DYP-dən jalüz və plyonka istifadəsi ilə bağlı açıqlama: "Sürücülər cərimələnmir"
16.11.2019 07:40 Gündəm

DYP-dən jalüz və plyonka istifadəsi ilə bağlı açıqlama: "Sürücülər cərimələnmir"

"Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsindədir".

Mediapost.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Dövlət qurumunun məsul şəxsi bildirib ki, qanunvericiliyin dəyişikliklər ərəfəsində olmasından dolayı sürücülər haqda hər hansı tədbir görülmür: "İdarə rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barəsində hazırda inzibati tənbeh görülmür".

Xatırladaq ki, avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm