Dünyaya hökmranlıq uğrunda yeni "döyüş meydanı": texnosavaş
19.11.2019 08:25 Fikirlər

Dünyaya hökmranlıq uğrunda yeni "döyüş meydanı": texnosavaş

Dünya dəyişdikcə supergüclərin "döyüş meydanı" da dəyişir. Artıq rəqabət üçün əsas meydan qabaqcıl texnologiyalardır. Uzun müddətdən bəri gündəmdə olan, ətrafında müzakirə və mübahisələr səngiməyən ABŞ-Çin ticarət savaşının da arxasında əslində texnologiya nəhəngi olmaq, bu yoldakı əsas rəqibi zəiflətmək istəyi durur. Dünya gücləri yaxşı başa düşür ki, "yarışın" qalibi eyni anda həm ticarət, həm geosiyasi, həm də hərbi sahədə həlledici üstünlüyə sahib olacaq. Məhz bu üstünlüklər tərəflər arasında rəqabəti daha da amansız edir.

SÜNİ İNTELLEKT, RABİTƏ, NƏZARƏT SİSTEMLƏRİ...

Ticarət savaşı həm də fövqəldövlətlərin dünyaya hökmranlığı hansı texnologiyaların (süni intellekt, kommunikasiya və nəzarət sistemləri və s.) təməli üzərində qurmaq istədiyini də ortaya qoyur. Mütəxəssislərin fikrincə, üstünlük üçün istedadlar uğrunda mübarizədəki uğurlar, vençur sərmayələrinin (venture capital) artım tempi, adambaşına düşən ÜDM-in və mobil internet istifadəçilərinin sayının artması mühüm rol oynayacaq.

2016-cı ilin payızında keçirilən seçki kampaniyası zamanı Donald Tramp Çinlə ticarət əlaqələrini sərt tənqid etmiş, ABŞ-ın bu əlaqələrin ağırlığı altında az qala əzildiyini dilə gətirmişdi.

Məlumat üçün deyək ki, 2017-ci ildə ABŞ və Çin arasında ticarət dövriyyəsi 710,4 milyard dollar olub. ABŞ-dan ixracat 187,5, ABŞ-a idxal isə 522,9 milyard dollara çatıb. ABŞ-ın Çinlə ticarət kəsiri 335,4 milyard dollara yüksəlib. Üstəlik, son 10 ildə iki ölkə arasında ticarət kəsiri Çinin xeyrinə böyüməyə davam edib.

ABŞ və Çin hazırda dünya arenasında hökmran mövqedədirlər. Və qlobal ÜDM-in demək olar ki, 40 faizinə nəzarət edirlər. 2017-ci ildə ABŞ-ın dünya ÜDM-dəki payı 24,4 faiz (19 trilyon dollar), Çinin isə 15,4 faiz (12 trilyon dollar) olmuşdu.

Dünyaya hökmranlıq uğrunda yeni döyüş meydanı

ÇİN ABŞ-I NECƏ GERİDƏ QOYACAQ?

Bir çox iqtisadçılar hesab edir ki, 10-15 ildən sonra Çin ÜDM-in həcminə görə ABŞ-ı ötəcək və dünyanın ən böyük iqtisadiyyatı olacaq.

"Vaşinqtondakı bəzi yüksək rütbəli şəxslər Çini qəddar ideoloji rəqib kimi görürlər. Onların fikrincə, Kommunist Partiyası yalnız vətəndaşları özünə tabe etməyi deyil, həm də avtoritar idarəetmə vasitələrini, xüsusən müşahidə sistemlərini, rabitə və süni intellekt texnologiyalarını bütün dünyaya yaymağa çalışır. Məqsəd də okeanları və dağları keçməklə hərbi plasdarmlar qurmaqdır", - "The New York Times" yazır.

Asiyada ticarətin artıq iki supergücün dünyaya hökmranlıq uğrunda mübarizə etdiyi yeganə döyüş meydanı olmadığına inanırlar. "Huawei" və digər Çin texnologiya şirkətləri ilə bağlı son qalmaqallı hadisələr Çin-ABŞ ticarət qarşıdurmasının tez bir zamanda digər sahələrə sıçradığını göstərir.

"Əslində, ABŞ-la Çin arasındakı gərginliyin texnologiyaya görə daha da artması təəccüblü deyil. Ticarət savaşı qlobal liderlik üçün mübarizə aparan iki aparıcı güc arasındakı texnologiya və innovasiya savaşının maskalanmış formasıdır", - deyə tanınmış iqtisadçı Eydan Yao "South China Morning Post" nəşrində yazıb.

İqtisadçı demək istəyir ki, ticarət savaşı bu amansız rəqabətin görünən, texnosavaş isə görünməyən və daha dərin tərəfidir.

Dünyaya hökmranlıq uğrunda yeni döyüş meydanı

TEXNOSAVAŞ DAHA ŞİDDƏTLİ OLACAQ

Mütəxəssis onu da xatırladır ki, ABŞ ticarət savaşına Çinin yüksək texnologiyalı sənaye sahələri ilə bağlı araşdırması əsasında başlayıb. AXA Investment Managers tərəfindən aparılan araşdırmanın nəticəsinə görə, ABŞ-ın cəza tarifləri ilə əhatə olunan 250 milyard dolların yarısından çoxunda bəzi yüksək texnoloji istehsal elementləri var.

"Bu səbəbdən də "ticarət müharibəsi" mahiyyətcə texnoloji müharibədir. Bu sahədə liderlik ABŞ-ın qlobal üstünlüyü üçün ən vacib olanıdır. Ticarət savaşı isə yalnız Çinin qarşısını almaq və ABŞ-ın qarşıdakı onilliklər boyu texnoloji üstünlüyünü təmin etmək üçün bir vasitədir", - deyə E.Yao bildirir.

Mütəxəssis hesab edir ki, iki supergücün texnologiya liderliyi uğrunda apardığı mübarizə ticarət münaqişəsindən daha şiddətli, daha miqyaslı və daha uzun ola bilər.

Texnologiya savaşı dünyanın tanınmış nəşrlərindən olan "Bloomberg"in də diqqətindən yayınmayıb. Nəşrdə bir müddət əvvəl "Texnoloji soyuq savaşı kim udacaq - ABŞ, yoxsa Çin?" başlıqlı məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, ABŞ və Çin arasındakı "ticarət savaşı" əslində texnoloji mükəmməllik, nəhəng ticari və milli təhlükəsizlik üstünlükləri uğrunda bir döyüşdür: "Süni intellekti, robototexnikanı yada salaq. Çinin bu sahələrə hakim olmaq planı Tramp administrasiyasına təsir etdi. Bu məsələ Çində fəaliyyət göstərən Amerika şirkətlərinin illərdir texnologiyaların məcburi köçürülməsi və intellektual mülkiyyətin oğurlanması ilə bağlı şikayətindən sonra gündəm oldu".

Dünyaya hökmranlıq uğrunda yeni döyüş meydanı

"HUAWEI" SOYUQ SAVAŞA NECƏ TƏKAN VERDİ?

"Bloomberg" yazır ki, ABŞ "Huawei" qara siyahıya salandan sonra “texniki soyuq müharibə”nin əsasları formalaşdı. Onlar dünyanın ən böyük iki iqtisadiyyatının texnoloji potensialını müqayisə etməyə qərar verdilər. Bunlardan birincisi, texnoloji şirkətlərin kapitallaşdırılmasıdır. Kapitallaşmanın ölçüsü yalnız bazarın bu şirkətləri necə qiymətləndirməsinin göstəricisi deyil. Bu, həm də satınalmalar, istedadlı kadrların işə götürülməsi, kapital cəlb etmək və yeni texnologiyalara sərmayə qoymaq üçün bu şirkətlərə nə qədər maliyyə qaynağı lazım olduğu ilə bağlı fikir formalaşdırır.

İkinci yerdə simsiz internet istifadəçilərinin sayı ilə bağlı göstərici gəlir. Hazırda Çində mobil istifadəçilərin sayı ABŞ-da olduğundan 4 dəfə çoxdur. Bu isə daxili bazarda Çin biznesinə elektron ticarətdən və mesajlaşmadan tutmuş, oyunlar və rəqəmsal ödənişlərə qədər hər istiqamətdə geniş imkanlar açır.

Üçüncü sırada adambaşına düşən ÜDM nisbətidir. İstehlakçı sayına görə ABŞ Çindən əhəmiyyətli dərəcədə geri qalsa da, ABŞ-da adambaşına düşən ÜDM Çindən 7 qat yüksəkdir.

Bu, ABŞ texnologiya şirkətlərinə daxili bazarda gəlir əldə etmək baxımından böyük üstünlük verir. Şirkətlər də bu üstünlüyü yeni məhsullar hazırlamaq və ya sadəcə qazanc üçün istifadə edirlər.

ABŞ vençur kapitalı biznesini icad edərək dünyanın ən nüfuzlu texnologiya şirkətlərini yaratmaq üçün özəl kapital modelindən istifadə etdi. Birləşmiş Ştatlar yenə də üstünlüyü qoruyub saxlayır, lakin Çin fərqi xeyli azaldıb.

Dünyaya hökmranlıq uğrunda yeni döyüş meydanı

TEXNOLOJİ YARIŞ: KİM ÖNDƏDİR?

Yarımkeçiricilər texnoloji inqilabda çox böyük rol oynayır. ABŞ şirkətləri bu gün əqli mülkiyyətin çox hissəsinə nəzarət etmək və çinli rəqiblərinin məhsuldarlığını azaltmaq üstünlüyünə malikdirlər.

Eyni zamanda, dünyada 5G dövrü başlayır və son 20 ildə Amerikanın rabitə avadanlıqları istehsalçıları öz mövqelərini itiriblər. Sənayedə üç xarici təchizatçı üstünlük təşkil edir ki, bunların da arasında "Huawei" ən güclü mövqelərə sahibdir.

Bu gün dünyada işə istedadlı insanları cəlb etmək haqqında danışanda, sözsüz ki, süni intellekt sahəsində mütəxəssislər nəzərdə tutulur. Bu yarışda Çin hələ ki ABŞ-dan geridə qalır.

Ümumdünya İqtisadi Forumu öz hesabatında göstərib ki, 2016-cı ildə Çində elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə 4,7 milyon yeni məzun olub. ABŞ-da isə bu rəqəm 568 mindir.

Son 20 ildə "Apple" və ABŞ-ın digər aparıcı texnologiya şirkətləri istehsal və montajı Çinə köçürmək baxımından ənənəvi istehsalçıların yolu ilə getdi. Məsələn, "iPhone" istehsalçısı olan "Foxconn Technology Group"un mövsümün qızğın vaxtında 1 milyona yaxın işçisi olur.

ABŞ işçiləri saatbaşına daha məhsuldardır və aerokosmik məhsullar kimi həssas texnologiyalarla işləməyə davam edirlər. Lakin bu üstünlüyə baxmayaraq, Çin istehsal prosesində ABŞ-dan xeyli qabaqdadır...

Dünyaya hökmranlıq uğrunda yeni döyüş meydanı

SÜNİ İNTELLEKT : KİMLƏRİ ZƏNGİN, KİMLƏRİ YOXSUL EDƏCƏK?

Rabitə və nəzarət sistemləri - bütün bunlar texniki tərəqqiyə böyük təsiri olan çox perspektivli texnologiyalardır. Bununla belə, süni intellekt bəşəriyyət üçün əsas və həlledici texnologiyaya çevriləcək.

Mütəxəssislərin fikrincə, süni intellekt getdikcə artan rəqəmsal dünyamızda texnoloji tərəqqinin hərəkətverici qüvvəsi olacaq.

Süni intellekt sahəsində aparılan tədqiqatlarının nəticələrinə görə, ən məhsuldar təşkilatların siyahısına "Google" başçılıq edir. Sonrakı yerlərdə Massaçusets Texnologiya İnstitutu, Stanford Universiteti, Karnegi Mellon Universiteti və Kaliforniya Universiteti gəlir.

Süni intellekt sahəsində ixtisaslaşan tələbələrin sayı hər il bir neçə dəfə artır. Xüsusilə sürətli artım Çində müşahidə olunur.

Dünyada süni intellektə qoyulan sərmayə də sürətlə artır. Məsələn, 2018-ci ildə 27 milyard dollar təşkil edib ki, bunun da 55 faizi ABŞ sərmayəsidir. Dünyanın ən böyük İT şirkətləri hər il süni intellekt sahəsində onlarla "startap" almaq üçün yüz milyonlarla dollar xərcləyir.

PwC-nin "Süni intellekt: faydalara diqqət yetirin" tədqiqatına görə, süni intellektin fəal istifadəsi səbəbindən 2030-cu ildə qlobal ÜDM 14 faiz yüksələcək və ya 15,7 trilyon dollar artacaq.

Süni intellektdən ən böyük iqtisadi faydanı Çin (2030-cu ildə ÜDM-in 26 faiz artımı) və Şimali Amerika ölkələri (14.5 faiz) əldə edəcək.

Lakin süni intellektin zərərləri də olacaq. Xüsusən də bu sahədə gedən savaşı uduzanlar üçün böyük risklər var. Bunlar da ehtimal ki, ABŞ və Çindən başqa bütün ölkələrdir...

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm