Dərsə görə narazılıq edən valideynləri səmimi qəbul etmirəm - Professor
15.04.2020 13:46 Fikirlər

Dərsə görə narazılıq edən valideynləri səmimi qəbul etmirəm - Professor

“Dərsə getmək dəyərdir, sağlamlığı qorumaq ali dəyərdir. İndi belədirsə, Təhsil Nazirliyi, yaxud da Nazirlər Kabineti birinci məktəbi deyil, uşaqların sağlamlığını əsas götürməlidir. Buna görə də mən düşünürəm ki, çox düzgün qərar qəbul edilib”

Bunu karantin rejimində təlim-tədris mərkəzlərinin bağlanması ilə bağlı “MediaPost”a açıqlamasında Təhsil Nazirliyinin İctimai Şurasının sədri, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, əvvəllər valideynlər övladlarına bir saat vaxt ayırırdılarsa, indi bu müddəti artırsınlar ki, uşaqlar savadlı olsun:

“Təbii ki, söhbət müsbət fəsadlardan gedə bilməz. Hazırda hansısa təlim-dərs prosesi yarımçıq qalır, bu, belədir. Amma burada böyük və kiçik bəla anlayışları var. Dəyər var, bir də ali dəyər. Dərsə getmək dəyərdir, sağlamlığı qorumaq ali dəyərdir. İndi belədirsə, Təhsil Nazirliyi və yaxud da Nazirlər Kabineti birinci məktəbi deyil, uşaqların sağlamlığını əsas götürməlidir. Buna görə də mən düşünürəm ki, çox düzgün qərar qəbul edilib. Bizim təhsil həftəmizin sayı bir neçə il bundan əvvəl 32 idi. Sonra 35 həftəyə artırıldı. Amma onda heç kim sevinmədi ki, nə yaxşı bizim təhsil müddətimizi belə elədilər, ancaq indi bir neçə həftə dərsə getməməyi hamı narazılıqla qarşılayır. Burada sevinc hissi olmadır. Ona görə də mən belə narazılığa səmimi yanaşmıram. Deyənlərin yanaşmasını səmimi qəbul etmirəm.

Bəli, dərslik verilməlidir. Burada iki məsuliyyətli subyekt var. Birincisi, dövlətdir ki, Təhsil Nazirliyi bunu edir. İkicisi, valideyndir. Əgər dövlət məktəbi işlədə bilmirsə, valideyn uşağına daha çox vaxt ayırmalıdır. Əvvəllər valideynlər uşaqlarına bir saat vaxt ayırırdılarsa, indi bu müddəti artırsınlar ki, uşaqlar savadlı olsun. Bu çox asandır. Siz mənə Bakının arxitekturası haqqında yarım saat danışa bilərsiniz? Bu binanı kim neçənci ildə tikib, memarı kim olub və s. Əvvəlcə öz yaşadığımız şəhəri öyrənək, bu da bilikdir. Düzdür, bu, məktəbdə verilən bilik deyil, ancaq bu da gözəl bilikdir. Şəhəri gəzəndə deyəcəksiniz ki, bura “İsmailiyyə” küçəsidir, bunu milyarder oğlu İsmayılın adına tikdirib. Bilik yalnız məktəbdə verilmir. Öyrənə bilsən, qəbiristanlıq da, bütün təbiət, kainat da dərsxanadır.

Biz elə etməliyik ki, nə şagirdlərimiz, tələbələrimiz, hərbçilərimiz zərər görməsin. Dövlət də diqqəti buna yönəldib”.

Azadə Yolçu

Xəbərlər departamenti

Gündəm