“Əgər şirkət məhsulun üzərində təbii olduğunu qeyd edirsə, buna görə cavabdehlik daşıyır” - AÇIQLAMA
Mütəxəssislər əksər Avropa ölkələrində mineral sulardan hər gün süfrədə istifadə edildiyini və bunun orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, mineral suların tərkibində olan minerallar orqanizm üçün faydalı hesab edilir. İlk dəfə mineral suların ixracı Karlovı Varı mineral sularının şüşələrə doldurularaq müxtəlif ölkələrə satışı ilə başlyıb. Həmin şəhərin mineral suyunun böyrəklər üçün nə qədər faydalı olduğunu isə bütün dünya tanıyır.
Bəs bizim içdiyimiz mineral sular nə qədər təbiidir?
Qida məsələləri üzrə mütəxəssis İsa Əliyev mövzu ilə bağlı MediaPost-a açıqlamasında vurğulayıb ki, dadına baxmaqla mineral suyun təbiiliyini anlamaq mümkün deyil:
“Mineral suların təbiiliyini yalnız laboratoriya analizləri ilə müəyyən etmək olar. Mineral, müalicəvi, qazlaşdırılmış və ya qazlaşdırılmamış süfrə suları tərkib göstəricilərinə, mineralların faiz miqdarına görə bir-birindən fərqlənir. Dadına baxmaqla onun təbiiliyini anlamaq mümkün deyil. Çünki, mineral duzların miqdarı o qədər kiçikdir ki, onları ancaq xromotoqrafik analizlər vasitəsilə müəyyən etmək mümkündür. Suların tərkibindəki mineral duzların, maddələrin miqdarı əsas amildir. Çünki, bu sular minerallarına görə dəyərləndirilir. Əgər şirkət məhsulun üzərinə təbii olduğunu qeyd edirsə, buna görə cavabdehlik daşıyır. Elə sular var ki, onlar öncədən təsdiqlənmiş texnoloji sxemlərə uyğun olaraq qablaşdırılır”.