqdirdə bu da dayanacaqlarda sərnişin sıxlığının yaranmasına təsir göstərir. Sıxlıq çox olanda isə xətlərdəki avtobusların sayını çoxaltmaq məsələsi gündəmə gəlir. Lakin nəzərə almaq lazımdır ki, bu da daşıyıcılar üçün artıq xərc deməkdir. Belə olanda şirkət daha çox qaz və ya yanacaq sərfiyyatı edir və onun rentabelliyi azalır. Ona görə də gərək sərnişinlər zəruri olmadıqca evdən çıxmasınlar, dayanacaqlarda sıx şəkildə çəmləşməsinlər. Çünki bu, pandemiyanın yayılmasını daha da sürətləndirə bilər”.

Xəbərlər departamenti

Gündəm