Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?
22.01.2020 07:12 Fikirlər

Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?

Çində ortaya çıxan və artıq 6 nəfərin həyatına son qoyan koronavirus bütün dünyanı təşvişə salıb. İnsanları ən çox narahat edən koronavirusun indiyədək aşkar edilməmiş növü (2019-nCoV) ilə qarşı-qarşıya olmalarıdır. Bu o deməkdir ki, hələ insan orqanizmi bu virusa müqavimət göstərmək iqtidarında deyil. Virusun səbəb olduğu xəstəliyin müalicəsi və peyvəndinin hazırlanması üçün isə bəlli zaman lazımdır. Bəs bu öldürücü virus haradan gəlib və yayılacağı təqdirdə dünya əhalisini hansı təhlükə gözləyir?

Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?

NECƏ BAŞLADI?

"MediaPost" xəbər verir ki, 2019-cu ilin dekabr ayında Çinin mərkəzindəki Hubey əyalətinin 11 milyon əhalisi olan Uxan şəhərində səbəbi bilinməyən sətəlcəm xəstəliyi yayılmağa başladı. Yeni ilə qədər 27 yoluxma faktı qeydə alınmışdısa, artıq 5 yanvarda tibbi yardım üçün müraciət edənlərin sayı 59-a çatdı. İlkin ehtimal belə idi ki, xəstəliyin mərkəzi dəniz məhsullarının, o cümlədən ekzotik heyvanların ətinin satıldığı şəhər bazarıdır.

Zərərçəkənlərin sayının az olması ilk vaxtlar xəstəliyin yoluxucu olmadığı qənaətini yaratmışdı. Genişmiqyaslı epidemiya gözlənilmədiyindən turistlərin və yerli sakinlərin hərəkətləri məhdudlaşdırılmırdı.

Lakin xəstələrin sayı günbəgün artmağa, virusun yayılma coğrafiyası ciddi şəkildə genişlənməyə başladı. Xəstəlik təkcə Çinin digər əyalətlərinə, həmçinin Pekin, Şanxay kimi böyük şəhərlərinə deyil, Tayland, Yaponiya və Cənubi Koreyaya da yayıldı. Bundan başqa, Tayvan, Honkonq, Sinqapur, Filippin və Avstraliyada da yoluxma halları aşkarlandı. Onların hamısı ya Uxanda səfərdə olmuş və ya həmin şəhərdə virusa yoluxmuş şəxslərlə yaxın ünsiyyətdə olanlar idi.

Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?

ABŞ mətbuatının yazdığına görə, hazırda Vaşinqtondakı xəstəxanalardan birində bu virusa yoluxan bir amerikalı nəzarətə götürülüb. Həmin şəxsin adı açıqlanmasa da, onun bu yaxınlarda Çində səfərdə olduğu bildirilir.

Bu günə qədər ümumilikdə 291 yoluxma faktı qeydə alınıb, 6 nəfər isə xəstəlikdən həyatını itirib. Həkimlər arasında da yoluxma halları var. Hazırda onlarla həkimin ağır vəziyyətdə olduğu bildirilir.

Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Çin alimləri virusun insandan insana məhdud bir şəkildə ötürülə biləcəyini açıqlayıblar. Çox güman ki, yeni yayılmanın mənbəyi vəhşi heyvanlar olub.

NƏ MƏLUMDUR?

Mütəxəssislər xəstələrin sayının kəskin artmasından ehtiyat edirlər. London İmperial Kollecinin İnfeksion Xəstəliklər üzrə Qlobal Təhlil Mərkəzi bildirib ki, yeni virusa yoluxan insanların sayı 1700-dən çox ola bilər.

Xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir. Bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı, bəzilərində isə yorğunluq, quru öskürək və nəfəs darlığı müşahidə olunub. Lakin yoluxanlar arasında bu simtomlar görülməyə də bilər.

Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?

Alimlər yeni virusu (2019-nCoV) əvvəllər ortaya çıxmış Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromu (SARS) ilə müqayisə ediblər. Müəyyən olunub ki, yeni virus genetik quruluşuna görə SARS-CoV-a bənzəyir. Onlar arasında bənzərlik dərəcəsi 70 faizdən çoxdur.

2019-nCoV SARS-ın 5 əsas xüsusiyyətindən birini tam saxlayıb, digər dördündə isə dəyişikliklər müşahidə olunub. 2002-ci ildə Çində yayılan SARS 800 nəfərin həyatına son qoymuşdu.

VİRUSU YARASALAR ÖTÜRÜB?

Bu bənzərliyi əsas götürən alimlər hesab edirlər ki, yeni virusun mənbəyi yarasalar ola bilər. Ümumiyyətlə, yarasalar bir çox koronavirusun daşıyıcısıdır və onlardan biri ehtimal ki, mutasiya edilib və insanlara ötürülüb.

Hazırda patogenin yalnız bazarda deyil, şəhərin başqa bir yerində də ola biləcəyi ehtimal edilir. Belə düşünməyə əsas verən odur ki, Uxan bazarı yanvarın 1-dən qapadılsa da, insanlar virusa yoluxmağa davam edir. Yeri gəlmişkən, bazar dezinfeksiya da edilib.

Alimlər onu da deyirlər ki, xəstəlikdən ölənlərin sayının az olması sevindirici xəbərdir.

Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?

Koronaviruslar insanlara, pişiklərə, quşlara, itlərə, mal-qara və donuzlara yoluxan virus qrupudur. Tənəffüs sisteminə, mədə-bağırsaq traktına və sinir sisteminə zərər verə bilirlər. Belə bir virus ilk dəfə 1965-ci ildə kəskin rinit olan bir xəstədə aşkarlanıb.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, yeni koronaviruslar vaxtaşırı dünyanın müxtəlif bölgələrində yaranır və məlum olanların bəziləri yalnız heyvanlarda müşahidə olunur. İnsanlara yaratdığı təhlükə səviyyəsi isə yayıldıqca və mutasiya etdikcə dəyişə bilər.

Ay təqvimi üzrə yanvarın 25-də Çin Yeni İli (Bahar bayramı) başlanacaq. Bu münasibətilə ölkədə hərəkətlənmənin artması gözlənilir. İnsanlar yerli bazarlarda aktiv şəkildə alış-veriş edəcək, həm ölkə daxilində, həm də xaricə səyahət edəcəklər. Belə bir şəraitdə virusun yayılma riski olduqca böyükdür.

Çin Milli Səhiyyə Komissiyası 2019-nCoV virusunu "B sinfi" yoluxucu xəstəlik kimi təsnif edib. SARS-CoV da bu qrupa daxildir. Lakin onun yayılmasını önləmək üçün "A sinifi" üçün nəzərdə tutulan ciddi tədbirlər həyata keçirilir. Xəstələr təcrid olunur, həkimlər xəstələrin təmasda olduğu insanları da üzə çıxarırlar.

Hazırda Çin hökuməti məsələ ilə bağlı xarici tərəfdaşlarla aktiv təmaslar qurur. Media isə kütləvi maarifləndirmə işləri aparır.

Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?

FÖVQƏLADƏ HAL ELAN EDİLƏCƏKMİ?

Ümumdünya Səhiyyə Təşkilatı yeni virusla mübarizə məsələlərini müzakirə etmək üçün bu gün fövqəladə iclas keçirəcək. İclasda virusla bağlı vəziyyətin səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə hal olub-olmadığı barədə qərar veriləcək. Həmçinin 2019-nCoV ilə mübarizə üçün tövsiyələr açıqlanacaq.

ÜST fəaliyyəti boyunca yalnız beş dəfə fövqəladə hal elan edib: donuz qripi epidemiyası və poliomielit epidemiyasına (2009), Zika virusuna (2016) və Afrikada 2014 və 2019-cu illərdə Ebola virusuna görə.

Dünya Səhiyyə Təşkilatı risk bölgəsində kəskin respirator xəstəliklərindən əziyyət çəkən insanlarla yaxın təmasda olmamağı, xəstə insanlarla birbaşa təmasdan sonra əlləri yumağı, canlı və ya ölü heyvanlarla yaxın təmasdan çəkinməyi, kəskin respirator infeksiyasının simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamağı, ağzı birdəfəlik istifadə üçün nəzərdə tutulan dəsmalla bağlamağı tövsiyə edir.

Artıq dünyanın bir çox ölkəsində hava limanları sərnişinlərdə koronavirus simptomlarının olub-olmadığını yoxlamağa başlayıb. Məsələn, Malayziyada turistlərin bədən hərarətini ölçən cihazlardan istifadə olunur.

ABŞ, Kanada və Avropanın bir sıra hava limanlarında oxşar tədbirlər görülür. Virusun Türkiyəyə daxil olmasının qarşısını almaq məqsədilə İstanbul hava limanında da qabaqlayıcı tədbirlərə start verilib.

Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?

"South China Morning Post" qəzetinin yazdığına görə, məlum təhlükəyə baxmayaraq, Çin Futbol Assosiasiyası qadın futbol turnirinin 2020 Olimpiya Oyunları üçün seçmə oyunlarını Uxan şəhərindən köçürməməyi qərara alıb.

"MƏLUMATLARI GİZLƏTMƏYİN!"

Çin lideri Si Tszinpin yerli məmurları virusun yayılmasının qarşısını almaq üçün qətiyyətli addımlar atmağa çağırıb. Artıq Uxanda xəstəliklə əlaqədar xüsusi qərargah yaradılıb. Şəhərin dəmir yolu və avtobus vağzallarında, hava limanında müayinələr aparılır.

Prezident bildirib ki, təhlükəsizlik və sağlamlıq ön planda olmalı, xəstəliklə bağlı bütün məlumatlar vaxtında yayılmalıdır.

Dünya təşvişdə: peyvəndi olmayan yoluxucu xəstəlikdən necə qorunmalı?

"Məmurlar keçmişin ağrılı dərslərini unutmamalı və xəstəlik haqqında məlumatları gizlətməməlidirlər. Siyasilərin maraqlarını xalqın mənafeyindən üstün tutan hər kəs partiya və xalqın qarşısında minilliyin günahkarı olacaq. Şəxsi maraqlarına görə, məlumatları gecikdirən və ya gizlədən əbədi rüsvay olacaq", - deyə Çin Xalq Kommunist Partiyasının Mərkəzi Komissiyasının bəyanatında bildirilir.

Görülən bütün tədbirlərə baxmayaraq, bir şey dəqiqdir: Çin Asiya qripi pandemiyasından 60 (iki milyon insanın həyatına son qoymuşdu), SARS epidemiyasından təxminən 20 il sonra yenə də yeni təhlükəli virusların yaranma mərkəzi olaraq qalır. Düzdür, ekzotik heyvanların satışına nəzarət var və yoluxucu xəstəliklər uğurla aşkarlanır. Lakin ölkədə quşlardan ilanlara qədər demək olar ki, hər şeyi satın ala biləcəyiniz ənənəvi bazarlar populyarlığını itirmir və bu da virusların yayılması üçün ciddi təhlükədir.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm