Ekspert: "Dəmir yolu metronun yükünü azalda bilər" - RƏY
18.12.2019 14:10 İqtisadiyyat

Ekspert: "Dəmir yolu metronun yükünü azalda bilər" - RƏY

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında ötən gün keçirdiyi mətbuat konfransında Abşeron dairəvi dəmir yolu xəttinin açılışının gələn ilin fevral ayında nəzərdə tutulduğunu bildirib.

Bu yolun açılışı sərnişin daşınmasında hansı keyfiyyət dəyişiklikləri yaradacaq?

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bununla bağlı "Finans.az"a bildirib ki, Abşeron dairəvi dəmir yolunda ənənəvi şəhərətrafı elektrik qatarı sistemi deyil, daha çox metro xüsusiyyətlərini ehtiva edən sistem yaradılsa, bu, şəhərətrafı sərnişin daşınmasında çox radikal keyfiyyət dəyişikliklərinə gətirib çıxara bilər.

"Bu gün hərəkət üzrə bəzi çatışmazlı yarandığından hərəkət intervalının arzuedilən mütəmadiliyi təmin oluna bilmir. Yəni əgər günün pik vaxtından əvvəl nisbətən qısa hərəkət intervalı təmin olunursa, sonra qatarların ardı gəlmədiyi üçün interval uzadılır. Son məlumata görə, bu ilin fevralında Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xətti istifadəyə verilməlidir və Pirşağı-Sumqayıt arasında da qatarların hərəkəti başlayacaq. İndi məsafə 42 kilometr təşkil edirsə, dairəvi xətt açılandan sonra, təxminən, 92 kilometr olacaq və qatarlar dairəvi şəkildə hərəkət edəcək. Yeni qatarların alınması tədricən hərəkət intervalının azalmasını və sabitliyini təmin edəcək. “Azərbaycan Dəmir Yolları” QSC bu yaxınlarda Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində istifadəyə vermək üçün 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alaraq ölkəyə gətirib. Yəqin ki, bundan sonra qatarların intervalını pik saatlarda 15-20 dəqiqəyə çatdırmaq mümkün olacaq. Düşünürəm ki, daha iki qatar istifadəyə verilsə, hərəkət intervalı 10-15 dəqiqəyə düşəcək. İntervalın azalması ilə hərəkət intensivliyi artacaq. Bunun nəticəsində daha çox sərnişin daşınaracaq və həmin istiqamətdə müşahidə olunan sərnişin sıxlığı aradan qaldırılacaq", - ekspert diqqətə çatdırıb.

Onun sözlərinə görə, hərəkətin intensivliyi və intervalın azalması mühüm olsa da, yeganə məsələ deyil: "Belə ki, dəmir yolu stansiyalarının bir neçəsi faktiki olaraq lokal nəqliyyat qovşaqlarına çevrilməlidir. Dəmir yolu stansiyalarının əhatəsində olan ərazilərdən piyada, avtobusla və ya avtomobillə həmin stansiyalara rahat gəlmək mümkün olmalıdır. Bu isə təkcə dəmir yolu məsələsi deyil. Bunun üçün bütün nəqliyyat sistemi inteqrasiyalı şəkildə işləməlidir".

"Dəmir yolu nəqliyyatında istifadəçilərin sayının çox kəskin şəkildə artıracaq addımlardan biri isə Bakı-Biləcəri-Xırdalan-Sumqayıt xəttində "Dərnəgül" metrostansiyasının yaxınlığında dayanacaq məntəqənin yaradılması ola bilər. Orada çox funksional və rahat nəqliyyat qovşağı qurula bilər. Bu sərnişindaşımada böyük irəliləyiş olacaq. Metronu "Dərnəgül" stasiyasının ərazisi həm də Nəqliyyatın Mübadilə Mərkəzidir, eyni zamanda Binəqədi rayonuna xidmət edən bir neçə avtobus marşrut xəttinin son dayanacağıdır.

Bundan əlavə, burada həm də şəhərin mərkəzinə gedən bir neçə marşrutun başlanğıc nöqtəsidir. Dəmir yolu metronun yükünü azalda bilər. Çünki dəmir yolu ilə şəhərin mərkəzinə (28 May) 8-10 dəqiqəyə çatmaq olar, metro vasitəsilə bu, ən azından 25 dəqiqə vaxt tələb edəcək. Düşünürəm ki, bunun üçün orada bütün imkanlar var. Sadəcə olaraq, iki platforma tikilməli və turniket kimi digər lazımi infrastruktur yaradılmalıdır",- H.Abdullayev vurğulayıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm