Dünya iqtisadiyyatı növbəti beş ildə...
19.11.2019 06:25 Fikirlər

Dünya iqtisadiyyatı növbəti beş ildə...

Oktyabr ayında BVF-u ənənəvi qaydada hər il ildə iki dəfə nəşr etdiyi “Dünya İqtisadiyyatına Baxış” (World Economic Outlook) hesabatının ikincisini nəşr etdi. Bununla da BVF özünün dünya iqtisadiyyatının yaxın beş ili üçün təxminlərini elan etmiş oldu. Əlbəttə, hesabatda qeyd olunan statistik rəqəmlər təxmini rəqəmlərdir və BVF-nin istifadə etdiyi özünəməxsus şərhlər, təhlillər və metodologiyalar əsasında hazırlanır. Buna baxmayaraq, bu hesabatda qeyd olunan rəqəmlərin gələcək beş il ərzində dünya iqtisadiyyatında genişmiqyaslı fövqəlhal vəziyyətlərin olmadığı hallarda reallaşacağını demək heç də səhv olmazdı.

Həmin hesabatda qeyd olunan təxminə əsaslanan makroiqtisadi göstəricilərdən istifadə etməklə, yaxın beş il ərzində dünya iqtisadiyyatının makroiqtisadi vəziyyətini təhlil etməyə çalışacayıq. Təhlildə ilk olaraq kateqoriya kimi bütövlükdə dünya iqtisadiyyatı, G-7 ölkələri iqtisadiyyatı, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının, sonra isə dünya iqtisadiyyatına yön verən ABŞ, AB, Çin və Yaponya iqtisadiyyatlarının makroiqtisadi təhlili aparılacaq.

İqtisadi artım rəqəmləri (%)

Ölkə qrupları və ölkələr201920202021202220232024
Dünya iqtisadiyyatı3.03.43.53.53.63.6
G-7 ölkələri1.61.6,1.51.41.31.3
AB ölkələri1.51.61.61.61.61.5
İnkişaf etməkdə olan ölkələr3.94.54.84.84.84.8
ABD2.32.11.71.61.61.6
Çin6.15.85.95.75.65.5
Yaponya0.90.50.40.50.50.5

Cədvəldəki rəqəmlərdən də göründüyü kimi dünya ÜDM-nin 2019-cu ildə 3.0 faiz, sonrakı beş ildə isə ardıcıl olaraq 3.4, 3.5, 3.5, 3.6 və yenə 3.6 faiz artacağı proqnozlaşdırılır. Həmin rəqəmləri G-7 ölkələri baxımından nəzərdən keçirdikdə isə ÜDM artımının 2019-cu ildə 1.6, sonrakı beş ildə isə ardıcıl olaraq 1.6, 1.5, 1.4, 1.3, 1.3 və yenə 1.3 faiz olacağı proqnozlaşdırılır. AB iqtisadiyyatının aparıcı ölkələri eyni zamanda G-7 ölkələri də olduqları üçün burada da oxşar mənzərə ilə qarşılaşırıq:

2019-cu ildə ÜDM artım rəqəminin 1.5 faiz sonrakı beş ildə də 1.5-1.6 intervalında olacağı gözlənilir. İnkişaf etməkdə olan ölkələrdə isə öncəki üç kateqoriyadada olan ölkələrlə müqayisədə daha yüksək ÜDM artımının olacağı gözlənilir (belə ki, 2019-cu ildə 3.9 faiz, sonrakı illərdə ardıcıl olaraq 4.5, 4.8, 4.8, 4.8, 4.8 və 4.8). İlk baxışda növbəti illərdə dünya iqtisadiyyatında stabil artımın reallaşacağı müşahidə olunur. Lakin 2008-2009-cu illərdəki qlobal iqtisadi krizisdən sonrakı 10 illik “toparlanma” dönəmindəki iqtisadi artım rəqəmləri ilə müqaisədə aydın olur ki, gözlənən iqtisadi artım rəqəmlərində azalma var (müqayisə üçün qeyd edək ki, iqtisadi artım rəqəmi 2011-2018-ci illərdə dünya iqtisadiyyatında 3.6 faiz, G-7-də 1.9 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4.9 faiz olmuşdur). Ölkələr səviyyəsində baxdıqda da eyni mənzərə ilə qarşılaşırıq. Belə ki, 2011-2018-ci illərdə iqtisadi artım ABD-də 2.2, Çində 7.4, Yaponyada isə 1 faiz olmuşdur).

Yuxarıdakı rəqəmlər bütövlükdə onu deməyə əsas verir ki, inkişaf etmiş ölkələrdə, xüsusən də G-7 ölkələrində iqtisadi artımın nisbi də olsa yüksək rəqəmlərdə davam etdirilməsi artıq mümkün görünmür və bu da bötüvlükdə dünya iqtisadiyyatına təsir edir. Çünki bu ölkələr artıq potensial ÜDM səviyyəsinə çox yaxınlaşıblar. Belə ki, BVF göstəricilərinə əsasən ÜDM açığının (potensial ÜDM və faktiki ÜDM arasındakı fərq) potensial ÜDM-ə nisbəti G-7 ölkələrində 2018-ci ildə 0.75 faiz olmuş, 2019-cu ildə isə 0.8 faiz olacağı gözlənilir. Belə olan halda, ÜDM artımının bu ölkələrdə hazırda nisbi olaraq da davam etməsi texnologiyanın inkişafı və bunun nəticəsində məhsuldarlığın artırılması səbəbindəndir. ABŞ son dönəmdə buna əlavə olaraq iqtisadi artımın davam etdirilməsi üçün klassik iqtisadi siyasət alətlərinə müraciət edərək uçot faiz dərəcəsini aşağı salmaqla “effektiv tələb” yaratmaq və məcmu tələbi artırmaq arzusundadır.

Çin iqtisadiyyatına gəldikdə isə təxminən 20 illik ikirəqəmli iqtisadi artımdan sonra ölkə iqtisadiyyatının “doyum nöqtəsinə” gəlməsi, istehsalın “bahalılaşması”, üstəlik ABŞ-ın xarici ticarət təzyiqləri və s. səbəblərdən iqtisadi artım rəqəminin 2024-cü ildə 5.5 faizə qədər azalması gözlənilir. Belə bir vəziyyətdə sadə məntiqlə inkişaf etməkdə olan ölkələrdə yüksək iqtisadi artım rəqəmlərinə nail olmanın daha mümkün olduğu görünür. Lakin rəqəmlər bu ölkələrdə də iqtisadi artımın stabil davam etdiyi, artmadığı, əksinə əvvəlki illərə görə azaldığını göstərir. Əslində bu ölkələrdə siyasi sabitliyin təmin edilməsi, siyasi risklərin azaldılması, əlverişli investisiya qoyma və biznes mühitinin yaradılması, iqtisadi və hüquqi sistemin təkmilləşdirilməsi transmilli kapitalın bu ölkələrə gəlməsinə, yüksək texnologiya məhsullarının daha ucuz qiymətlərlə əldə olunmasına, təcrübələrin bölüşülməsinə və bütövlükdə ölkələrin iqtisadi inkişafına töhfə verə bilər.

Xəbərlər departamenti

Gündəm