Deputat: "BNA karantin dövründə üzərinə qoyulmuş vəzifənin öhdəsindən gəldi"
27.04.2020 10:47 İqtisadiyyat

Deputat: "BNA karantin dövründə üzərinə qoyulmuş vəzifənin öhdəsindən gəldi"

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün artıq bir aydan çox müddətdir ki, xüsusi karantin rejimi elan olunub. Bu gündən etibarən isə karantin rejiminin yumuşaldılmasına başlanılıb.

Xüsusi karantin rejiminin tətbiq olunduğu bu dövrdə insanların daha çox, yoluxma ehtimalının isə yüksək olduğu ictimai nəqliyyatın üzərinə daha böyük yük düşürdü.

Bəs karantin dövründə ictimai nəqliyyat necə idarə olundu? Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü işləri vaxtında və effektiv görülmüş işlər hesab etmək olarmı?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi bir çox sahələrdə məhdudiyyətlərin həyata keçirilməsini gündəmə gətirdi:

"O cümlədən, əhalinin daha çox və sıx təmasda olduğu ictimai nəqliyyatda da karantin tədbirlərinin tələbləri gözlənildi. BNA tərəfindən şəhərdaxili marşrutlar üzrə işləyən avtobusların dezinfeksiya aparatları ilə təmin olunması, daşınan sərnişinlər arasında sosial məsafənin gözlənilməsi üzrə qaydaların müəyyən olunması buna əsas nümunələrdən biridir. Məhz insanların daha çox cəmləşdiyi və bir-birinə yaxın olduğu marşrut avtobuslarında sosial məsafə qaydaları, sərnişinlərin müəyyən limit daxilində marşrutlara qəbul edilməsi, infeksiyadan qorunma üçün dezinfeksiya vasitələrindən istifadəyə imkan yaradılması, avtobus salonlarının tez-tez dezinfeksiya olunması kimi tədbirlər karantin tədbirlərinə yüksək dərəcədə əməl edildiyini deməyə imkan verir. Həmçinin, metropolitenin fəaliyyətinə müvəqqəti olaraq qoyulmuş məhdudiyyətin ardından BNA tərəfindən tez və operativ şəkildə ekspress marşrutların təşkil olunması qurumun hadisələrə çevik reaksiya verdiyini sübut etdi".

Deputat: BNA karantin dövründə üzərinə qoyulmuş vəzifənin öhdəsindən gəldi

Millət vəkili qeyd etdi ki, hər bir sahədə karantin tədbirlərinin yüksək səviyyədə icrası bu gün ölkəmizdə koronavirus pandemiyasına yoluxanların sayının sağalanların sayından kifayət qədər az olmasına gətirib çıxardı və vəziyyəti nəzarət altında saxlamağa imkan yaratdı:

"Bir çox böyük iqtisadiyyata malik ölkələrdə demək olar ki, koronavirus ilə mübarizənin nəzarət altından çıxdığının şahidi oluruq. Lakin bizim ölkəmizdə vaxtında və düzgün atılmış addımlar, bu addımlara müəyyən qurumlar tərəfindən yüksək səviyyədə əməl olunması bu gün yüksək nəticənin əldə olunmasını şərtləndirdi".

A. Badamov əlavə edib ki, karantin dövründə bir çox dövlət qurumları və eləcə də, BNA üzərinə qoyulmuş vəzifənin öhdəsindən gəldi.

Xəbərlər departamenti

Gündəm