Dünyanı qlobal aclıq gözləyir: süni ət yeyəcəyik
04.01.2020 10:47 Fikirlər

Dünyanı qlobal aclıq gözləyir: süni ət yeyəcəyik

"MediaPost" xəbər verir ki, süni qidalardan uzun illərdir istifadə olunsa da, süni ət istehsalı və bu məqsədlə xüsusi laboratoriyaların qurulması təşəbbüsləri yenidir. Hələ ki istehsal və istehlak kütləvi deyil. Amma süni ət yetişdirənlər də, bu ətlərdən hazırlanan məhsulları alanlar da var. Üstəlik, dünya əhalisinin artması ilə əlaqədar ərzaq qıtlığının yaranacağına dair bədbin proqnozlar bu cür qidaları daha aktual edə bilər.

Dünyanı qlobal aclıq gözləyir: süni ət yeyəcəyik

HƏYƏCAN TƏBİLİ...

Mütəxəssislərə görə, bu gün dünya əhalisinin artım səviyyəsi sənayenin ət məhsulları istehsalını artırmaq qabiliyyətindən dəfələrlə çoxdur. Bu da o deməkdir ki, ətə əvəzləyici tapmaq lazımdır. Ətin alternativi tərəvəz əvəzedicilərindən hazırlanan süni ət ola bilər.

Ətdən imtina eyni anda iki problemi həll etməyə kömək edəcək: aclıq və ətraf mühitin çirklənməsi. Yeri gəlmişkən, atmosferə atılan bütün zərərli tullantıların 18 faizi heyvandarlığın payına düşür.

Əslində, mal əti və "bekon"un alternativi mağazaların rəflərində və "fast food" burgerlərində çoxdan öz yerini tutub. Lakin süni ətin geniş yayılması ilə bağlı bəzi risk və çətinliklər qalmaqdadır.

Bir şey dəqiqdir ki, bitki mənşəli ət getdikcə populyarlıq qazanır. "Allied Market Research"ün apardığı tədqiqatlar üzə çıxarıb ki, süni ət bazarı hər il 8,4 faiz böyüyür. Bu da bazar həcminin 2026-cı ilə qədər 8 milyard dolları keçəcəyi deməkdir.

"Euromonitor"un hesablamalarına görə isə 2023-cü ilə qədər ət əvəzediciləri bazarının həcmi 2,5 milyard dollar olacaq.

Dünyanı qlobal aclıq gözləyir: süni ət yeyəcəyik

SÜNİ ƏT İSTEHSAL EDƏN ŞİRKƏTLƏR

Dünyada təbii əti əvəz edə biləcək məhsullar istehsal edən bir neçə şirkət var. Bunlardan ən məşhurları Silikon Vadisindəki "Impossible Foods" və Los-Ancelesdəki "Beyond Meat"dir.

"Impossible Foods" noxud proteinindən kotletlər hazırlayır. "Beyond Meat" isə buğda və kartofdan əsas inqrediyentləri çıxarır, bütün bunları genetik modifikasiya olunmuş soya "sousu" ilə dadlandırır. Ərzaqlara ət rəngini isə adi çuğundur verir.


Həmçinin oxu: Hindistanlı biznesmen Asiyanın ən varlı adamına necə çevrildi?


Bitki mənşəli ətlər təbii ətə ən sağlam alternativ kimi təqdim olunur. Onun istehsalı üçün heyvanları öldürmək lazım gəlmir, ətraf mühitə daha az zərər dəyir.

Məsələn, "Imposible Meat" şirkəti bildirir ki, bitki əsaslı kotletlər hazırlanarkən 87 faiz daha az su sərf olunur. Üstəlik, zərərli atmosfer tullantıları 89 faiz azalır. "Beyond Meat" əmindir ki, bitki mənşəli alternativlər adi ətlərdən daha faydalıdır.

"Adi ət xərçəng riskini 16, ürək xəstəlikləri riskini 21 faiz artırır". Bu məlumat şirkətin rəsmi səhifəsində yayılsa da, qısa zamanda oradan silindi. Sonradan məlum oldu ki, bu fikri tirajlayarkən şirkət qırmızı ətlə deyil, donuz əti və "hot-doq"larla bağlı tədqiqata əsaslanıb.

"Impossible Foods" ilk vaxtlar ətini yalnız restoranlarda elit bir yemək kimi təqdim edirdi. Ət qiymətləri aşağı düşdükdən sonra şirkətin məhsulları daha sadə müəssisələrdə satılmağa başladı.

Dünyanı qlobal aclıq gözləyir: süni ət yeyəcəyik

DİETOLOQLAR NƏ DEYİR?

"Beyond Meat" daha sadə üsula əl atdı. Əvvəlcə supermarketlərə, daha sonra "fast food" şəbəkələrinə çatdırılmalar təşkil edildi. Ət əvəzediciləri artıq "Burger King"də və başqa "fast food" restoranlarında peyda oldu. Vegetarian burgerlərin satışına başladıqdan sonra restorana gələnlərin sayı 18 faiz artdı.

Hələ ki ətin bitki mənşəli analoqları bazarı yavaş-yavaş, lakin inamla fəth edir. Amma onların əleyhdarları da getdikcə artır.

Dietoloqların fikrincə, bitki mənşəli burgerlərdə natrium və doymuş yağ miqdarı ənənəvi mal əti burgeri ilə eynidir. Bitki mənşəli məhsulların daha faydalı olduğuna dair oturuşmuş fikir istehlakçıların bu burgerlərdən çox yeməsinə səbəb olur.

Mütəxəssislərin fikrincə, ət alternativlərindən sui-istifadə etməyə dəyməz. Onlar balanslı qidalanma üçün lazım olan elementləri əvəz edə bilməzlər.

Mümkün allergik reaksiyalar da diqqətdən kənarda qalmamalıdır. Alergik halların 90 faizinə süd, yumurta, fıstıq, soya, balıq, buğda səbəb olur. Bitki mənşəli ət əvəzedicilərində yaşıl noxud zülalı ən təhlükəlisidir. Ondan pəhrizdə, həmçinin vegetarian və idman qidalanmasında bitki mənşəli ət əvəzedicilərinin əlavəsi kimi istifadə olunur.

Bir çox ölkələrdə süni ət məhsullarına hələ də ehtiyatla yanaşırlar. Məsələn, Fransada vegetarian məhsulların etiketlərində "ət" sözünün istifadəsi qadağan edilib. Bu qadağa südə də aiddir.

ABŞ-ın Missuri ştatında da eyni qadağa tətbiq edilir. Bu həm də təbii ət satanları bitki mənşəli analoqların istehsalçıları ilə rəqabətdən qorumaq üçündür.

Dünyanı qlobal aclıq gözləyir: süni ət yeyəcəyik

KÖKƏLMƏ VƏ PİYLƏNMƏ RİSKİ...

Amerikanın orqanik məhsullar üzrə ixtsaslaşan "Whole Foods" şəbəkəsinin rəhbəri Con Makki bitki mənşəli kotletlərin sağlamlıq üçün zərərli olduğuna əmindir. Onun sözlərinə görə, bu cür kotletlərin tərkibində çox sayda dərin emal məhsulu (fast food və hazır yeməklər kimi) var. Belə qidalardan istifadə həddən artıq kökəlməyə və nəticədə piylənməyə səbəb olur.

Hələlik bazarda bitki mənşəli ətə əsas rəqib ənənəvi fermer məhsullarıdır. Lakin bir neçə ildən sonra hər şey dəyişə bilər.

Süni ət əldə etməyin başqa bir yolu da onu laboratoriyada yetişdirməkdir. Məhsul heyvanların əzələ toxumasından və ya kök hüceyrələrdən əldə edilə bilər. Süni ət yetişdirmək üçün ilk eksperiment 2013-cü ildə niderlandlı farmakoloq Mark Post tərəfindən həyata keçirilib. Həmin vaxt bu iş 300 min dollara başa gəlmişdi. Lakin bir neçə il ərzində laboratoriya məhsulları dəyər itirdi. İndi bir belə burgerin cəmi 11 dollar xərci var.

Bu yaxınlarda Rusiya da süni ət sahəsində özünü sınamağa qərar verdi. "Oçakov" qida kombinatının bazasında süni ət yetişdirən xüsusi laboratoriya yaradıldı. Həmin ətdən kiçik - 40 qramlıq bir kotletin hazırlanmasına 900 min rubl xərcləndi.

"Bu kotleti yemək mümkündür. Lakin dadsızdır və ümumiyyətlə, rəngindən mal ətinə qətiyyən bənzəmir. Bu ət təbii ətlə 30, ən çoxu 50 faiz oxşardır. Rəngi lazım olan kimi deyil, bu da çox vacibdir", - deyə laboratoriyadan bildirmişdilər. Üstəlik, bu cür ət steril olmayan bir atmosferdə qala bilməz. Əks halda, qısa zamanda xarab olacaq.

Yerli istehsalçılar məhsulun artıq 2023-cü ildə mağaza rəflərində görünəcəyini, hər kiloqram üçün 800 rubl almağı planlaşdırdıqlarını bildirirlər. Lakin bunlar hələ əməli işə çevrilməyən bəyanatlardır.

Dünyanı qlobal aclıq gözləyir: süni ət yeyəcəyik

FAYDA VƏ ZƏRƏRLƏRİ...

İstənilən halda bu cür ətin sənaye istehsalı haqqında danışmaq hələ tezdir. Ehtimal olunur ki, onu restoranlara 2021-ci ildən əvvəl tədarük etmək mümkün olmayacaq.

Bəzi beynəlxalq qurumlar deyir ki, bəşəriyyət ənənəi ərzaqlara indidən alternativ axtarmalıdır. Məsələn, BMT-nin proqnozlarına görə, bir neçə onillikdən sonra (2050-ci ilə qədər) dünya əhalisinin sayı 10 milyarda çatacaq. Bu isə ciddi qida çatışmazlığına səbəb ola, eyni zamanda süni ətə tələbatı artıra bilər.

Süni ətin faydalarından da danışan var, onun kütləvi yayılmasına qarşı çıxanlar da. Məsələn, bəzi mütəxəssislər hesab edirlər ki, süni ətlər aşağı keyfiyyətlidir və insan orqanizmində problemlər yarada bilər. Bəziləri isə iddia edirlər ki, onların yararlılıq müddəti təbii ətlə müqayisədə daha çoxdur. Eyni zamanda süni ət istehsalında brüselyoz, quş qripi və bu kimi təhlükəli viruslar olmur.

Lakin hələlik süni ətlərin zərərləri və faydaları barədə geniş tədqiqatlar aparılmayıb. Bu da istehlakçıları maraqlandıran bir çox sualların açıq qalması deməkdir...

Tərcümə "MediaPost"-a məxsusdur



Xəbərlər departamenti

Gündəm