“Dövlətin yardımları ilə yanaşı, insanlar da bir-birinə yardım etməyə üstünlük verir" - Politoloq
16.04.2020 10:17 Cəmiyyət

“Dövlətin yardımları ilə yanaşı, insanlar da bir-birinə yardım etməyə üstünlük verir" - Politoloq

Həmişə Azərbaycanın milli-mənəvi dəyərlərində humanizm, mərhəmət, xeyirxahlıq nəciblik kimi aşılanıb. Bu nəciblik valideyndən övlada, övladdan ailəyə, ailədən cəmiyyətə, cəmiyyətdən dövlətə ötürülən bir zənginlikdir. Buna görədir ki, heç vaxt uşaqlar, yaşlı insanlar, kimsəsizlər, xəstələr, həssas qruplar, bir sözlə, ehtiyaclılar diqqətdən kənar qalmayıb, o zənginlikdən bir pay ala biliblər.

Xüsusi karantin rejimində də paytaxtda və regionlarda dövlət yardımları davam etdirilir. Bununla yanaşı, yardımlaşmanı müxtəlif xeyriyyə qurumları, imkanlı şəxslər, sənət adamları, peşə sahibləri də fərdi formada edirlər.

Mövzu ilə bağlı “MediaPost”a münasibət bildirən politoloq İlyas Hüseynov pandemiya dövründə belə yardımlaşmaları Azərbaycanda birliyin, milli vəhdətin olması ilə əlaqələndirib. O bildirib ki, belə xoş hallar digər insanları da yardımlaşmağa təşviq edir:

“Dövlətin yardımları ilə yanaşı, insanlar da bir-birinə yardım etməyə üstünlük verdi. Bu yardımlaşma həm Bakı şəhərində, həm də bölgələrdə müşahidə olundu. Əsasən kimsəsiz, imkansız ailələrin, yaşlı insanların gündəlik ərzaq təminatı, qayğıları ilə maraqlanılırdı. Bu kampaniyada nəinki millət vəkilləri, imkanlı şəxslər, sənət adamları, eyni zamanda sadə insanlar da iştirak edirdi. İnsanlar bir-birlərinə qayğı, nəvaziş göstərirlər. Ona görə də bu prosesləri yalnız alqışlamaq lazımdır. Bu gün belə insanlar haqqında məlumatlar verilir, proseslərə sosial işçilər cəlb olunur (həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, həm də müxtəlif qurumların). Azərbaycan Prezidenti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon birliklərində çalışan işçilərin əmək haqqını artırdı. Bu artıq dövlət qayğısıdır, ancaq vətəndaşların özləri də könüllü yardımlaşmaya həvəslidirlər. Bu gün müxtəlif dəstək qrupları fəaliyyət göstərir, bank hesabları açılır, bura nəinki Azərbaycanda yaşayan, eyni zamanda bizim xarici ölkələrdə yaşayan soydaşlarımız da qoşulurlar.

Çalışmaq lazımdır ki, bu pandemiyadan zərərçəkən heç bir insan kənarda qalmasın. Milli həmrəylik göstərmək vaxtımızdır. Ona görə bu proseslərə dəstək olmaq lazımdır. Görün Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər məbləğ köçürüldü, ianələr edildi. Bu, Azərbaycan vətəndaşlarının birlikdə güclü olmasının göstəricisidir".

Azadə Yolçu

Xəbərlər departamenti

Gündəm