"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbçiləri istənilən hədəfi nişan alacaqlar" - ŞƏRH
21.09.2020 15:23 Qarabağ Azərbaycandır

"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbçiləri istənilən hədəfi nişan alacaqlar" - ŞƏRH

Son ay Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində gərginliyin eskalasiyası ilə xarakterizə edilir. Düşmən tərəfi ordumuza və dinc əhaliyə qarşı təxribat xarakterli addımlar atmaqda davam edir. 

Bununla bağlı "MediaPost"a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, biz açıq-aşkar şahidiyik ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bir qədər pauza verdi:

"Onun daxildəki problemlərə başı qarışmışdı. Daha sonra ələlxüsus, 2020-ci il başlar-başlamaz Azərbaycana qarşı Ermənistan aşkar şəkildə aqressiya nümayiş etdirməyə başladı. Təbii ki, bunun təkcə səbəbi Ermənistanın özündə deyil, həm də ölkəmizə qarşı Ermənistanın havadarlarından gələn aqressiya ilə bağlıdır. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan bir sıra geosiyasi çağırışlarla üz-üzədir. Tovuz hadisələri başlayan kimi kimlər Ermənistanın yanında oldu. Biz son zamanlar Qarabağ və ətraf rayonlara kifayət qədər ciddi şəkildə PKK terrorçularının ayaq basmalarının şahidi oluruq. Bununla bağlı artıq məlumatlar da çıxıb. Qeyd edilir ki, həmin terrorçular təyyarələrdən başqa İran vasitəsi ilə də Qarabağ ərazisinə daxil olur. Həmin terrorçularının hansı geosiyasi ölkələrin himayəsi altında olması ilə bağlı da bizdə məlumatlar var".

Politoloq əlavə edib ki, Ermənistan dünən yenidən ölkəmizə qarşı təxribat törədib:

"Şəmkir istiqamətdə aşkarlanan PUA məhv edildi. Bununla bağlı Azərbaycan tərəfi daha ətraflı məlumat verəcək. Lakin fakt bundan ibarətdir ki, bu gün müharibə davam edir. Və bu müharibə təkcə dövlət sərhədində, cəbhə bölgəsində deyil. Onlar bizim yalnız torpaqlarımıza iddia etmir. Düşmən bizim mətbəximiz, incəsənətimiz, tariximizə sahib olmaq istəyir. Yəni qarşımızda o xalqdır ki, heç zaman Cənubi Qafqazda yaşamayıb, heç erməni adına, Artsax sözünə aidiyyatı da yoxdur.  Bu ad ingilis və rus tarixçiləri tərəfindən qondarma olaraq dünyaya gətirilib. Təbii ki, düşmən və onun havadarları bilsin ki, Azərbaycan yetəri qədər hərbi gücə sahibdir. Ölkəmiz dünənə qədər hərbi balansı qoruyurdusa, artıq Tovuz hadisələrindən sonra Azərbaycan-Türkiyə arasında yaxınlaşma onu göstərir ki, əgər cəbhədə hadisələr öz cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbçiləri birgə istənilən hədəfi nişan alacaqlar".

Məleykə Ağasoy

Gündəm