Dronlar: "Kuryer", rejissor, yoxsa xilasedici...
22.12.2019 08:54 Fikirlər

Dronlar: "Kuryer", rejissor, yoxsa xilasedici...

Bəlkə də bir neçə il əvvəl heç kim inanmazdı ki, dronlar insanların həyatına bu dərəcə yaxından nüfuz edəcək. Hələ mobil telefonlar qədər populyar olmasalar da, inqilabi yeniliklərə imza atır, getdikcə daha çox təəccübləndirirlər.

Dronlardan ilk vaxtlar toylarda və Hollivud filmlərində istifadə olunurdu. Tədricən bu kiçik pilotsuz cihazların imkanlarından daha çox insan xəbər tutdu. Və elə bu zaman da onlar üçün yeni "vəzifələr" tapmağa başladılar. Məsələn, bağlamaların çatdırılması, mina axtarışı, yanğınla mübarizə, kəşfiyyat və s.

Zaman keçdikcə auditorlar da dronlara maraq göstərməyə başladı. Hazırda ən böyük audit firmalarından olan EY sənaye sektorunda və pərakəndə satış müəssisələrində dronlardan istifadə edir. Dronlar şirkətə avtomobil zavodlarında və pərakəndə satış anbarlarında ehtiyat məhsullarının hesablanmasını avtomatlaşdırmağa kömək edir.

Dronların xidmətlərinə müraciət edənlərin sayı da sürətlə artır. Rejissorlar quş uçuşu yüksəkliyindən video çəkir, təcili yardım xidmətləri təhlükəli ərazini araşdırır, onlayn mağazalar kuryerləri dronlarla əvəz etməyi planlaşdırırlar.

Dronların rəsmi adı PUA - pilotsuz uçuş aparatıdır. Adından göründüyü kimi, PUA göyərtəsində ekipajı olmayan cihazdır. Həm avtonom robotdur, həm də uzaqdan idarə oluna bilir.

tərcümə

HANSI NÖVLƏRİ VAR?

PUA-lar dörd qrupa bölünür: "mikro" (10 kq-a qədər çəki, 1 saatlıq işləmə gücü və 1 km-ə qədər uçuş yüksəkliyi), "mini" (50 kq-a qədər çəki, bir neçə saatlıq işləmə gücü və 3-5 km-ə qədər uçuş yüksəkliyi), orta (1000 kq-a qədər çəki, 10-12 saatlıq işləmə gücü və 9-10 km uçuş yüksəkliyi) və ağır (tondan çox, işləmə müddəti 24 saatdan çox və 20 km-ə qədər uçuş yüksəkliyi).

Əslində, dronların bütün növləri ilk başda hərbi məqsədlər üçün hazırlanmışdı. Üstünlükləri göz qabağında idi. Məlum olmuşdu ki, pilotsuz uçuş aparatını kamera ilə təhlükə zonasına asanlıqla yollamaq mümkündür. Belə olan halda kəşfiyyata canlı insanları göndərib həyatlarını riskə atmaq məntiqsiz addım olardı.

Sonrakı gedişat daha maraqlı oldu. Dronlar mülki aviasiyada geniş yayılmağa başladı. Əlbəttə ki, söhbət, hər kəsin ala biləcəyi mikro-kopterlər və mini-kopterlərdən gedir.

Mülki pilotsuz aparatların səmada uçmasını və gəzməsini təmin edən ən vacib detal vintlərdir. Ən çox yayılanı 4 vinti olan multikopterdir (kvadrokopter). Bir diaqonaldakı vintlər saat istiqamətində, digərində saat istiqamətinin əksinə fırlanır. Hər vintin fırlanma sürəti öz mühərriki ilə tənzimlənir.

Dörd vintin hamısının fırlanmasını sürətləndirirsinizsə, kvadrokopter hündürlüyü yığmağa başlayacaq. Bir tərəfində vintləri sürətləndirsəniz, digər tərəfində yavaşlatsanız, dron həmin tərəfə uçacaq.

Saat yönündə dönən vintləri sürətləndirib, saat yönünün əksinə dönən vintləri yavaşlatsanız, dron çevriləcək. Giroskoplar və akselerometrlər isə ona havada oriyentasiyanı itirməməyə və tarazlığı qorumağa imkan verir.

tərcümə

"AMAZON"UN BAĞLAMALARINI DAŞIYACAQ

Mühəndislər və ixtiraçılar dronlardan istifadə üçün daha mürəkkəb üsullar təklif edirlər. Hələ 2013-cü ildə məşhur "Amazon" şirkəti Amerika şəhərlərinə mal və məhsullar çatdırmaq üçün dronlardan istifadə kimi, iddialı ideyadan bəhs etmişdi.

Bağlamaların müştərilərə göndərilməsi "Prime Air" proqramı vasitəsilə həyata keçirilməli idi. Bu yeni texnologiya hələ ki sınaq mərhələsindədir. Onu hansı gələcəyin gözlədiyi də bəlli deyil. Dronların kuryerlərini tam əvəz edəcəyi ehtimalı az olsa da, təbii ki, bu yenilik özünə müəyyən yer tutacaq.


Həmçinin oxu: Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür


"Amazon" öz ehtiyacları üçün daşıyıcı-dronların inkişafını ciddi şəkildə üzərinə götürən ilk şirkətdir. Bir müddət əvvəl DJI şirkətinin dördüncü nəsil Phantom dronları satışa çıxdı. İstehsalçılar onları bir neçə iş rejimi ilə təchiz etmişdilər.

Məsələn, "ActiveTrack" rejimində dron göstərilən hədəfi izləyir. Bu zaman cihaz maneələri izləməyi və onları diqqətlə ötüb keçməyi bacarır. Dronun yarım saatlıq iş gücü var və uçuşun maksimal sürəti saatda 72 kilometrə qədərdir. Belə bir "oyuncağın" dəyəri təxminən 1500 dollardır.

tərcümə

FANTASTİK MƏNZƏRƏLƏR, NƏFƏSKƏSƏN KADRLAR

Əlbəttə ki, dronlardan ən çox foto və video çəkilişlər zamanı istifadə olunur. Səyahət teleproqramları üçün quş uçuşu yüksəkliyindən fantastik mənzərələr çəkilir: sakit bir dəniz, qarlı düzənlik, geniş bir çöl və ya məşğul bir meqapolis. Əvvəl çəkiliş qrupu bu məqsədlər üçün helikopter icarəyə götürməli idisə, indi bu işi dronlar görürlər. Dronların daha bir üstünlüyü aşağı yüksəklikdən də çəkiliş apara bilmələridir.

Dronlar film çəkilişlərinə də xeyli rəng qatır. Dron istehsal edən "ZM Interactive" şirkətinin sahibi Ziv Marom bu cihazların köməyilə ərsəyə gələn çəkilişlərdən danışıb: "Dronların köməyilə partlayan binalara, uçan motosikletlərə qədər hər şeyi çəkə bilirdik".

Amerika Kino Assosiasiyasının vitse-prezidenti Nil Frayd da dronların əhəmiyyətini etiraf edib: “İnsansız hava sistemləri televiziya və film sənayesinə çəkiliş üçün yenilikçi və tamamilə təhlükəsiz bir üsul təqdim edir. Onlar unikal və həqiqətən nəfəskəsən hava mənzərələrini yaratmaq üçün yeni imkanlar açırlar".

Rejissor və operator Rendi Skot Slavin 2014-cü ildə dron çəkilişlərinə həsr olunmuş dünyanın ilk film festivalını (New York City Drone Film Festival) təşkil etmişdi.

“Bu festival incəsənətdə istifadə etdiyimiz dronlarla bağlıdır. Əminəm ki, gələcəkdə dronlardan bütün sahələrdə istifadə olunacaq”, - deyə rejissor bildirmişdi.

Müsabiqənin şərtləri çox sadə idi: video 5 dəqiqədən çox getməməli və ən azı yarısı dronun köməyi ilə çəkilməlidir. Ümumilikdə festivala 150-dən çox video göndərilmişdi ki, bunlardan 8-i müxtəlif kateqoriyalar üzrə qalib olmuşdu.

AXTARIR, İZLƏYİR, XİLAS EDİR

Dronlar xilasetmə işlərində də köməyə gəlir. Məsələn, ərazidə patrul xidməti həyata keçirmək, heyvanları izləmək, itmiş səyahətçiləri axtarmaq üçün dronlardan istifadə olnur. Pilotsuz aparatın köməyi ilə meşə yanğınının mənbəyini və ya çayın üzərindəki buz kütləsinin apardığı bir balıqçını tapmaq daha asandır.

Bəzi dronların siqnalalma qabiliyyəti bir neçə kilometrə bərabərdir və bu, itmiş bir adamı axtarmaq üçün kifayət edir.

İtkin düşmüş insanların daha səmərəli axtarışı üçün dronların texniki xüsusiyyətlərini genişləndirirlər. Məsələn, İsveçrə mühəndisləri neyron şəbəkələrindən istifadə edərək pilotsuz aparata meşədə gəzməyi öyrədiblər. Dron insan boyunun yüksəkliyində, insanların getdiyi yollarla uçur.

Gələcəkdə bu sistem meşədə itmiş bir insanı tez bir zamanda tapmağa imkan verəcək. Xüsusən də ağaclar itmiş adamın yüksəklikdən görünməsinə imkan vermirsə, meşəyə beş və ya altı proqramlaşdırılmış dron buraxmaq kifayət edəcək.

tərcümə

TƏHLÜKƏSİ VƏ ZƏRƏRLƏRİ

Tərəqqinin hər zaman iki tərəfi olur. Dronların geniş yayılması da özü ilə bir çox problemlər gətirə bilər. Düzdür, pilotsuz uçuş aparatları ən müxətlif sahələrdə insanlar üçün yeni fürsətlər açıb. Lakin cəmiyyət dronların şəhərin küçələrində uçmasına (müxtəlif əməliyyatları icra etmək üçün) hələ hazır deyil. Deyək ki, dronlardan biri hansısa bağlamanı daşıyır. Bəs birdən sizi izləyirsə, nə etməli? Və ya daşıdığı bağlamada bomba varsa?

Birincisi, dronlar insanları qeyri-bərabər vəziyyətə salırlar. Tutalım, məşhur birisiniz və mətbəxdə rahat çay içirsiniz. Birdən pəncərədən sizin şəklinizi çəkən bir insan görürsünüz. Bu, şəxsi həyata kobud müdaxilədir. İndi isə təsəvvür edin ki, sizi çəkən insan yox, drondur. Aparat kimə məxsusdur, çəkdiyi şəkillər kimin əlinə keçəcək - bütün bunlar qeyri-müəyyən qalır. Üstəlik, fotoqrafla hansısa şəkildə danışıb razılığa gələ bilərsiniz. Dronla bu mümkün olmayacaq. Aparatı vurub sındırsanız, bu dəfə də başqasının əmlakına zərər verdiyinizə görə cavab verməli olacaqsınız.

Məşhur "Ulduz müharibələri" filminin 7-ci hissəsinin çəkilişlərində maraqlı hadisə baş vermişdi. Yeni bölümün çıxmasına səbri çatmayan fanatlar birbaşa çəkiliş meydançasına dron göndərmişdilər. Nəticədə çəkiliş qrupu dronların yaxınlaşdığını xəbər verən müdafiə sistemi quraşdırmağa məcbur olmuşdu.

İkinci problem - hava məkanını kim və necə idarə edəcək? Təyyarələr və helikopterlər üçün artıq qaydalar mövcuddursa, dronlarla bağlı tam bir qarışıqlıq hökm sürür. İki dron və ya bir dronla bir təyyarə havada toqquşarsa, günahkar kim olacaq? Dron şəxsi əraziyə uçarsa, nə baş verəcək? Onu ələ keçirsəniz belə, sahibini necə müəyyənləşdirəcəksiz? Bütün bu problemləri həll etmək üçün həm ABŞ-da və bir sıra başqa ölkələrdə kütləvi qeydiyyat tətbiq olunur. Bu da, dron sahiblərini daha məsuliyyətli olmağa vadar edəcək.

Üçüncü əsas problem odur ki, bu sahədə də qanunsuz yolla qazanc əldə etmək istəyən fırıldaqçılar, hakerlər və digər cinayətkarlar var. Hakerlər şəxsi dronlarını əlavə avadanlıq və ixtisaslaşdırılmış proqram təminatı ilə təmin edirlər. Bu zaman cihaz yaxınlıqdakı dronların siqnalını tuta bilir, onları qırır və başqasının dronunun idarəetməsi və kamerası üzərində nəzarəti ələ keçirir.

Dronlara yeni-yeni funksiyalar əlavə olunur və əhatə dairələri getdikcə genişlənir. Sözsüz ki, bəzi yeniliklər kimlərinsə maraqlarına zidd olacaq. Amma durmadan dəyişən və inkişaf edən dünyanın sakinləri buna hazır olmalıdırlar...

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm