Dilçilik İnstitutu vahid transliterasiya hazırlayır - EKSKLÜZİV
04.02.2020 10:25 Fikirlər

Dilçilik İnstitutu vahid transliterasiya hazırlayır - EKSKLÜZİV

Son günlər Çinin Uhan şəhərində yayılan koronavirusla əlaqədar bu şəhərin adı mediada tez-tez hallanır. Maraqlıdır ki, müxtəlif sayt və qəzetlər sözügedən şəhərin adını bir neçə versiyada “Uhen”, “Uhan”, “Uxan” və “Uxen” formasında yazırlar. Mediada yaranmış bu çaşqınlıq həm də internetdə axtarış zamanı informasiyaların tapılmasında çətinlik yaradır.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, şəhər adları transliterasiya olunarkən ilkin mənbəyə əsaslanaraq dilimizə uyğunlaşdırılmalıdır:

“Bizdə Çin dili üzrə mütəxəssis yoxdur. Mən də daha çox “Uxan” versiyasını eşitmişəm, amma orijinal versiyada “Wuhan” yazılırsa, biz də Avropa mənbələrinə istinadən yazmalıyıq. Əgər onlar bu şəhərin adını “h” ilə yazırsa, biz də “Uhan” yazmalıyıq”.

Dilçilik İnstitutu vahid transliterasiya hazırlayır - EKSKLÜZİV

M.Nağısoylu ölkə və şəhər adlarının mediada bir neçə versiyada yazılmasının səbəbini belə izah edib:

“Adətən xəbərləri dilimizə çevirən şəxlərin bir qismi rus dilinə istinad edir. Ruslarda “h” hərfi olmadığı üçün şəhərin adını bizdə də “Uxan” formasında yazılır. Bəziləri isə türk və ya başqa dillərə istinadla şəhərin adını “Uhan” yazır”.

M.Nağısoylu bildirib ki, yaranan çaşqınlığı aradan qaldırmaq üçün Dilçilik İnstitutu tərəfindən transliterasiya proqramı hazırlanır:

“Hazırda bizdə transliterasiya proqramı üçün hazırlıq işləri görülür. Həmin proqrama əsasən bütün ölkə və şəhər adları vahid formada hazırlanır. Bu proqramın hazırlanmasında əsasən fonetik prinsipə istinad edilir. Yəni bizim dildə necə səslənirsə, yazılışı da ona uyğun olmalıdır”.

M.Nağısoylu transliterasiya proqramının nə vaxt hazır olacağı ilə bağlı məlumat verməyib.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm