"Dünyagörüşü deyil, qarderobu geniş olanlar blogerlik edirlər" - Səma Abiyeva ilə MÜSAHİBƏ
27.11.2019 12:43 Fikirlər

"Dünyagörüşü deyil, qarderobu geniş olanlar blogerlik edirlər" - Səma Abiyeva ilə MÜSAHİBƏ

Son dövrlərin yeni trendi olan blogerlik Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Blogerliyi medianın bir qolu hesab etsələr də, bu fəaliyyət sahəsi daha sərbəstdir.

Blogerlər hansı yollarla necə qazanc əldə etdiklərini etiraf etməsə də, tez-tez mətbuatda bununla bağlı xəbərlər yer alır.

Mediapost.az "Youtube" platformasında ən çox izləyicisi olan blogerlərdən biri Səma Abiyeva ilə müsahibəni təqdim edir:

- Blogerliyi trendə çevirən əsas səbəb nədir?

- Son zamanlar sosial şəbəkə istifadəçilərinin sayının artması blogerliyi trendə çevirdi və bu sahənin standartlarında müəyyən nüanslar dəyişdi. İndi blogerlərin də şəxsi Feysbuk, İnstaqram hesabı var və oradan rahatlıqla auditoriyasına istədiyi məlumatı çatdıra bilir. Əvvəllər bir bloger öz köşəsini hər hansı bir sayt və ya bloqda yazardısa, bu gün insanların o saytlara, bloqlara keçid etməsindəki tənbəllik blogerləri məcbur etdi ki, İnstaqram hesablarından paylaşım etsinlər.

- “Yaşam”, “analıq”, “dəb” ilə bağlı “n” qədər bloger var, sizcə bu çoxluğa ehtiyac varmı?

- Əgər bir şəxsin informasiya bazası, həyat təcrübəsi, başına gələnlər ona böyük auditoriya qarşısına çıxıb təcrübəsini bölüşməyə imkan verirsə, bu şəxsin bloger olmağına dəyər. Əgər sadəcə bir şəxsin maraqlı İnstaqram hesabı var və o, ana olubsa, bu halda “analıq blogeri” kimi fəaliyyət göstərirsə, bunun çox uğurlu olacağına inanmıram. Çünki dünyada hər saniyə minlərlə qadın ana olur. Bu da hər qadının uğur qazanacağı anlamına gəlmir. “Analıq blogeri” olmaq istəyən xanımlar geniş məlumat bazasına sahibdirlərsə və ya övladı məsələn, 7 aylığında dünyaya gəlib və onlar birlikdə yaşam uğurunda mübarizə aparıbsa, bu təcrübəsini izləyiciləri ilə bölüşə bilər. “Dəb blogeri” bunların içərisində ən asan olanıdır. Heç bir qadın özünü zövqsüz saymır. Düşünürəm ki, “dəb blogeri” yeni nəfəs gətirmirsə, sadəcə, öz qarderobunu göstərməklə bloqdan sui istifadə edir. Mən tərəfdarıyam ki, Azərbaycanda olan dəb blogerləri də “cool” görünmək, ən müasir standartlarla ayaqlaşmaq, xarici blogerləri eynilə təkrarlamaq əvəzinə orta statistik bir qadının gündəlik olaraq geyinə biləcəyi və digər məsələləri əhatə edəcək maraqlı və faydalı paylaşımlar etsin.

Dünyagörüşü deyil, qarderobu geniş olanlar blogerlik edirlər

- Bu cür sosial platformalardan gəlir əldə olunduğu söylənilsə də, sosial media fenomenləri bunu inkar edir, demək olar ki, qazanc əldə etmədiklərini bildirilər. Bu nə dərəcədə doğrudur?

- Ödənişli formada partnyorluq var. Bu proses dünya standartlarında başqa cürdür, biz də isə bir qədər fərqlənir. Digər ölkələrdə əslində blogerlərin əksəriyyətinə demək olar ki, barterli heç bir reklam təklifi gəlmir. Onlar test üçün məhsulu göndərəndə həm də ödənişli edirlər və blogerin də borcudur ki, postun reklamlı olduğunu mütləq şəkildə qeyd etsin. Çünki onlar buna görə vergi ödəyirlər. Azərbaycanda blogerlər çox şey tələb edə bilmir. Şirkətlər iki şampunu hədiyyə göndərməklə post gözləyir. Bloger əgər iki şampun qarşılığında post yazırsa, buna məcbur olubsa, o necə vergi ödəyə bilər və açıq şəkildə deyə bilər ki, bu, ödənişli postdur? Lakin bunu əsas gətirərək izləyicini aldatmaq olmaz. Bloger özünün istifadə etdiyi məhsulları reklam edə bilər və buna görə də ödəniş ala bilər. Çünki bu postun hazırlanması üçün fotoqraf, videoqraf və digər xidmətlərdən istifadə edir. Bu da məsrəfli bir şeydir.

- Bir neçə ay öncə Türkiyədə güclü yanğın baş vermişdi və bir çox məşhur öz vəsaitləri hesabına dövlət fonduna minlərlə ağac hədiyyə etdi. Sizin də belə ağacəkmə kampaniyanız var. Niyə bizdə bu cür xeyriyyə işləri populyarlıq qazanmır?

Dünyagörüşü deyil, qarderobu geniş olanlar blogerlik edirlər

- Ümumiyyətlə, bizim cəmiyyətin insanları özü nəyəsə təşəbbüs etmir. Əgər bloger dünən adi bir vətəndaş kimi öz həyətini yaşıllaşdırmaq, qonşunun həyətində zibili əyilib qaldırmaq kimi missiyanı öz üzərinə götürmürsə, o, sabah da eyni cür davam edəcək. Azərbaycanda qadınların böyük hissəsi əvvəl izləyici idi, öz sevimli blogerlərinin reklam postlarını gördükdən sonra onların beynində “evrika lapması” yandı. Düşünməyə başladılar ki, mənim bu blogerdən nəyim əskikdir. Bu zaman düşüncəsi, dünyagörüşü geniş olmayan, sadəcə, qarderobu geniş olan insanlar bloger oldular və arxalarınca gənc kütləni apardılar.

- Azərbaycanda blogerlərin əksəriyyəti qadındır və onların əsas xitab etməyə çalışdığı kütlə də öz həmcinsləridir. Sizcə, bəylərin faydalı məsləhətlərə ehtiyacı yoxdur?

- Çox təəsüf ki, blogerlik bu gün bir xanımın rəfiqələrinin yanına gedərkən bişirdiyi, yediyi, geydiyi, istifadə etdiyi kosmetikanı paylaşmasının virtual formasıdır. Əgər həmin xanım əvvəllər bunu rəfiqələri ilə bölüşürdüsə, indi bloq vasitəsilə daha geniş auditoriya ilə paylaşır. Bunun isə heç bir informativ yükü yoxdur. Bloger həm də elə postlar paylaşmalıdır ki, 5 il keçsə də, o, aktuallığını itirməsin. Yəni post həmişə trendlə ayaqlaşmalı deyil. Bu gün bu dodaq boyası, geyim trenddirsə, hər zaman belə davam etməyəcək. Bu amillərlə sosial şəbəkələr zibillənir. Kişilər isə sadəcə, texnologiya, avtomobillə bağlı azsayda bloqları izləyir. Bunun səbəblərindən biri odur ki, bloq sahəsi böyük vaxt tələb edir. Bir kişi danışa biləcəyi mövzuya çox vaxt ayırmalıdır, o isə günün böyük bir hissəsini işdə keçirdiyi üçün vaxt tapa bilmir. Buna görə də kişi blogerlərin sayı azlıq təşkil edir.

- “İnstaqram” hesabında izləyici sayı çox olan şəxslər bir çox dərman preparatları, kosmetik vasitələr, gözəllik salonu və sair reklam edirlər. Bu reklam olunan məhsulların keyfiyyətinə kim zəmanət verir?

- Bir dəfə mənə preparatlarla bağlı təklif olub. Diqqətsizlik edib, postu yerləşdirdim. Anam həkim olduğu üçün bu preparatlarla bağlı mənə iradını bildirdi. Mən də dərhal postu sildim və veriləcək puldan da imtina etdim. Ümumiyyətlə, mənim kontentimdə nəinki preparatlar, zərərli qidalar da yer almır. Əgər mən reklam etdiyim məhsulu özümə və yaxınlarıma rəva görmürəmsə, izləyicilərim üçün də eyni həssaslığı göstərməliyəm. Bu cür reklamları blogerlər sadəcə ödənişə görə edirlərlər. Düşünürlər ki, heç nə olmaz. Belə blogerlər ağına-bozuna baxmadan səhər arıqlama mərkəzinin tövsiyələrini bölüşüb və ya sağlamlıqla bağlı post paylaşıb axşam “fast food” restoranlarında olurlar.

Dünyagörüşü deyil, qarderobu geniş olanlar blogerlik edirlər

- Son olaraq sosial platformanın gətirdiyi məşhurluğun hansı mənfi və müsbət tərəfləri var?

- Üstün cəhətlərdən biri odur ki, artıq mən bir çox işlərimi rahatlıqla həll edə bilirəm. Məsələn, ağac əkimi ilə bağlı təşəbbüsümdə təklifimi Ekologiya Nazirliyi, digər strukturlar da qəbul etdi. Yəni sosial şəbəkədən gələn məşhurluq mənim bir çox arzularımı reallaşdırmaqda işimi asanlaşdırıb. Artıq özümü tanıtmağa məcbur olmuram. Qarşımdakı insanlar mənim necə bir insan olduğumu bildiyi üçün bu mənə ünsiyyətdə rahatlıq verir. Mənfi cəhəti də odur ki, insanın çiyninə çox böyük məsuliyyət qoyur. Əgər mən sağlam həyatı təbliğ edirəmsə, bunu öz həyatımda da tətbiq etməliyəm. Məsələn, dükana girərkən aldığım şeylərə qədər izləyicilərim mənə diqqət göstərir. Çünki mən sosial şəbəkədə sağlam həyatı təbliğ edirəm və ona uyğun da ərzaq almalıyam ki, sosial şəbəkədə paylaşdıqlarımla həyatda etdiklərim paradoks təşkil etməsin.

Qeyd edək ki, Səma Abiyevanın təkcə "Youtube" kanalında paylaşdığı videoları fəaliyyət başladığı gündən bəri ümumilikdə 23 milyondan çox adam izləyib. Bloger 100 minlik abunəçiyə görə, "Youtube" tərəfindən mükafat alıb.

Dünyagörüşü deyil, qarderobu geniş olanlar blogerlik edirlər

Xəbərlər departamenti

Gündəm