Kim Çenin ölməsini istəyən ölkələr və səbəblər - ŞƏRH
25.04.2020 11:29 Fikirlər

Kim Çenin ölməsini istəyən ölkələr və səbəblər - ŞƏRH

Şimali Koreya lideri Kim Çen Inın ölüm xəbərinin Çin agentlikləri tərəfindən yayılması məlumatların doğru olmasını təsdiqləyə bilər.

Bunu “MediaPost”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, həqiqətin yaxın günlərdə üzə çıxacağını söyləyib:

“Çin yeganə ölkədir ki, Şimali Koreyanın onunla münasibəti var. Şimali Koreya digər ölkələrə qapalıdır. Rusiya ilə də elə bir açıq münasibətləri yoxdur. Çin daim Şimali Koreyanı ABŞ-ın təzyiqlərindən müəyyən qədər qorumağa çalışırdı. Ona görə də Çin mətbuatı bu məlumatı yayıbsa, deməli, yaxın günlərdə ya Şimali Koreya liderinin vəziyyətinin ağır olması, ya da öməsi təsdiqlənə bilər”.

E.Şahinoğlunun fikrincə, ABŞ və Cənubi Koreya başda olmaqla bir çox dünya dövlətləri 3 səbəbdən Şimali Koreyada hakimiyyətin dəyişməsini arzulayır:

Dünya niyə Kim Çenin ölməsini istəyir - SƏBƏBLƏR

“ABŞ tərəfi həqiqəti doğru ifadə etmir. Əlbəttə, ABŞ dediyi kimi dialoqa davam edəcək, amma ABŞ və Cənubi Koreya sözügedən ölkədə liderin dəyişməsini çox istəyər. Bu dövlətlər daha çox arzulayır ki, Şimali Koreya dünyaya açılsın, nüvə sınaqlarından əl çəksin, Cənubi Koreya ilə dialoqa başlasın. Lider Kim Çenin qohumlarından biri və ya bacısı olacaqsa, bu o deməkdir ki, avtoritar rejim yenidən davam edəcək”.

Ekspertin sözlərinə görə, onun yerinə keçəcək şəxsin bu ölkənin hazırkı mövqeyini qoruyub saxlayacağını gələcək göstərəcək:

Dünya niyə Kim Çenin ölməsini istəyir - SƏBƏBLƏR

“Yəni Kim Çenin bacısı nə dərəcədə qardaşına, atasına və ya babasına oxşaması çox vacibdir. Çünki İkinci Dünya müharibəsi dövründə bu sistemin əsasını qoyan Kim Çenin babası Kim İr Sen olub. Daha sonra hakimiyyət bu ailənin əlində qalıb. İndi ikinci qız nəvəsi də hakimiyyətə iddialıdır. İnanmıram ki, Şimali Koreya dünyaya açılmağa hazır olsun. Əgər müəyyən islahatçı fikirlər varsa, bunu sonrakı dövr göstərəcək.

Kim Çenin öləcəyi təqdirdə hadisələrin iki istiqamətdə inkişaf edə bilər: ya hazırkı liderin bacısı tələsik hakimiyyəti ələ almağa çalışacaq, ya da saray çevrilişi olacaq. Yəni imkan verməyəcəklər ki, Kim Çen nəsli hakimiyyətdə qalmağa davam etsin. Hakimiyyətə gələcək şəxs hərbçilər içərisindən biri ola bilər”.

Xatırladaq ki, Çin Dövlət Televiziyasının rəhbəri sosial media hesabında Şimali Koreya Lideri Kim Çen İnin (Jong Un) öldüyünü yazıb. Onun öləcəyi təqdirdə yerinə bacısı Kim Yonun keçəcəyi bildirilir.

Xəbərlər departamenti

Gündəm