Əhali sorğudan niyə qaçır?
12.02.2020 09:11 Fikirlər

Əhali sorğudan niyə qaçır?

Sorğu keçirmək jurnalist peşəsində ən tələb olunan işlərdən biridir. Müəyyən mövzunu araşdırarkən bir çox halda əhalinin fikrini almaq, yəni küçədə müxtəlif insanlara yaxınlaşmaq lazım gəlir. Qələm sahiblərinin qarşılaşdığı ən problemli məsələlərdən biri də əhalinin sorğudan yayınmasıdır. Düşünürəm, bunun bir neçə səbəbi var.

İlk səbəb zənnimcə, insanlar arasında jurnalist və ya sadəcə həvəskar bloqçu anlayışlarının eyniləşməsidir, özü də indiki halda əsl qələm sahiblərinin peşəkar və ya qeyrisindən söhbət getdiyinin önəmi yoxdur. Çünki istənilən jurnalist ən azından peşə davranışı və etik qaydalardan xəbərdardır, nə dərəcədə bunlara riayət edib-etməməsindən asılı olmayaraq. Xidmətə yararsız olub özünə “döyüşçü” adı verərək meydana atılan “əsgər”lər həm özlərini çətin vəziyyətdə qoyur, həm də digərlərini. Bu qəbildən olan şəxslərin artması isə əhalidə ikrah hissi oyadır, inamsızlıq yaradır.

Kamera qarşısında kompleks, özünü düzgün ifadə edə bilmək problemi, ən əsası da fikirlərinin təhrif olunacağından çəkinmək və digər oxşar səbəblərə görə də insanların bir qismi sorğuda iştirak etməkdən imtina edir. Psixoloji faktorların fərd üçün identikliyini nəzərə alsaq, kompleksli olan respondentləri başa düşmək olar. Belə olan halda problemi həll etmək bir çox halda müxbir peşəkarlığının səviyyəsinə görə dəyişə bilər. Ən acınacaqlı məqam isə jurnalistin və ya sadəcə özünü jurnalist adlandıran şəxsin əl atdığı ucuz yolla “ərsəyə gətirdiyi” məhsuldur.

Əhali sorğudan niyə qaçır?

Təsəvvür edin, müsahibə verirsiniz və yayımlandıqdan sonra fikirləriniz təhrif olunur və tamam başqa mənada auditoriyaya təqdim olunur.

Həmin təhrif olunmuş məhsulu tirajlayan səhifələr sizi və deyiləni gülüş obyektinə çevirir. Hələ üstəlik ad da düşünülüb, “trollamaq”. Kimisi “trollayaraq” izləyici sayı artırır, pul qazanır, kimisi isə psixoloji narahatlıq keçirir...

Etiraf edək ki, heç birimiz gülüş obyektinə çevrilmək istəmərik. Elə ona görə də birinci özümüzü düzəltməliyik, qeyri-peşəkar jurnalistikanın məhv olması və ya heç olmasa ayırd edilməsi üçün.

Jurnalist olmaq şərəfli, məsuliyyətli və çətin işdir. Sözügedən şəxslərin oxucu, izləyici qazanmaq üçün mətbuatın “sarı rəngi”ni seçməsi bir çox halda bütün mətbuatı “qaraya” bürüyür.

Oxucunu cəlb etməkçün müxtəlif yollar var, amma fikirlərin müxtəlif yollarla təhrif olunması bütün hallarda yolverilməzdir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm