“Əhalini incidən hər hansı məmura qarşı güzəştli davranış olmayacaq” - Fazil Mustafa
20.12.2019 12:33 Fikirlər

“Əhalini incidən hər hansı məmura qarşı güzəştli davranış olmayacaq” - Fazil Mustafa

Bunu Mediapost.az-a açıqlamasında korrupsiya qalmaqalı ilə bağlı gündəm olan həbslərə münasibət bildirərkən deputat Fazil Mustafa deyib.

O bildirib ki, prezidentin növbəti prinsipial kursunda bilinirdi ki, artıq hər hansı bir şəkildə korrupsiyaya qarışan, dövlət başçısının etibarını doğrultmayan insanlara qarşı bu cür ciddi addımlar atılacaq:

“Yaşanan hadisə dövlət başçısının kursuna nə qədər dəqiq əməl olunmasının bariz nümunəsidir. Bu da onu göstərdi ki, prezident heç kimə güzəştə getmək fikrində deyil. Hüquq mühafizə orqanları da bu istiqamətdə artıq fəaliyyətini gücləndiriblər. Konkret olaraq əhalini incidən hər hansı məmura qarşı güzəştli davranış olmayacaq. Hər iki icra başçısının həbsi bunun nümunəsidir”.

“Əhalini incidən hər hansı məmura qarşı güzəştli davranış olmayacaq” - Fazil Mustafa

Fazil Mustafa onu da əlavə edib ki, bu cür əməllərə yol verən hər kəs qanun qarşısında cavab verəcək:

“Sözügedən məsələ illərlə müzakirə olunmalıdır və bu insanlar da anlamalıdırlar ki, indiyədək kimsə hansısa bir oxşar problemlər yaradıbsa, qanunsuz yolla sərvət əldə edibsə və əhalini də incitmək yolunu tutubsa, bu vasitə ilə vəsait qazanırsa, onlara qarşı da addımlar atılmalıdır. İndiyə qədər bunun aydın olmamasının da səbəbləri araşdırılmalıdır . Yəni vaxtından buna əlac edilməlidir ki, məsələlər bu qədər şişib böyüməsin. İnsanlar üçün narahatlıq yaranmasın”.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Xəbərlər departamenti

Gündəm