Deputatdan təklif: "Pay torpağından istifadə edə bilməyənlərə də yardım ayrılsın"
25.04.2020 13:14 Daxili siyasət

Deputatdan təklif: "Pay torpağından istifadə edə bilməyənlərə də yardım ayrılsın"

Ötən gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclasda cari məsələlərin müzakirəsi zamanı parlamentin komitə sədrləri və deputatlar müxtəlif məsələlərlə bağlı fikirlərini açıqlayıblar. Müzakirədə bir neçə millət vəkili maraqlı təkliflərlə çıxış edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə iki məsələ qaldırıb.

Millət vəkili deyib ki, adına kiçik torpaq sahəsi olan şəxslər koronavirus pandemiyası ilə əlaqədar dövlətin ayırdığı işsizliyə görə verilən 190 manat birdəfəlik mavinət ala bilmirlər: “Onların heç də hamısı həmin torpaqlardan istifadə edə bilmirlər. Təklif edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı ayrıca məşğul olsun. Həmin insanların torpaqdan istifadə edib-etmədiyi araşdırılsın. Əgər onlar torpaq sahəsindən istifadə edə bilmirlərsə, həmin vətəndaşlara da yardım ayrılsın. Azərbaycan Prezidenti yardım alacaq şəxslərin sayını 200 mindən 600 minədək qaldırılması barədə tapşırıq verib və həmin kateqoriya insanlar da həmin siyahıya salına bilərlər”.

Deputat həmçinin çıxışı zamanı təklif etdib ki, koronavirus pandemiyası ilə əlaqədər həbs müddətinin bitməsinə 1 il, 1 il yarım qalmış məhkumların cəzasının qalan hissəsi ya tam bağışlansın və ya o azadlığa buraxılaraq nəzarət qolbağı vasitəsi ilə polis nəzarətinə verilsin.

Millət Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə çıxışı zamanı Aliment Fondunun yaradılması təklifini səsləndirib. Deputat bildirib ki, bununla yüzlərlə uşaq çətin vəziyyətdən xilas edilə bilər.

O, hər gün övladları ilə çətin vəziyyətdə qalmış analar tərəfindən xeyli sayda məktub və müraciətlər aldığını bildirib: “Hər ay aliment almaqda çətinlik çəkən və bu səbəbdən övladlarını böyütməkdə ciddi çətinliklərlə üzləşdiyini deyən qadınların müraciətlərini dinləyirik. Bu gün məhkəmə qərarlarının icrası sahəsində də ən ciddi problemlərdən biri məhz alimentlərin ödənilməsi məsələsi ilə bağlıdır. Bu səbəbdən uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin ödənilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən xüsusi Aliment Fondunun yaradılmasına böyük ehtiyac var”.

Xəbərlər departamenti

Gündəm