“Dayanmadan yenilik tələb edənlərin heç özləri sənətkar deyillər” – Əməkdar artistdən ŞƏRH
Aktyorluq sənəti hər bir dövr üçün aktual və önəmli sənətlər sırasında yer alır. Əslində kənardan cəlbedici görünən bu sənətdə nə yüksək məvacib, nə də rahat iş rejimi var. İşi çox, pulu az olan bir sənət olsa da, aktyorlar insanların qəlbində taxt qurur, onların ailələrinin bir üzvünə, sevimlisinə çevrilirlər. Tamaşaçı sevgisi onların qidası, məvacibi, hətta həyatlarının bir mənasıdır.
Bəs bu sənətdə ənənə və ənənəyə sadiqlik nə qədər önəmlidir?
Mövzu ilə bağlı MediaPost-a açıqlama verən aktrisa, professor Gülşad Baxşıyeva qeyd edib ki, bizdə artıq pafoslu danışıqlar uzaqlaşdırılıb, kifayət qədər yeniliklər gəlib:
“Bu dəqiqə çətin bir prosesə düşmüşük, durmadan yenilik tələb edirlər. Özü də bunu deyənlər elə adamlardır ki, onlar sənətkar deyillər. Teatrda yenilik axtarırlar, amma təhsil ocağında, universitetdə onu axtarmaq olmaz. Bura məktəbdir, əlifbanı bilmədən necə yenilik yaradacaqsan? Yenilik onsuz da var, sadəcə bunu biz görürük, başqaları görmək istəmirlər. Bizdən əvvəlkilərdə sənət deyəndə pafos nəzərdə tutulurdu. Amma bizdə artıq pafoslu danışıqdan uzaqlaşma baş verib, nə qədər yeniliklər gəldi. İndi də teatrlarımızda yenilikçilik davam edir. Xüsusən, Gənc Tamaşaçılar Teatrında fərqli rejissorların işlərində çox müşahidə etmişəm. Tədrisdə isə məsələ başqadır. Onda da ölçü daxilində yeniliklər gətirmişik”.