Dünyanı birləşdirən möcüzə: müharibə olan yerdə o yoxdur
05.02.2020 14:17 Fikirlər

Dünyanı birləşdirən möcüzə: müharibə olan yerdə o yoxdur

Uçan xalçanı heç kim görməsə də, onun vasitəsilə başqa ölkələrə səyahət etmək istəyi bir sıra mifoloji təsəvvürdə reallaşıb. Bəzən göylə uçmaq üçün div, cin və ya Zümrüd quşu da köməyə gəlib. Çox uzaqda yerləşən, əlçatmaz məkana qədəm qoymaq üçün dolçadakı cinə bir əmr kifayət edərdi. Bir anda dünyanın o başına çata bilərdin.

Sən uçmusan. Bu ki möcüzədir

Müasir nəqliyyat vasitələrinin, xüsusilə də aviasiyanın olmadığı dövrdəki problemləri sözlə ifadə etmək belə çətindir. Amerikalı yumor ustası Lui Si Key bunu özünəməxsus tərzdə ifadə edib. “Ən dəhşətlisi isə uçuşlardır. Uçuşdan sonra insanlar baş verən dəhşətdən danışırlar. Elə bil onları 40-cı illərin Almaniyasında heyvan daşınan vaqonda harasa aparıblar. Axı sən 20 dəqiqə növbədə, 40 dəqiqə isə təyyarənin uçuş zolağında gözləmisən. Sonra isə uçmusan. Sən uçmusan. Bu ki möcüzədir. Təyyarədəki hər kəs belə deməlidir: “Aman Allah, mən uçuram”. Kresloda oturub göydə uçuram. İnsanlar Nyu-York-Kaliforniya reysində gecikmədən narazılıq edirlər. Bu proses cəmi 5 saat çəkir. Nə zamansa bu yolu 30 ilə qət etmək lazım gəlirdi. Yolda kimsə ölür, kimsə anadan olurdu. Son məkana tam başqa insanlar gəlib çıxırdı. İndisə sən kinoya baxıb ayaqyoluna gedirsən və artıq evindəsən”, - deyə Key çıxışlarının birində bildirib.

İnsan övladı həmişə göyə uçmağı arzulayıb. Hava şarı, deltaplan və buna bənzər nələrisə düşünüb. İlk təyyarələr daha çox hərb işində, rəqibin mövqelərini bombalamaq və ya kəşfiyyat məqsədilə istifadə edilib.

Dünyanı birləşdirən möcüzə: müharibə olan yerdə o yoxdur

İlk dəfə sərnişin daşımaq üçün almanlar hərbi təyyarədən yararlanıblar

İlk dəfə sərnişin daşımaq üçün almanlar 1919-il fevralın 5-də hərbi təyyarədən yararlanıblar. Bu reysin cəmi bir sərnişini olub. Təyyarənin kabinəsi açıq olduğundan sərnişin də pilot kimi şlem və eynək taxıb, kombinezon geyinib. Birinci Cahan savaşından sonra işsiz qalan hərbi təyyarələri sərnişindaşımaya uyğunlaşdıran almanlar həm də poçt yüklərini də hava ilə daşıyıblar.

Deutsche Luft-Reederei GmbH - DLR şirkəti bazarda ilk sərnişin daşıyan aviasiya qurumu olub. Hətta təyyarənin üzərinə şirkətin loqotipi də vurulmuşdu. Göyə uçan durna loqotipindən hazırda “Lufthansa” şirkəti yararlanır.

Hazırda mülki aviasiya bütün dünya üzrə inkişaf edib. Dünyanın istənilən yerinə hava reysləri var. Özü də aviaqəzalar barədə eşitdiyimiz xəbərlər bəzən qorxu yaratsa da, bu növ nəqliyyat avtomobil qəzaları ilə müqayisədə qat-qat təhlükəsizdir. Hər il dünyada avtomobil qəzasında on minlərlə insan tələf olur. Avtomobilin texniki vəziyyəti hər bir fərdin şəxsi işidir, amma hər bir avialayneri uçuş öncəsi dəfələrlə yoxlayırlar. Hər bir detal texniki servisdən keçir. Hətta stüardessadan tutmuş kapitana kimi hamı sağlamlıq üzrə sistematik yoxlamadan keçməlidir.

Azərbaycanlılar daha çox Rusiya və Türkiyəyə uçmağa üstünlük verirlər

Dünyanı birləşdirən möcüzə: müharibə olan yerdə o yoxdur

Mülki aviasiya hazırda böyük bir biznes sahəsinə çevrilib. Turizmin inkişafı, biznes əlaqələrinin genişlənməsi və dünyanın qapalılıqdan açıqlığa, şəffaflığa can atması nəticəsində aviareyslərin sayı günü-gündən artır. Bir tərəfdən dünyanı internet, digər tərəfdən isə aviasiya birləşdirir. Qlobal məkan genişləndikcə, bu kontenti yaradan çəkiliş qrupları, televiziya işçiləri, bloqçular və səyyahlar bu qitədən digərinə uçurlar.

Azərbaycanlılar daha çox Rusiya və Türkiyəyə uçmağa üstünlük verirlər. Son dövrə qədər Çinə də uçanların sayı az deyildi. Amma koronavirus səbəbindən bir müddət gözləmək lazım gələcək. Uçmamaq da mümkün deyil. Alimlər elmi konfranslara, jurnalistlər tədbirləri işıqlandırmağa, siyasətçilər isə danışıqlarda iştirak etməyə məhkumdurlar. Uçmasaq, hotellər boşalar, işçiləri də işsiz qalar.

Qanadı olmayan insanın göydə uçması öz-özlüyündə bir möcüzədir. Uça-uça həm birləşirik, həm də bir-birimizi yaxından tanıyırıq. Müharibə olan yerdə mülki aviasiya yoxdur. Əgər göydə sərnişin daşıyan təyyarə varsa, deməli, o yerdə münaqişə, qarşıdurma yoxdur. Əgər imkanımız varsa, dünyanı gəzməli, hər anın gözəlliyini duymalıyıq.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm