Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Azərpoçt” yeni layihəyə başlayıb
01.11.2019 06:53 İqtisadiyyat

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Azərpoçt” yeni layihəyə başlayıb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və "Azərpoçt" MMC tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə birgə layihə təqdim edilib.

Bu barədə DANX-dən məlumat verilib.

Artıq kənd sakinləri paytaxt Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etməklə yanaşı, yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər.

Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü və saatı müəyyən edildikdən sonra sərnişin biletini əldə edə biləcək.

Göstərilən xidmət "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə icra olunur. Layihənin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq start verilib.

Bildirilib ki, layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də öz töhfəsini vermiş olacaq.

Xəbərlər departamenti

Gündəm