Deputatlıq iddiası: "Bu adın ağırlığını çiynində daşımağı bacarmırlar"
10.12.2019 11:16 Fikirlər

Deputatlıq iddiası: "Bu adın ağırlığını çiynində daşımağı bacarmırlar"

Qarşıdan gələn növbədənkənar parlament seçkilərində xeyli sayda insan millət vəkili olmaq üçün şanslarını sınamaq niyyətindədir.

Yeni seçkilər ərəfəsində xüsusilə gənclərin fəallığı müşahidə edilir. Azərbaycan qanunvericiliyinə əsasən, hər kəsin müəyyən olunmuş qaydada seçmək və seçilmək hüququ var.

Lakin burada bir məqam var ki, “deputat olmaq istəyirəm” iddiası ilə deputat statusu almaq arasında fərq var. Bunun üçün ilk olaraq hüquqi savad və təcrübə zəruridir.

İctimai-siyasi arenada tanınan simalar, bir çox söz sahibləri bu məsələ ilə bağlı fikirlərini bildirib. Onlardan bəziləri gənclərin aktivliyindən məmnunluğunu ifadə etsə də, bir çoxları bu istəyin ölkə mentalitetinə xas olan “mənəm-mənəmlik” iddiasından irəli gəldiyini bildirir.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa Mediapost.az-a açıqlamasında söyləyib ki, hər kəs özünütəsdiq üçün müəyyən vasitələrə əl atır, o da gənclərin bu istəyinə normal yanaşır:

“Elə gənclər var ki, özlərini siyasi arenada doğrulda bilirlər. Biz insanların potensialını görünüşcə kəşf edə bilmərik. İnsanlar var ki, müəyyən prosesin içində öz potensiallarını daha dolğun ortaya qoya bilir. Hər kəsin öz karyerasını qurmaq üçün istəyi ola bilər və bunu məhdudlaşdırmaq doğru deyil”.

Deputat bu məsələdə diqqətdə saxlanılması vacib olan məqamların olduğunu qeyd etdi:

“Burada bir məsələ var, insanlar özünü hansı ampluada görürsə, ona uyğun hazırlıq səviyyəsində olmalıdır. Diqqət edirsinizsə, insanlar deputat ola bilir, lakin bu adın ağırlığını çiynində daşımağı bacarmırlar. Bu da sonradan onların nüfuzuna daha çox təsir göstərir. Halbuki onlar öz qabiliyyətlərinə uyğun sahədə daha çox uğur qazana bilərdirlər. Məsələn, bir adam gedir, elmlər namizədi olur, diplomu alıb evə qoyur. Amma savadı olmadıqdan və o yükü götürə bilmədikdən sonra auditoriya qarşısına çıxa bilmir. Bu sonradan onun üçün utanverici bir vəziyyətə çevrilir. Yəni insanlar qaldıra biləcəyi yükün altına girməlidir. Onda özləri də rahat olacaq. Amma indiki halda şəxs əgər deputat olub, cəmiyyətə xidmət etmək istəyirsə, bunu normal qarşılayıram. Kim layiqdirsə, o da olacaq”.

Fazil Mustafa əlavə edib ki, deputat olmaq istəyən şəxslər bir çox vacib kriteriyalara sahib olmalıdır:

“Fikrimcə, deputat olmaq istəyən şəxs siyasi, iqtisadi və hüquqi biliklərə sahib olmalıdır. Çünki bu, olduqca önəmlidir. Müəyyən dərəcədə də beynəlxalq arenada baş verən proseslərlə bağlı anlayışı olmalıdır. Bunlar olarsa, daha modern tələblərə cavab verən deputat kimi formalaşmaq mümkündür”.

Xəbərlər departamenti

Gündəm