"Duty Free": gəmidən başlayan nəhəng biznes necə quruldu?
10.12.2019 08:43 Fikirlər

"Duty Free": gəmidən başlayan nəhəng biznes necə quruldu?

O, dünyaca məşhur mağazalar şəbəkəsi "Duty Free"nin qurucusudur. Dünyanın ən varlı adamlarından biri olsa da, şəxsi avtomobili belə, yoxdur. Metrodan və taksidən istifadə edir, ekonom-klasda uçur, sənədləri bahalı dəri portfeldə deyil, adi plastik torbada daşıyır. Qolunda həmişə ucuz "Casio" saatı olur. Dediyinə görə, bu saat vaxtı lüks "Rolex" kimi göstərirsə, bahalısını almağa ehtiyac yoxdur...

Son 40 ildə xeyriyyəçiliyə 8 milyard dollardan çox vəsait ayırmasaydı, bəlkə də hamı onu hər qəpiyinin üstündə əsən biri kimi tanıyardı. 88 yaşlı Çak Fini qazancının böyük hissəsini xeyriyyəyə ayırır. Onun pulları dünyanın bir çox nöqtəsində elm, təhsil və səhiyyə, eyni zamanda bu səpkili layihələrə xərclənir.

Duty Free

NÜMUNƏVİ XEYRİYYƏÇİ

Fini üçün təkcə pul yox, şöhrət də maraqlı deyil. Milyardlarını paylayarkən özü həmişə arxa planda qalmağa çalışır. Xeyriyyəçilik fəaliyyətinin ilk 15 ilində bütün bu işlərin arxasında kimin durduğunu heç kim bilmirdi. Nəhayət illər sonra kimliyi üzə çıxanda təvazökarlığından bir an belə, geri qalmadı.

Çak Fini bu biznesinə lap aşağılardan başlayıb. Lakin cəmi bir neçə ilə 30-a yaxın ölkədə fəaliyyət göstərən şirkət qurmağa müvəffəq olub. Sürətlə artan gəlirlərinin böyük hissəsini öz xeyriyyə fondu "The Atlantic Philanthropies"ə yönəldib.

"Mən əmin oldum ki, verdiyin pulun sayəsində nəsə qurulursa, bu, insana daha böyük həzz verir. Pulu bir bank hesabında saxlamaqdan və yığmaqdansa, yaxşı işlərə sərmayə qoymaq daha məntiqlidir".

Fini 1931-ci ildə immiqrant (İrlandiya əsillidir) ailəsində anadan olub. Ailəsi ABŞ-ın Nyu-Cersi ştatında, İrlandiya-Amerika bölgəsi kimi tanınan Elizabet şəhərində yaşayıb. Atası sığorta agenti, anası "Qırmızı Xaç"da tibb bacısı olub.

Çak uşaqlıqdan zəhmətə alışmışdı və bir çox işlərdə valideynlərinə kömək edirdi. Qonşuların həyətini qardan təmizləyir, kiçik qulluqlarını yerinə yetirir, Milad açıqcaları satırdı.

Gələcək milyarder Koreya müharibəsi zamanı ABŞ kəşfiyyatında xidmət edir. Geri qayıtdıqdan sonra dövlətin veteranlar üçün təhsil proqramından yararlanaraq otel administrasiyası üzrə Cornel məktəbində oxumağa başlayır. Bu müddət ərzində durmadan böyük pullar qazanmağın yollarını axtarırdı.

Duty Free

"SENDVİÇ ADAM"DAN MİLYARDERƏ...

Sendviç satan bir oğlanla qarşılaşması Fininin həyatında dönüş nöqtəsi olur. Sendviç alandan sonra o, oğlana satıcı işləmək istədiyini deyir. İşə başlayandan az sonra satdığı sendviçlər bütün kollecdə məşhurlaşır. Artıq Finini hər yerdə "Sendviç adam" deyə çağırmağa başlayırlar.

1956-cı ildə təhsilini davam etdirmək üçün Fransaya gedir. Onun ən böyük arzusu kiminsə rəhbərliyi altında işləmək yox, öz biznesini qurmaq idi.

Həmin illər Aralıq dənizi sahillərində göyərtəsində 30 min dəniziçi olan 50 Amerika gəmisi dayanırdı. Onların hamısının vergisiz alkoqol almaq hüququ var idi. Elə bu, Fininin biznes planı olur. Onun hesablamalarına görə bu işdən mənfəət 100 faizi ötürdü.

Beləliklə, 1960-cı ildə Cornel Məktəbindəki dostu Robert Miller ilə birlikdə "DFS-Duty Free Shoppers Group" şirkətini qurur. Sonra sahibkarlar hədəf kütlələrini və çeşidlərini genişləndirdilər. Alkoqoldan əlavə ətirlər satmağa başlayırlar və bütün bunları təkcə dənizçilərə deyil, turistlərə də təklif edirlər.

Tədricən alıcılardan yeni təkliflər gəlməyə başlayır. Məsələn, onlar maşın da almaq istəyirlər. Fini dərhal avtomobil biznesinə başlayır. Lakin baş mühasib üzə çıxarır ki, öhdəliklər aktivləri 1,5 milyon dollar üstələyib. Və bütün vergiləri ödədikdən sonra bu biznes heç bir gəlir gətirmir.

Amerikalı sahibkarların iki yolu olur: müəssisəni bağlamaq və ya qanun çərçivəsində fəaliyyəti davam etdirmək. İşi dayandırmağa qərar verirlər. Bu, Fininin bioqrafiyasındakı ilk uğursuzluq olur. Lakin bu, uzun çəkmir.

ABŞ hökuməti hava limanlarında rüsumsuz ticarət həyata keçirən mağazalar üçün hərrac təklif etməyə başlayır. Dostu Finiyə Havaydakı Honolulu Hava Limanı ilə bağlı hərracda iştirak edə biləcəyini deyir. Nəticədə, dostlar beş il ərzində hava limanında ticarət aparmaq hüququ qazanırlar. Və 125 min dollarlıq sərmayə qoyurlar.

Duty Free

YAPONLAR ŞANS GƏTİRDİ

Kiçik biznes tədricən, lakin uğurla inkişaf edir. Həmin ərəfədə Yaponiyada iqtisadi bum başlayır. 1964-cü ildə Tokioda Olimpiya Oyunları keçirilir. Hökumət İkinci Dünya müharibəsindən sonra iqtisadiyyatı bərpa etmək üçün qoyduğu qadağanı - vətəndaşların xarici səyahətlərinə tətbiq olunan bütün məhdudiyyətləri ləğv edir. Yaponlara xaricə səyahət etmək hüququ verilir. Havay isə onlar üçün ən arzuolunan istiqamət olur.

Koreya savaşı zamanı yapon dilini və bu xalqın adətlərini müəyyən qədər öyrənən Fini nə baş verdiyini tez başa düşür. Ticarət üçün gənc yapon qadınları işə götürür və dükanlarının rəflərini siqaret, alkoqol və dəri çantalarla doldurur. Suvenirləri sevən yaponlar həmkarları və dostları üçün həvəslə hədiyyələr almağa başlayırlar. Məsələn, o vaxt Yaponiyada bir şüşə viski 35 dollara idisə, DFS mağazasında cəmi 7 dollar olurdu. Bu mağazalardan siqaretləri Yaponiyayla müqayisədə 10 faiz ucuz almaq olurdu.

Çak Fini müasir səyahət sənayesində hələ də fəal istifadə olunan üsula əl atır. Və ona turist gətirən bələdçilərə pul verir. Onlar da turistləri hələ otelə və başqa bir mağazaya getmədən Fininin yanına gətirirlər. Tezliklə bu iş ildə 10 milyon dollara yaxın gəlir gətirməyə başlayır.

Yapon turistlərə daha çox köklənən Fini özünə bir məsləhətçi tutur. O da Yaponiyanın daha hansı şəhərlərinin məşhurlaşacağını proqnozlaşdırmağa başlayır. Fini Ankoric, San-Francisco və Quam hava limanlarında da mağazalar açır.

Məsləhətçi Yaponiyanın yaxınlığında yerləşən kiçik tropik Saypan adasının da uğurlu seçim olacağını bildirir. Məlum olur ki, adada hava limanı yoxdur. Və 1976-cı ildə DFS onun inşası üçün 5 milyon dollar ayırır.

Sonrakı on ildə Fini otellərə, pərakəndə satış mağazalarına, geyim şirkətlərinə qoyduğu sərmayədən təqribən 334 milyon dollar qazanır. Daha sonra texnoloji startaplara sərmayə yatırmağa başlayır.

BAZARIN ƏN BÖYÜK OYUNÇUSU

DFS bütün dünyada mağazalar açaraq bazarın ən böyük oyunçusuna çevrilir. İşçilərin sayı beş mindən çox olan şirkətin illik gəlirləri 3 milyard dolları ötür. Ən maraqlısı isə bu pulların vergiyə cəlb olunmaması olur.

Zirvəyə yüksələn Fini başa düşür ki, sərvətin də yan təsirləri var. Artıq ailəsinin nələr üçünsə çalışmağa, səy göstərməyə ehtiyacı yox idi. Uşaqları üçün hər şey cansıxıcı görünürdü. Məhz bundan sonra Çak Finini ağlına yeni bir ideya gəlir - pulu başqa insanlara vermək. Və beləliklə, 1982-ci ildə "The Atlantic Philanthropies" xeyriyyə fondu təsis olunur.

Milyarder ailəsinin hər bir üzvü üçün pul ayırır və sərvətinin yerdə qalanını fonda köçürür. 1984-cü ildə DFS-dəki payını (38.75 faiz) da fonda bağışlayır.

Duty Free

"The Atlantic Philanthropies" fondu beş istiqamətdə fəaliyyət göstərir: yaşlılara, uşaqlara və gənclərə, əhalinin sağlamlığına, insan haqlarına yardım, həmçinin xeyriyyə fondlarının qurulmasına dəstək. Təşkilat ABŞ, Vyetnam, Avstraliya, Cənubi Afrika və digər ölkələrin proqramlarına fəal şəkildə sərmayə qoyur. Bununla yanaşı, həm inkişaf etmiş ölkələrdə təhsil almaq üçün, həm də kasıb ölkələrdə uşaqlara yardım etmək, xüsusi ailələrin həyatını yaxşılaşdırmaq üçün vəsait ayırır.

Fond yarandığı gündən Fini ana vətəni İrlandiyaya xüsusi diqqət ayırıb. Müxtəlif təşkilatlara kömək məqsədilə ora 1 milyard dollardan çox pul göndərib.

Onun yeganə şərti tam anonimliyin qorunması idi. Kimə kömək edəcəyini və nəyə dəstək verəcəyini biznesmen həmişə özü seçirdi. Üstəlik, pul köçürdüyü insanlara və yerlərə baş çəkərək yardımın ünvana çatıb-çatmadığına şəxsən əmin olurdu.

Xeyriyyəçiliklə yanaşı, Fini fondun adından "Facebook", "Alibaba", "Legend", "Priceline" kimi şirkətlərə də sərmayə qoymuşdu.

1990-cı illərdə Fini Körfəz müharibəsi səbəbiylə DFS şirkətini satmağı düşünür. Çünki savaş gəlirlərin xeyli azalmasına səbəb olmuşdu. İqtisadiyyat bərpa olunduqdan sonra belə, sahibkar üç tərəfdaşını alıcı tapmağın vacibliyinə inandırmağa başlayır. İki il ərzində mübahisələr və danışıqlar davam edir və nəticədə şirkətin yalnız üç sahibi (Miller istisna olmaqla) vahid mövqedən çıxış edir.

"PULUNU BÖLÜŞMƏK ÜÇÜN ÖLÜMÜNÜ GÖZLƏMƏ"

Şirkətdəki fikir ayrılıqları işi məhkəməyə daşıyır, bu da məlumatların mediaya sızmasına səbəb olur. Fini üçün bu, anonimliyin itirilməsi demək idi. Sonra iş adamı hadisələri qabaqlamağa qərar verir və 1997-ci ilin yanvarında " New York Times" qəzetində "O, 600 milyon dollar verib, heç kim bu barədə bilmirdi" sərlövhəli məqalə dərc olunur.

Fini anonimliyini itirdikdən sonra "Hələ ki yaşayırsan, ver!" fəlsəfəsini yaymağa qərar verir. Uzun illər müsahibələr vermir və iştirak etdiyi layihələrlə gündəmə gəlməməyə çalışır. Ancaq son on ildə xeyriyyəçi fikrini dəyişdi və "danışmağa" başladı.

80 yaşı tamam olanda Fini sərvətindən özü üçün cəmi 2 milyon dollar saxladı. Bu, onun xeyriyyə üçün bağışladığı 8 milyard dolların onda birindən daha az idi. Ailəsinə - keçmiş həyat yoldaşı və 5 övladına isə sərvətdən cəmi 140 milyon dollar pay düşdü.

Fini zəngin insanlara müraciət edərək onları pullarını bölüşmək üçün qocalığı və ya ölümü gözləməməyə çağırır: “Vermək istəyirsənsə, bunu indi et. Bu, öləndən sonra etməkdən daha əyləncəlidir...".

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm