Dünyada bir kabus dolaşır: o, insanın əl-ayağını bağlayıb iradəsini zəiflədir
27.01.2020 13:46 Fikirlər

Dünyada bir kabus dolaşır: o, insanın əl-ayağını bağlayıb iradəsini zəiflədir

Dünyada bir kabus dolaşır, bu kabus koronavirsdur. Sovet dövründə hər dəqiqəbaşı eşitdiyimiz “Avropada bir kabus dolanır, kommunizm kabusu” ifadəsindən fərqli olaraq bu kabus real həyatda yox, sadəcə olaraq bir xəbər portalından digərinə, bir sosial şəbəkədən hansısa videohostinqə, bir televiziya kanalından başqa kanala ötürülür. Xəstəliyin özünü görən yoxdur, amma hamı ondan xəbərdardır.

Koronavirusla bananın nə əlaqəsi var?

İnsanlar hətta bağlı vatsap qruplarında da qorxu paylaşırlar. Çinin Sinxua şəhərinin xəstəxanasında dünyasını dəyişmiş 23 şəxs barədə göndərilən bir mesajdan kiçik bir sitat gətirmək yerinə düşərdi. “Məlumatı alan kimi o dəqiqə onu yaxınlarınıza yollayın. Daha yaxşı olar xəbəri böyük qruplarda paylaşasınız. Həm də banan yeməyin. Cavab vermək lazım deyil, başqa insanlara yardım edin, məlumatı paylaşın”, - belə bir məlumat bir çox vatsap qruplarında paylaşılır.

Olduqca qəribə bir texnologiyadır, bunu yayanların bir məqsədi var: qorxu-təlaşı bir qədər də artırmaq. Koronavirusla bananın nə əlaqəsi var? Elə ilk gündən bütün media qurumları həkimlərin rəyinə əsasən yeni virusun məhz ekzotik heyvanlara məxsus olduğunu bildirirlər. Kimsə bunun ilan, kimsə də yarasa ilə əlaqəli olduğunu iddia edir.

Şəhərdə kimi görsən, koronavirusdan danışar bəlkə də. Bu koronavirus Azərbaycan üçün nə qədər təhlükəlidir? Təhlükəlidirmi? Əgər koronavirus ölkəyə gəlib çatsa, sözsüz, təhlükəlidir, çünki onunla mübarizə vasitələri hələ düşünülməyib. Azərbaycan həkimlərinin də bu tip xəstəliklə mübarizə aparmaq təcrübəsi yoxdur. Əlbəttə biz hər il hansısa bir ölkədə yaranan, sonra da bir sıra ölkədə peyda olan müxtəlif xəstəliklər barədə tez-tez mətbuatdan eşidirik. Amma böyük mənada nə ebola, nə toyuq, nə də donuz qripi ölkəyə gəlib çıxmadı. Onlarla xəstəlik Asiya və Afrika ölkələrində insanları aparır, dəhşətli də görünür, amma biz yenə də onlarla real olaraq rastlaşmırıq. Sadəcə bir qorxu keçiririk, təlaşa düşürük, sonra da yenə öz həyat tərzimizə qayıdırıq.

Hər il ağciyər xərçəngi, hepatit C, QİÇS, diabet on milyonlarla insanı aparır

Azərbaycan üçün əhəmiyyətli olan xəstəlik talassemiyadır, çünki əhalinin böyük hissəsi bu genin daşıyıcısıdır. Əgər hər iki valideyndə olsa, anadan olacaq uşaq mütləq xəstə doğulacaq, həyatda qalıb normal yaşamaq şansı da yoxdur. Məhz bu səbəbdən ölkədə nikaha daxil olanlar talassemiya daşıyıcısı olub-olmadığı baxımından yoxlanılır. Ürək-damar, tənəffüs orqanları, qan dövranı xəstəlikləri, diabet, xərçəng hər il on minlərlə insanı həyatdan aparır.

Elə siqaret çəkmək, alkoqollu içki içmək səbəbindən minlərlə insan ən ciddi xəstəliklərlə üz-üzə qalırlar. Amma hər gün evə dönəndə yaxındakı dükandan 1-2 qutu siqaret və kiçik arağını alan yüzlərlə insana rast gəlirik. Onlar nədən ölməkdən qorxmurlar?

Dünyada qorxu doğura bilən xəstəliklərin sırasında hələ də vərəm qalmaqdadır. Hələ ötən əsrdə tibb elmi bu xəstəliyə qalib gəldiyini elan etsə də, xəstəlik hər il 1milyondan çox insanın ölümünə səbəb olur. Hər il ağciyər xərçəngi, hepatit C, QİÇS, diabet on milyonlarla insanı aparır.

Malyariya vaxtilə Azərbaycanda əhali üçün olduqca ciddi problem olub

Bir dəfə “National Geographic” kanalı maraqlı bir statistika açıqladı. Yer üzündə ən qorxulu heyvan və həşəratların insan həyatı üçün təhlükəsini göstərən statistikanı açıqladı. Əlbəttə, ayı, pələng və ya ilan da insana ziyan vura, onun həyatına son qoya bilər, amma bu ziyan dünya miqyasında çox kiçik rəqəmlərlə ifadə edilir. Bəşəriyyət üçün ən təhlükəli həşərat ağcaqanaddır, onun daşıdığı xəstəliklərin səbəbindən ildə 2.7 insanın həyatına son qoyulur. Biz haradasa Amazonka ətrafında məskunlaşan dəhşətli timsahlardan yox, ətrafımızda fırlanan, yayda həyatımızı zəhərə döndərən, xalq arasında “ditdili” kimi tanınan bu həşəratdan çəkinməliyik.

Vaxtilə Azərbaycanda ağcaqanadların daşıyıcısı olan, olduqca ciddi fəsad törədən malyariya qorxulu xəstəlik siyahısında ilk yerlərdə qərarlaşırdı. Elə Həsən Seyidbəylinin “Kənd həkimi” povesti əsasında ekranlaşdırılmış “Qızmar günəş altında” filminin baş qəhrəmanı gənc həkim Aydın ezamiyyətə gəldiyi kəndin camaatına malyariyaya qarşı dərman paylamaqla məşğuldur. Malyariyanı öz yalançı metodu, yəni 100 qram araqla müalicə edən mühəndis Cəlal isə az qala bu xəstəlikdən o dünyalıq olmuşdu. Malyariya vaxtilə Azərbaycanda əhali üçün olduqca ciddi problem olub.

Bütün ciddi xəstəliklərin kökündə məhz heyvan mənşəli qidalar durur

Qorxaq və ya qorxmayaq? Əlbəttə “panika”ya hələlik heç bir səbəb yoxdur. Hətta ölkədə bir-iki koronavirusa tutulmuş xəstə olsa belə, Azərbaycanda bu xəstəliyin geniş yayılacağı şübhə doğurur. Sanitar-gigiyenik normalar qorunur, təmiz su ehtiyatı bəs edir, insanların yaşayış tərzi xəstəliyin yayılmasına imkan vermir.

Xəstəliyə tutulmamaq üçün ən sadə qaydalar riayət etmək kifayətdir. Vaxtaşırı əl yumaq, xəstəliyə səbəb ola biləcək qidalardan uzaq dayanmaq lazımdır. Yəni bütün ciddi xəstəliklərin kökündə məhz heyvan mənşəli qidalar durur. Ət və ət məhsullarından bir qədər uzaq durmaq olar. Meyvə-tərəvəzin kütləsini artırmaq məsləhətdir. Azərbaycanda ilin 12 ayı hər növ göyərti, meyvə, tərəvəz tapmaq olur. Hətta qışın oğlan çağında limonun beşini 1 manata əldə etmək mümkündür. Qida rasionu düzgün qurmaqla bir çox halda xəstəlikdən yaxa qurtarmaq olar.

Qorxu ən dəhşətli xəstəlikdir. O, insanın əl-ayağını bir növ “zəncir”lə bağlayıb iradəsini zəiflədir. Belə düşüncə ilə həmin şəxsi istənilən xəstəlik tapa bilər. Psixosomatik durum yerində olmayanda, nə edirsən et, xeyri yoxdur. Əgər bir xəstəlikdən qorxursansa, bil, o səni mütləq tapacaq. Qorxuya qalib gəlsən, deməli qismətinə yazılan qədər sağlam yaşayacaqsan.

Xəbərlər departamenti

Gündəm