"Dostları" Ermənistanı tək qoyub - "Əl-cəzirə" nəşri
06.11.2020 12:16 Qarabağ Azərbaycandır

"Dostları" Ermənistanı tək qoyub - "Əl-cəzirə" nəşri

Beynəlxalq xəbər agentliyi "Aljazeera" Azərbaycan və Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayımlayıb.

"MediaPost" xəbər verir ki, məqalədə Dağlıq Qarabağın tarixi, Rusiya, Türkiyə və İranın bölgədəki mövqeyi və İsrail-Azərbaycan münasibətlərinə yer verilib.

Yazıda həmçinin Dağlıq Qarabağın beynəlxalq müstəvidə Azərbaycana aid olduğu, ATƏT-in Minsk qrupunun problemi 30 ildir həll etmədiyi qeyd olunub.

Bildirilib ki, Ermənistan sıx əlaqələri olan "dostlarından" dəstək görməyib. Belə ki, Ermənistanın Rusiya ilə qarşılıqlı müdafiə müqaviləsi, İran ilə dostluq əlaqələri və Qərb ölkələri ilə (xüsusilə Fransa) tarixi yaxınlıq əlaqələrinin olmasına baxmayaraq, heç biri lazımi köməyi etməyib.

Müəllif yazıda Paşinyanın Putinə yazdığı məktubla ondan kömək istədiyini, lakin aldığı "Hərbi əməliyyatlar Ermənistan ərazisinə keçsə, müdaxilə ediləcək" cavabı ilə xəyal qırıqlığı yaşadığını qeyd edib.

Digər tərəfdən müqavilədə İranın neytral mövqe nümayiş etdirməsinə və problemin həll edilməsində vasitəçilik etməsinə İrandakı milyonlarla azərbaycanlının yaşamasının səbəb olduğu vurğulanıb. Çünki İranın Ermənistanın lehinə çıxış edəcəyi təqdirdə, bunun həm Azərbaycanla İran arasında münaqişələrə, həm də İranın daxilində iğtişaşlara səbəb olacağı ifadə olunub. Bununla yanaşı, bölgədə Türkiyənin güclənməsinin də İranın xeyrinə olmayacaq. 

Məqalədə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğu bildirilib. Müəllifin fikrincə, burada həm qardaş Azərbaycana kömək etmək, həm də məsələnin ədalətlə həllinə töhfə vermək, o cümlədən bölgədəki mövqelərini möhkəmləndirmək məqsədi var.

Son olaraq İsrailin də Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməsində məqsədin strateji əməkdaşlığa dayandığı vurğulanıb. Belə ki, İsrail Bakıya silah, kənd təsərrüfatı texnologiyası və s. ixrac etsə də, neft və təbii qazı Azərbaycandan idxal edir.

Anara Mikail

Gündəm