Dövlət Neft Fondu bu ilə olan planlarını açıqlayıb
27.02.2020 14:32 İqtisadiyyat

Dövlət Neft Fondu bu ilə olan planlarını açıqlayıb

Bu məqsədlə 2020-ci il üçün Neft Fondunun fəaliyyətini əsasən iki istiqamət üzrə qruplaşdırmaq olar:

"MediaPost" xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

"İnvestisiya portfelinin risklərinin minimallaşdırılması ilə bağlı işlər. ARDNF-in qarşısında duran ən önəmli məsələlərdən biri məhz investisiya risklərinin azaldılması təşkil edir. Cari il ərzində xüsusilə sabit gəlirli qiymətli kağızlar üzrə yüksək kredit reytinqinə malik, daha az qiymət dəyişkənliyi riski ilə müşayiət olunan istiqrazların çəkisinin əhəmiyyətli şəkildə artırılması hədəflənib. Belə ki, ən məqbul alqı-satqı şərtləri ilə korporativ istiqrazlar ən yüksək kredit reytinqli dövlət və dövlətə bağlı agentliklərin istiqrazları ilə əvəz ediləcəkdir. Bu isə öz növbəsində xüsusilə səhm investisiyaları diqqətə alınaraq investisiya portfeli üçün daha uyğun risk/gəlirlilik profilinə nail olmağa şərait yaradacaq. Bununla yanaşı, digər investisiya aktivləri, xüsusilə daşınmaz əmlak və özəl səhmlərlə bağlı mövcud strategiya, eləcə də cari bazar konyukturasının ətraflı təhlilləri əsas götürülməklə müvafiq yatırımlar həyata keçiriləcək" -deyə İsrafil Məmmədov bildirib.

Növbəti istiqamət isə vəsaitlərin valyutalar üzrə bölgüsündə avronun xüsusi çəkisinin azaldılması ilə bağlı işlərdir. Bildiyiniz kimi ARDNF-in 2020-ci il üzrə investisiya siyasətinə uyğun olaraq investisiya portfelində avronun payı 35 faizdən 20 faizə endirilib. Buna əsas səbəb isə Neft Fondunun investisiya portfelinin valyuta bölgüsündə avro ilə ifadə olunan aktivlərin çəkisinin beynəlxalq maliyyə bazarlarında müvafiq nüfuzlu indekslərdəki, beynəlxalq valyuta ehtiyatlarındakı tutduğu çəki ilə nisbətdə daha yüksək olmasıdır. Bununla yanaşı, bilirsiniz ki, avro bazarlarında uzun müddətdir ki, aşağı və ya neqativ faiz dərəcələri müşayiət olunur, bu da öz növbəsində xüsusilə sabit gəlirli qiymətli kağızlar portfeli üçün əlavə təhdidlər yaradır. Cari ildə bu işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulur. Belə ki, avroda ifadə olunan sabit gəlirli qiymətli kağızlar qaytarılma müddəti başa çatdıqca və ya xüsusi alqı-satqı strategiyası əsasında ən məqbul şərtlərlə satılaraq ABŞ dollarına konvertasiya ediləcək və müvafiq aktivlərdə yerləşdiriləcək.

Xəbərlər departamenti

Gündəm