Dövlət strukturlarının bu sahədəki fəaliyyəti özəl sektora müsbət təsir edir - ŞƏRH
04.02.2020 13:54 İqtisadiyyat

Dövlət strukturlarının bu sahədəki fəaliyyəti özəl sektora müsbət təsir edir - ŞƏRH

Bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Azər Allahverənov Prezident İlham Əliyevin fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı ictimai nəqliyyat sektoru ilə bağlı çıxışı barədə açıqlama verərkən deyib.

Ekspert ictimai nəqliyyat sektorunda islahatların aparılmasının günün tələbi olduğunu bildirib: “Çünki ictimai nəqliyyat sektoru gün ərzində yüz minlərlə insanı daşıyan nəqliyyat vasitələrinin işinin təşkili vasitəsilə baş verir.

Bakı şəhərində sərnişin daşımaları əsasən ictimai nəqliyyat sektorunda daha çox avtobuslar və metropoliten vasitəsilə həyata keçirilir. Bu baxımdan avtobus parkının yenilənməsi, müasir tipli avtobusların ölkəyə gətirilməsi, təhlükəsizlik tələblərinə cavab verən avtobusların xətlərə buraxılması olduqca vacib bir məsələdir. Maddi-texniki bazası güclü olan sərnişindaşıma xidmətlərini həyata keçirən şirkətlərin işinin bu səpkidə qurulması, peşəkar avtobus sürücüləri bazasının formalaşdırılması və bu istiqamətdə zəruri tədris proqramlarının həyata keçirilməsi və s. hamısı bir-birilə bağlı olan məsələlərdir. Azərbaycanda ictimai nəqliyyat sektorunda sadaladığım bütün istiqamətlər üzrə, xüsusilə Bakı şəhərində müvafiq işlər həyata keçirilir. Artıq bir il ərzində 300 müasir tipli avtobuslar gətirilərək sərnişinlərin ixtiyarına verilib və bu proses davam edir.

Dövlət strukturlarının bu sahədəki fəaliyyəti özəl sektora müsbət təsir edir - ŞƏRH

Yol-nəqliyyat eksperti Azər Allahverənov


Avtobuslarda nağdsız ödəniş sisteminin tətbiq olunması da günün aktual mövzularından biridir. Bu səbəbdən Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlər qarşısında kart sisteminə keçidlə bağlı tələb qoyub. Sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlər bu tələblərin təmin olunmasında maraqlıdırlar, əks halda şirkətlər marşrut xətlərini itirmək təhlükəsi ilə üz-üzə qala bilərlər. Bu da son nəticədə sözügedən şirkətlərin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb ola bilər. Çünki onlara məxsus olan bəzi marşrut xətləri tender vasitəsilə digər daşıyıcı şirkətlərə verilə bilər.

Təbii ki, bütün bunlar bilavasitə dövlətin aidiyyəti strukturları tərəfindən həyata keçirilən siyasət çərçivəsində baş verir. Faktiki olaraq dövlət strukturları bu məsələni xüsusi nəzarətdə saxlayırlar”.

Ekspert ölkə başçısının ictimai nəqliyyat sektoru ilə bağlı çıxışının bu sahədə keçirilən islahatlara göstərilən diqqətin bariz nümunəsi olduğunu söyləyib:

“Hesab edirəm ki, artıq daşıyıcı şirkətlər fəaliyyətini qoyulmuş tələbələrə uyğun qurmaqda maraqlıdırlar. Bu belə olduğu təqdirdə həmin daşıyıcı şirkətlərin xidmətindən istifadə edən sərnşinlərin sayı çoxalacaq və onların gəlirləri artmış olacaq. Beləliklə, ictimai nəqliyyatın özəl sektoru fəaliyyətinin daha təkmil və daha keyfiyyətli şəkildə qurulması istiqamətində zəruri işlər həyata keçirə biləcəklər. Yəni dövlət bu sahəyə müəyyən sərmayə yatırmaqla daşıyıcı şirkətlərin xidmət səviyyəsinin artmasına təkan vermiş olur”.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm