“Dublyaj aktyorunda təmiz diktə etmə bacarığı, qulaq yormayan səs olmalıdır” – Əməkdar artistdən ŞƏRH
Müasir Azərbaycan dilinin inkişafı televiziyalarla, xüsusən də bədii filmlərdəki qiraətin üstünlük təşkil etdiyi dublyajlarla daha çox bağlıdır. Dublyaj sənəti artıq yarım əsrdən çoxdur ki, kinonun bir qolu kimi tamaşaçıların mənəvi tələbatlarını ödəyir.
Xarici ölkələrdəki universitetlərdə dublyaj fakültələri var. Bəs bu, Azərbaycanda da yaradıla bilərmi?
Mövzu ilə əlaqədar MediaPost-a açıqlama verən Əməkdar artist, teatr, kino və dublyaj aktrisası Hüsniyyə Mürvətovanın sözlərinə görə, dublyaj xüsusi istedad tələb edir:
“Dublyaj elə bir şeydir ki, işlədikcə öyrənirsən. Mən özüm də hər gün öyrənirəm, öyrənməsəm, yerimdə sayaram. Bu işin içindəsənsə, öyrənməyə meyilli olmalısan. Ancaq dublyaj xüsusi istedad tələb edir.
Ola bilsin, çox istedadlı bir teatr aktyorusan, ancaq dublyaj edə bilmirsən. Ya bunu əvvəldən bacarırsan, ya da bacarmırsan. İş prosesi yavaş-yavaş nələrəsə nail olmağa kömək edir. Ancaq istedad başqa şeydir. Bunun da ustadı olmaq lazımdır. Gözəl səs tembri, təmiz diktə etmə bacarığı, qulaq yormayan səs olmalıdır, lakin ləhcə olmamalıdır. Bunun qəti əleyhinəyəm”.