Ədalət Şükürov, hər şey sizin “gördüyünüz” kimi deyil - REPLİKA
30.01.2020 14:37 Fikirlər

Ədalət Şükürov, hər şey sizin “gördüyünüz” kimi deyil - REPLİKA

Əvvəlcə ondan başlayaq ki, çox hörmətli Ədalət Şükürov qanun-qaydalara əməl etməkdən danışır, maaifləndirmədən söhbət açır. Amma özü hərəkətləri ilə insanlara çox pis örnək olur: Sükan arxasında təhlükəsizlik kəməri taxmadan avtomobil idarə edir. Eyni zamanda mobil telefonla çəkiliş aparır.

Bütün bunlar hörmətli əməkdar artistə görə deyəsən qayda pozuntusu deyil. Bu belə...

Keçək BNA-nın fəaliyyətinə. Ədalət Şükürovun da qeyd etdiyi kimi, BNA əməkdaşları avtomobil ilə şəhərdə gəzir və qayda pozanları cərimə edirlər. Müğənni qeyd edir ki, yol polisi ərazidə olur, amma BNA yoxdur. Diqqətlə baxsanız BNA əməkdaşları da, yol polisi də ərazidə xidmət aparır. Özü də koordinasiya olunmuş şəkildə.

Müğənninin diqqətinə çatdırmaq istərdik ki, artıq uzun müddətdir bu iki qurum məhz yuxarıda dediyim kimi, yəni koordinasiyalı şəkildə, birgə fəaliyyət göstərirlər. Çünki BNA əməkdaşları mülki şəxslərdir. “20 yanvar” ərazisində isə dəfələrlə BNA əməkdaşları avara, narotik maddə aludəçisi və s. bu kimi insaların hücumlarına məruz qalıb.

Maaifləndirməyə gəldikdə, bu, çox ağır məsələdir. Bircə faktı qeyd etmək kifayət edəcək ki, məsələni daha dərindən başa düşəsiniz. Bir müddətdir ki, qeyd edilən ərazidə yol polisi və BNA birgə tədbirlər keçirir. Onlar taksi sürücülərini yolun hərəkət hissəsindən uzaqlaşdıraraq intensivliyi bərpa etməyə çalışırlar. Bütün bunların fonunda bəzi taksi sürücüləri narazılıq edirlər. Yol polisi və BNA əməkdaşları ərazidən uzaqlaşan kimi yenidən ikinci sıranı, avtobus dayanacaqlarını zəbt edirlər. Təbii ki, bu proses bu cür davam edə bilməz. Amma təəssüflər olsun ki, qaydaları pozan da elə bizlərik. Necə ki, hörmətli Ədalət bəy, Siz kəmər taxmamaqla, mobil telefondan istifadə etməklə qayda pozmağı adi hal kimi qəbul edirsiniz, həmin taksi sürücüləri də ikinci sırada dayanmağı bu cür başa düşürlər. Odur ki, özünüzdən özünüzə şikayət etməyin.

Orxan Əli, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm