Döyüşlərdə yarımçıq qalan arzular və qazilərin ümidi
26.02.2020 11:39 Qarabağ Azərbaycandır

Döyüşlərdə yarımçıq qalan arzular və qazilərin ümidi

Onlar Qarabağ müharibəsində könüllü iştirak ediblər. Döyüşlər başlayanda cəbhəyə yollanıblar, yoldaşlarının bəziləri şəhid olub. Sağ qalanların isə bir hissəsi evə yaralı qayıdıblar. Kimi tək ayaqla, kimi tək qolla, kimi tək gözlə... Taleyinə müharibə yazılmış bu insanlar ya şəhidlik zirvəsinə yüksəliblər, ya qazi, ya da veteran olublar.

Bu gün müharibə qazi və veteranlarından danışacağıq. Bütün çətinliklərə baxmayaraq səngərdə mərdliklə dayanmağı bacarıb qazi və veteranlarımızdan. Elə onlar indi də həyatın çətinliklərinə sinə gərməyi bacarırlar.

90-cı illərin əvvəllərində Azərbaycan Müdafiə Nazirliyi yeni yaranırdı. Bütün batalyonları silah-sursatla təmin etmək mümkün deyildi, belə bir vəziyyətdə könüllü dəstələr sovet hərbi hissələrinə basqınlar edirdilər. “Ural”, “KamAZ”dan tutmuş yivli silahlara kimi əldə edib cəbhəyə gedirdilər.

Könüllülər silahı belə əldə edirdi...

Qarabağ müharibəsi qazisi, Bakı Müharibə Əlil və Veteranlar İctimai Birliyinin sədri Fuad Rzayev deyib ki, ən böyük arzusu yenidən Qarabağda döyüşlərdə iştirak etməkdir.

O, müharibəyə yollanmasını belə xatırlayır: “Biz Qarabağa gedəndə hər şeyimiz vardı. Azərbaycan Müdafiə Nazirliyi yaranan kimi Bakı şəhərində sovet hərbi hissələrinə basqınlar etməyə başladıq. 15 hərbi hissəni biz yarmışıq. O qədər “Ural”, “KamAZ” götürmüşdük ki, əmr elədilər ki, basqın edənlər yerindəcə güllələnməlidir. Ona görə digər batalyon gedəndə 2 nəfər şəhid verdilər. Allah onlara rəhmət eləsin!

Döyüşlərdə yarımçıq qalan arzular və qazilərin ümidi

Yadımdadır, indiki Əhmədli qəsəbəsində hərbi hissə vardı. Ancaq nəzarət güclü idi. Biz belə vəziyyətdə saat 10-dan sonra gedib bir metr qalınlıqlı divarı bıçaqla qaşıyırdıq. Götürdüklərimizin böyük əksəriyyətini yeni yaranmış nazirliyə verirdik, qalanını özümüzə saxlayırdıq. Çünki Qarabağa döyüşməyə getməyə batalyon yaradırdıq – “Qurtuluş” batalyonunu. Ən zəif nöqtəyə - Tərtərə getdik. Oranı batalyon olmadığı üçün polislər qoruyurdu”.

Boks rinqində rəqib, döyüş meydanında çiyin-çiyinə

Gəncliyində boks üzrə idman ustası olan F.Rzayev söyləyib ki, müharibəyə gedənə kimi ancaq bir hədəfi olub: “İki dəfə ikinci yerə çıxsam da, həmişə deyirdim ki, müharibəyə Azərbaycan çempionu olub gedəcəm. 1991-ci ilin noyabrın 25-də boks üzrə Azərbaycan çempionatı idi. Finalda sonradan batalyonuma qoşulacaq İlham İmanovla üz-üzə gəldim. Çətinliklə də olsa, ölkə çempionu ola bildim”.

Keçmiş döyüşçü hesab edir ki, bu gün ermənilər bütün Qarabağ ərazisini qoruya bilmir, çünki işğalçıların o qədər canlı qüvvəsi yoxdur: “Mənim iki arzumdan biri Qarabağ ərazisində diversiyarla məşğul olub, erməni quldurlarını öldürməkdir. Dəfələrlə müraciət eləmişəm. Dövlət imkan yaratsa, günü bu gün də gedərəm. Biz veteranlar arasında elələri var ki, onların döyüşə getməyə imkanı yoxdur; kimisə gözünü, kimisə ayağını itirib. Mən ağciyərimdən və ayağımdan yaralanmışam. Amma əlim-qolum, gücümhələ ki, yerindədir.

İkinci ən böyük arzum Bakıda Qafqaz Forumu keçirməkdir. Təbii ki, bu tədbirdə ermənilər iştirak edə bilməzlər”.

Həmin cəmiyyətin üzvü olan digər veteranlarla da danışdıq. Hazırda nə işlə məşğul olduqları, vaxtilə kim olmaq istədikləri ilə maraqlandıq.

Təqaüdlə dolananlar

Qazi Bəxtiyar Abdullayev 1969-cu ildə Bakı şəhərində anadan olub. Deyir ki, yalnız 10-cu sinfə kimi məktəbə gedib. 1987-1990-cı illərdə hərbi xidmətdə olub, Qarabağ müharibəsi başlayanda, yəni 1992-ci ildə “Qurtuluş” batalyonunun tərkibində döyüşlərə yollanıb. Həmin ilin avqustunda yaralanıb: “2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Çox istərdim ki, ictimai işlərlə məşğul olum, tikinti sektorunda işləyim, bu ölkəyə böyük xeyrim dəysin”.

Döyüşlərdə yarımçıq qalan arzular və qazilərin ümidi

Abdulla Abdullayevdən fərqli olaraq, Nazim Nuriyev elə əvvəldən istədiyi işlə məşğul olub:

“1958-ci ildə Ağdamın Abdalgülablı kəndində anadan olmuşam. 1973-cü ildə Dəniz Yolları Məktəbinə gedib, oranı 1979-cu ildə bitirmişəm. Düz 33 il dənizdə işləyib, sonra təqaüdə çıxmışam. Dənizdən də Qarabağa getmişəm. Döyüş yolum Ağdamdan (1991) başlayıb Tərtərdə qurtarıb (1995). 703 saylı hərbi hissədən tərxis olunmuşam. Hazırda yalnız təqaüd alıram. Elə əvvəldən dənizçi olmaq istəmişəm”.

Döyüşlərdə yarımçıq qalan arzular və qazilərin ümidi

Məmməd Abbasov 1966-cı ildə Qubada doğulub. 1984-1986-cı illərdə hərbi xidmət keçib. Orta təhsillidir. 1991-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrundakı döyüşlərdə iştirak edib, qayıdandan sonra 10 il ticarətlə məşğul olub: “Hazırda 80 AZN veteranlıq pensiyası ilə dolanıram. Həmişə istəyim döyüşmək olub”.

Döyüşlərdə yarımçıq qalan arzular və qazilərin ümidi

Hüquqşünas döyüşçü

Qazi Əlişir Mirzəyev döyüşlərdə ağır yaralanıb, iki gözünü itirib. Müharibə ixtisasça hüquqşünas olan Ə.Mirzəyevin arzularını yarımçıq qoyub:

“Mən 1965-ci ildə anadan olmuşam. Ali təhsilliyəm. Hüquqşünaslıq ixtisası üzrə təhsil almışam. Bir müddət dövlət qulluğunda işləmişəm. Müharibə başlayanda 1993-cü ildə könüllü döyüşlərə qatıldım. Hər iki gözümü itirmişəm. Döyüşlərdən Qarabağ qazisi kimi qayıtdım”.

Döyüşlərdə yarımçıq qalan arzular və qazilərin ümidi

Qazi İlham İmanov 1968-ci ildə Bakıda anadan olub. Döyüşlərdə iştirakından, yaralanmasından fəxirlə danışır.

“1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət eləmişəm. 1991-ci ildə Kərgican, Kosalar, Şuşa, Daşaltı əməliyyatlarında Xüsusi Təyinatlı Dəstənin tərkibində iştirak eləmişəm. Bakıda “Qurtuluş” batalyonunun yarandığını eşidəndə bura yazıldım. Fuad Rzayevin batalyonunda xidmət eləmişəm. Ağır yaralanandan sonra (ikinci qrup əlilləm) sağlamlığım imkan vermədiyinə görə heç yerdə işləyə bilmədim. Ancaq həmişə polis rəisi olmaq istəmişəm. Azərbaycanın vətəndaşı kimi ancaq döyüşmüşəm. İndi də fəxr edirəm ki, vətənimə atılan o güllələrdən birini canımda soyutmuşam. Qoymadım torpağa dəysin”.

Döyüşlərdə yarımçıq qalan arzular və qazilərin ümidi

Azadə Yolçu

Xəbərlər departamenti

Gündəm