Dövlət Komitəsi uşaqlara ot yedirdən şəxsin həbsi ilə bağlı açıqlama yaydı
14.04.2020 20:04

Dövlət Komitəsi uşaqlara ot yedirdən şəxsin həbsi ilə bağlı açıqlama yaydı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə uşaqların alçaldılaraq ot yeməyə məcbur edildiyini əks etdirən görüntülərlə bağlı növbəti dəfə açıqlama yayıb.

"MediaPost" xəbər verir ki, Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Report”a açıqlamasında bildirib ki, həmin videogörüntülərlə əlaqədar aparılan araşdırmalar nəticəsində çəkilişin Şamaxı rayonunun Dağbağırlı kənd sakini İkram İmran oğlu Xudiyev tərəfindən lentə alınıb yayıldığı məlum olub.

“Bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə birlikdə araşdırmalar aparılıb. Araşdırmalarla müəyyən edilib ki, videogörüntülərdəki uşaqlardan biri İkram Xudiyevin öz övladı, digəri isə əmisinin nəvəsidir. Görüntülərdə uşaqları alçaldan hallar müəyyən olunub. Çünki uşaqların həmin hərəkətləri etməyə məcbur edilməsi birbaşa uşaq hüquqlarının pozulması deməkdir. Ona görə də həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 388.1.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib. Həmin maddəyə əsasən vətəndaş yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərini pozub”, - o qeyd edib.

Şöbə müdiri vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu cür halları pisləyir: “Bu cür halların hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq məsələyə hüquqi qiymət verilməsi valideynlərin uşaq hüquqlarına diqqətini artırmaq, eyni zamanda valideyn məsuliyyətinin artırılması üçün çox önəmlidir. Bu, gələcəkdə oxşar hadisələrin qarşısının alınmasına görə bizim üçün çox vacibdir. Məsələ təkcə cəzalandırmaq deyil, eyni zamanda bu kimi hadisələrin valideynlər tərəfindən təkrarlanmaması üçün ictimaiyyəti məlumandırmaqdan ibarətdir. Valideynlər bilməlidir ki, uşaqların öz hüquqları var. Ona görə də uşaqları alçaltmaq və təhqir etmək olmaz. Çünki bu, artıq məsuliyyət yaradır. Ümumiyyətlə, uşaqlara qarşı zorakılıq yolverilməzdir. Dövlət tərəfindən də bu, hər zaman diqqətdə saxlanılır”.

Xəbərlər departamenti

Gündəm