Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi
13.12.2019 10:11 Fikirlər

Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi

Dünya siyasət tarixinə "dəmir ledi" kimi düşən Marqaret Tetçer hər zaman birinci olmağı sevirdi. Britaniyanı idarə edən ilk qadın, ardıcıl üç dəfə seçkidə qalib gələn ilk baş nazir, rekord müddətə (11 il yarım) hakimiyyətdə olan ilk ingilis siyasətçi. Ölümündən illər ötsə də, ölkəsində ona münasibət hələ də birmənalı deyil. Bəziləri üçün o, "millətin anası", bəziləri üçün "əcinnə Tetçerdir". Lakin bir məsələdə bütün britaniyalılar eyni mövqeyi paylaşır - Tetçerin şəxsiyyətinə və irsinə biganə qalmaq olmur və bu, əsla mümkün olmayacaq...

TƏRƏVƏZ SATAN ATANIN SİYASƏTÇİ QIZI

Marqaret Tetçer 13 oktyabr 1925-ci ildə əyalət şəhərciyi Qrantemdə anadan olub. Atası Elfrid Roberts tərəvəz dükanının sahibi idi. Tetçerin bioqrafiyası ilə tanışlıqdan sonra çoxları düşünürdü ki, belə şərtlərdə doğulan və yaşayan biri mühafizəkar yox, leyborist olmalı idi. Lakin uşaqlıqdan atası Tetçerə bazar iqtisadiyyatının üstünlükləri haqda çox danışaraq, onda mühafizəkar dəyərləri aşılamışdı.

Marqaret "atasının qızı" olaraq böyümüşdü. Evdar qadın olan anasının həyat tərzi ona qətiyyən uyğun gəlmirdi. Atası ilə birlikdə universitetlərdə mühazirələrə qatılır, kitab oxuyur, radioda siyasi verilişlərə qulaq asırdı. İkinci Dünya savaşı zamanı Uinston Çörçil Marqaretin qəhrəmanına çevrilmişdi. Onun təsirli çıxışları və Böyük Britaniya üçün qazandığı nailiyyətlər gənc qızı siyasətlə məşğul olmağa ruhlandırmışdı.

Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi

Atası Marqareti zəhmətə və ictimai rəydən asılı olmamağa alışdırmışdı. Marqaret məktəb illərində xüsusi qabiliyyətə malik deyildi. Lakin əzmkarlığı və intizamı sayəsində məktəbin ən yaxşı şagirdinə çevrilmişdi. 9 yaşında məktəb yarışında qələbə qazananda Marqaret demişdi: "Xeyr, mənim bəxtim gətirməyib, mən buna layiqəm".

Marqaret məktəbi bitirəndən sonra ali təhsil almaq üçün nüfuzlu Oksford Universitetinə üz tutur. Qeyri-humanitar bir ixtisas seçir. Gələcək Nobel mükafatı laureatı Doroti Hodkinin rəhbərliyi ilə kimya öyrənməyə başlayır. Lakin çox keçmədən seçimində peşman olur və hüquq öyrənməli olduğunu düşünür.


Həmçinin oxu: "Duty Free": gəmidən başlayan nəhəng biznes necə quruldu?


Məzun olandan sonra Dartford şəhərinə köçür və 24 yaşında parlament seçkilərinə qatılmağa qərar verir. Yerli mühafizəkarlar həvəslə onun namizədliyini təsdiqləyirlər. Lakin Dartford ənənəvi olaraq leyboristlərə səs verdiyi üçün Marqaret 1950-ci il seçkilərində məğlub olur. Uğursuzluq Marqaretin özünə inamını ciddi şəkildə sarsıtsa da, təslim olmaq onun prinsiplərinə uyğun deyildi. Üstəlik, həmin il o, nəhayət qəhrəmanı Uinston Çörçillə görüşmüşdü...

Marqaret hüquq fakültəsinə üz tutur və iki il sonra 33 yaşlı varlı iş adamı Denis Tetçerlə evlənir. Sonradan Tetçerin bir çox əleyhdarları bunu mənfəətə hesablanmış nikah adlandırırlar. Denis Marqaretin təlimlərinə və gələcək siyasi kampaniyalarına sponsorluq edirdi.

Marqareti hətta ana kimi də tənqid edirdilər. Deyirdilər ki, qısa müddətdə əkizlərini dünyaya gətirməyə qərar verməsi onun bir daha uşaq sahibi olmaq istəməməsi ilə bağlıdır.

Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi

Artan məşhurluğuna və ərinin siyasi mübarizə üçün verdiyi maddi dəstəyə baxmayaraq, növbəti seçkidə Marqaret yenidən uğursuzluqla üzləşir. Seçicilər hesab edirlər ki, gənc ana parlamentə namizəd ola bilməz.

"TETÇER - SÜD OĞRUSU"...

Uşaqlarını böyüdüb məktəbə göndərdikdən sonra - 1959-cu ildə Marqaret yenidən parlamentə düşməyə cəhd edir. Bu dəfə o, istəyinə çatır. Həmin vaxt hakimiyyətdə mühafizəkarların olması və Tetçerin mühafizəkarlara meyilli dairə seçməsi qələbəyə zəmin yaradır.

Leyboristlər Partiyasının ardıcıl məğlubiyyətdən sonra 1970-ci ildə hakimiyyətə mühafizəkarlar gəlir və Edvard Hitin rəhbərlik etdiyi hakimiyyət Tetçerə təhsil naziri vəzifəsini həvalə edir. Beləliklə də Tetçerin böyük siyasətdəki karyerası başlayır.

Tetçer işində məsuliyyəti və qətiyyətilə seçilir. Lakin bir sıra mübahisəli qərarlara da imza atır. Gələn kimi təhsil büdcəsini azaldır. Onun ən qalmaqallı qərarı məktəbdə səhər yeməyi zamanı varlı ailələrdən olan şagirdlərə pulsuz süd verilməsinin ləğvi olur. Bu addımından sonra mətbuat onu istehza ilə «Thatcher the Milk Snatcher» (Tetçer - süd oğrusu) adlandırır. Bu, onun dövlət idarəçiliyindəki ilk uğursuzluğu idi. Çünki südün qənaət edilməsi dövlət büdcəsinə elə də təsir etməmişdi. Bunun əvəzində uzun illər xalqın mühafizəkarlara qəzəbi soyumamışdı.

Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi

Maraqlıdır ki, ölümündən sonra Tetçerin evinin önünə gül dəstələri ilə yanaşı, süd də qoyurdular.

4 may 1979-cu ildə Marqaret Tetçer uşaqlıq xəyalını gerçəkləşdirir. Cəmi bir səs fərqi ilə baş nazir vəzifəsini leyborist rəqibinin əlindən alır və 11 illik hakimiyyətinin əsasını qoyur...

İNGİLİSLƏR NƏDƏN NARAZI İDİ?

Sosial siyasətinə görə Marqaret Tetçer xalq arasında elə də populyar deyildi. Onun "Tetçerizm" adlandırdığı siyasət büdcə kəsirlərinə qarşı mübarizəyə yönəlmişdi. Bir çox şey də buna qurban verilmişdi: dövlət müəssisələrinə subsidiyalar, təhsil, səhiyyə, mənzil-kommunal xidmətləri xərcləri və s. Bu tədbirlər işçilərin yoxsullaşmasına səbəb olmuş, Böyük Britaniyanın ən varlı subyektlərini isə zərbədən qorumuşdu.

Ölkədə əsl sosial müharibə başlamışdı. Pik nöqtəsi isə ingilis mədənçilərin bir il davam edən tətili olmuşdu. Tətil mədənlərin bağlanmasına və 20 min insanın işdən çıxarılmasına etiraz olaraq başlamışdı. Tetçer etirazlara həmkarlar ittifaqlarının hüquqlarının getdikcə daha çox məhdudlaşdırılması ilə cavab verirdi.


Həmçinin oxu: Texnoçempionlar: dünyanın yeni hakimləri...


Yuxarı təbəqənin sevdiyi, sadə xalqın sevmədiyi Tetçer ard-arda vergilər tətbiq edirdi. Yeni qaydalara görə, ingilislər ailənin yetkinlik yaşına çatmış hər üzvünə görə mənzil vergisi ödəməli idilər. Beləliklə, dəbdəbəli 10 otaqlı mənzildə tək yaşayan milyonçu, 1 otaqlı mənzildə yaşayan çoxuşaqlı ailədən daha az vergi verirdi.

Bütün bunlara görə britaniyalıların keçmiş nazirin ölümünü birmənalı qarşılamaması təəccüblü deyildi. Onların arasında Tetçerin ölümünü küçədə şampanla və "Əcinnə öldü" deyə oxuyaraq qeyd edənlər də vardı.

Polislə açıq qarşıdurma halları da yaşanmışdı. Britaniya qəzetləri mərhum dövlət xadiminin ünvanına təhqiredici fikirlərdən ehtiyat edərək, Tetçer haqqında bütün materialları şərhə qapatmışdılar.

Futbol azarkeşləri xalq arasında populyar olan "Tetçer öləndə ziyafət verəcəyik" şüarını qışqırırdılar.

Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi

XARİCDƏ DAHA ÇOX SEVİLƏN LİDER

Birləşmiş Krallıq xaricində Britaniya baş nazirinə tamamilə fərqli yanaşırdılar. Adi bir dükançının qızının belə yüksəkliklərə qalxması çoxlarında heyranlıq və hörmət oyatmışdı. Bir çoxları üçün o, hələ də tərz ikonu sayılır - ideal saç düzümü, səliqəli makiyaj, mükəmməl rəsmi kostyum və uyğun aksesuarlar...

Tetçer mükəmməl görünməyə vərdiş etmişdi. Çanta onun bu obrazının ayrılmaz parçası idi. "Asprey"dən olan qara rəngli çanta bütün dünyada məşhurlaşmışdı. Həmin çanta ilə ABŞ prezidenti Ronald Reyqan və Sovet lideri Mixail Qorbaçovla danışıqlara getmişdi. Yeri gəlmişkən, sonradan bu çanta hərracda 28 min avroya satılmışdı.

Baş nazirin yaxın ətrafında olanlar danışır ki, o, bir neçə saat ardıcıl olaraq özü üçün bir paltar seçə və ya bir gözəllik salonuna getmək naminə yuxusunu qurban verə bilərdi

"Mən gündə yarım saat yatmağa hazıram. Təki saç düzümüm iş gününün sonuna qədər yaxşı qalsın", - Tetçer deyirdi.

1987-ci ildə Mixail Qorbaçov və həyat yoldaşı Raisa ilə görüşmək üçün SSRİ səfərinə xüsusi diqqətlə hazırlaşmışdı. Hər geyim fərqli bir stilist qrupu ilə birgə düşünülmüşdü. Həm Britaniya, həm də Sovet ictimaiyyətinin səfəri yaxından izləyəcəyini bildiyi üçün Tetçer xoş təəssürat yaratmağa çalışırdı. Britaniya hökumətinin başçısı geyim seçimində lüks "norka" yaxası olan kaşmir paltoya və nəhəng şapkaya üstünlük vermişdi.

1988-ci ildə Sovet lideri ilə görüşdükdən sonra Marqaret Tetçeri "klassik zəriflik nümunəsi" adlandıraraq ən yaxşı tərzi olan məşhurların siyahısına daxil etdilər. Sonralar siyasətçi bunun həyatındakı ən xoşbəxt an olduğunu etiraf etmişdi.

Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi

"DƏMİR LEDİ" LƏQƏBİNİ RUSLAR VERİB

Bu arada, Tetçerə məşhur "dəmir ledi" ləqəbini ilk dəfə 1976-cı ildə Sovet qəzeti "Krasnaya Zvezda" vermişdi. Yalnız bundan sonra ingilislər baş nazirlərini belə adlandırmağa başlamışdılar.

Hökümətin başına gələn kimi Tetçer dizaynerlərə himayədarlıq edərək moda biznesi üçün hər cür dəstək verilməli olduğunu demişdi. Nümunə olaraq da Fransanı göstərmişdi.

Baş nazirin əsas stilisti Marqaret King idi. Məhz o, Tetçeri razı salmışdı ki, işgüzar kostyumları ətəklə geyinsin, donlara isə yalnız ziyafətlərdə və xarici səfərlərdə üstünlük versin.

Tetçer dəbdəbəyə imkanı çatmayan ailədə böyümüşdü. Lakin bu, balaca Marqaretin geyimlərinə təsir etməmidi. Anası peşəkar dərzi idi və ona "Vogue" jurnalındakı nümunələrə uyğun paltarlar tikirdi. Parça endirim zamanı alınırdı, lakin həmişə əla keyfiyyətdə olurdu.

Marqaret Tetçer gündəlik həyatında "Salvatore Ferragamo"dan alış-veriş edir, siyasi kampaniyalar üçün bütün paltarları qədim Britaniya markası "Aquascutum"un olduqca bahalı mağazasından satın alırdı.

Bir vaxtlar Çörçil, Monako şahzadəsi Rainier və digər siyasətçilər, aristokratlar və sənətçilər bu markadan geyinirdi. Tetçer etiraf edirdi ki, bir çox qadın kimi o da geyimə laqeyd qala bilmir.

"Lakin daha vacibi geyiminlə siyasi baxımdan düzgün təəssürat yaratmaqdır", - deyə öz bioqrafiyasında yazmışdı.

Tetçer ciddi geyimlərinə rəng qatmaq üçün zərif broşlar taxırdı. Onun böyük kolleksiyasında ağaclar, həşəratlar, çiçəklər şəklində broşlar vardı. Dizaynerlər öz xidmətlərini Tetçerə təqdim etmək üçün yarışırdılar. Məsələn, "Chanel" moda evi çiçək şəklində platin broş hazırlayaraq ona Tetçerin adını vermişdi.

İşçiləri arasında belə söhbət gəzirdi ki, üzərindəki zinət əşyasından Tetçerin əhvalını və danışıqlar zamanı siyasi problemə baxışını müəyyən etmək olurdu.

Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi

DAŞ-QAŞ VƏ DƏBDƏBƏ HƏVƏSKARI

Marqaret daş-qaşı o qədər sevirdi ki, eyni anda böyük sırğalar, muncuqlar, üzüklər, bilərzik və broş taxmaqdan çəkinmirdi. Stilistlər ona xüsusilə zərgərlik məsələsində təmkinli olmağı tövsiyə edirdilər. Xüsusilə boynundakı incilərdən imtina etmək tövsiyə olunmuşdu. Lakin Tetçer razılaşmırdı. Baş nazirin ən çox sevdiyi rəng mavi idi. Onun əksər geyimləri bu rəngin müxtəlif çalarlarına olurdu. Bu həm də bir növ PR idi: mavi Mühafizəkarlar Partiyasının rəngi idi. Tetçer toyunda da eyni rəngdə paltar geyinmişdi.

Tetçer tədbirlərin birinə Kraliça II Yelizavetanın seçdiyi geyimə çox bənzər bir paltarda gəlir. Bundan sonra kraliçanı tədbirlərdə hansı geyimləri geyəcəklərini müzakirə etməyə dəvət edir. Lakin Kraliça imtina edir...


Həmçinin oxu: 2020-ci il üçün ağlasığmaz proqnozlar: dünyanı nə gözləyir?


Baş nazir postundan ayrıldıqdan sonra Tetçer "Baronessa" titulunu alır və kifayət qədər zəngin yaşamağa davam edirdi. Ailəsi ilə birlikdə Londonun nüfuzlu bölgələrindən birinə - "Belgravia"ya köçür. Keçmiş siyasətçi buradakı malikanədə 22 il yaşayır. Malikanənin birinci mərtəbəsində yemək otağı və bir ofis, ikinci mərtəbəsində qonaq otağı və kitabxana, üçüncü mərtəbəsində soyunma otağı və əsas yataq otağı, dördüncü mərtəbəsində şüşə damlı terras vardı. Güllə keçirməyən pəncərələri və giriş qapısı olan bu malikanə sonradan 30 milyon funt sterlinqə satılmışdı.

Tetçer 2013-cü ilin 8 aprelində 87 yaşında dünyasını dəyişdi. O gün London sanki donmuşdu. Britaniya paytaxtının mərkəzində ictimai nəqliyyatın hərəkəti dayanmışdı. "Dəmir ledi"nin dəfn mərasimini görmək və onu son mənzilə yola salmaq üçün bir çoxları ərazidə gecədən keşik çəkirdilər. Küçələrə toplaşanlar Britaniyanın ilk qadın baş naziri Marqaret Tetçeri sevənlər və ona nifrət edənlər idi. Tetçeri sevməyənlər öz münasibətlərini kortecə arxa çevirməklə nümayiş etdirirdilər.

Dəfn gününü əvvəldən ssenariləşdirən dövlət xadimi

2500 VİP-QONAQ, ƏNƏNƏSİNİ POZAN KRALİÇA...

Dəfn dövlət səviyyəsində təşkil edilməmişdi. Buna baxmayaraq, hər şey məhz o statusa uyğun idi. 2500 yüksək vəzifəli qonaq iştirak edirdi. Onların arasında kral ailəsinin üzvləri də vardı. Mərasimə hətta kraliça II Yelizaveta da gəlmişdi. Maraqlıdır ki, kraliça Çörçilin ölümündən sonra heç bir baş nazirin dəfninə qatılmamışdı.

Marqaret Tetçer öz dəfni üçün ssenarini əvvəlcədən düşünmüşdü - kişilər qara smokində, qadınlar matəm üçün nəzərdə tutulan donda. Ssenaridə baş nazirin (o dövrdə Britaniya parlamentinə Devid Kameron rəhbərlik edirdi) başsağlığı nitqi ilə çıxış etməsi, həmçinin hərbi təyyarələrin London üzərindən uçuşu (Britaniyanın hərbi uğurlarında rolunun ifadəsi kimi. Tetçerin baş nazir olduğu illərdə ingilislər 1982-ci il Folklend savaşında zəfər qazanmışdılar) da əksini tapmışdı. Dəfn üçün ölkə büdcəsindən 10 milyon funt sterlinq xərclənmişdi ki, bu da Birləşmiş Krallığın subyektləri tərəfindən birmənalı qarşılanmamışdı.

"Şahzadə Diananın dəfni ilə müqayisə oluna bilən əzəmətli bir mərasim idi", - mətbuat Tetçerin son mənzilə yola salınmasını belə təsvir etmişdi...

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm