Deaktiv VÖEN-ni olan sahibkarlar da yardım alacaq - Amma...
25.04.2020 12:25 İqtisadiyyat

Deaktiv VÖEN-ni olan sahibkarlar da yardım alacaq - Amma...

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmləri tətbiq edildikdən sonra müəyyən suallar yaranıb. Bunlardan biri də vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) deaktiv etdikdən sonra sahibkarlar üçün yardım almaq imkanlarıdır.

“MediaPost” xəbər verir ki, Azərbaycanda bəzi sahibkarların bir müddət əvvəl VÖEN-ni aktiv olub, lakin sonradan sahibkarlıq fəaliyyətini dayandırdığı üçün özləri tərəfindən deaktiv edilib.

Belə şəxslərin sahibkarlar üçün ayrılan vəsaitdən yardım almaq şanslarını “MediaPost”a şərh edən iqtisadçı ekspert Zaur Qardaşov bildirib ki, bu proses çox sadədir: “Sahibkar yardımı almaq üçün VÖEN-nin aktiv və ya deaktiv olmasının heç bir əhəmiyyəti yoxdur. Əsasən sahibkarın 2019-cu ilin ödədiyi vergi ödənişlərinə baxılır. Burada dövlət o məntiqlə çıxış edir ki, yardım alacaq şəxs nə qədər faydalı sahibkar olub və nə qədər vergi ödəyib. Həmin vergilər də tam məbləğdə sahibkara qayıdır. Həmçinin Vergilər Nazirliyi əsas ona nəzər salır ki, hazırda sahibkarın nə qədər işçisi var. Rəsmiləşdirilən hər işçiyə görə, 100-200 manat arası ödəniş olunur. Bununla da sahibkarın işçisinin maaşının bir hissəsini dövlət öz üzərinə götürür”.

Qeyd edək ki, deaktiv olunan VÖEN-lər cari ilin mart ayının 1-dən sonra deaktiv olunmalıdır. Bu tarixdən tez VÖEN-nini deaktiv edən şəxslər, sahibkarlar üçün ayrılan vəsaitdən yardım almaq imkanlarını itirəcək.

Zaur Qardaşovun sözlərinə görə, vergi güzəştləri məntiqlidir. Belə ki, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında, sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə sadələşdirilmiş vergi məbləği üzrə 50 faizi güzəşt verilməsi nəzərdə tutulur: “Belə bir güzəştlərin olması təqdirəlayiqdir. Çünki hətta karantin rejimi başa çatdıqdan sonra belə otel, restoran və s. müəssisələrin özünü bərpası vaxt alacaq. Bu dövr ərzində onlar ancaq ən yaxşı halda öz ziyanlarını qapaya bilərlər. Odur ki, güzəştlərin edilməsi, belə müəssisələrin vergi yükünü yüngülləşdirəcək”.

Xəbərlər departamenti

Gündəm